Modern.az

Yaşadan Rəşadın şad gününə...

Yaşadan Rəşadın şad gününə...

18 Yanvar 2020, 11:06

2018-ci ilin yanvarında deputat dostlardan birinin ürəyində ciddi problem yarandı. Avtomobildə gedən deputatın halı birdən pisləşir və onu təcili klinikalardan birinə, sonra daha məhşuruna çatdırırlar.

 

Hər ikisində komada olan dostumuzla bağlı tanınmış həkimlərin diaqnozu eyni olur: “Bunu xilas etmək mümkün deyil”.

 

Süni nəfəs aparatına qoşulmuş deputatı vəziyyətdən çıxarmaq üçün son ümid kimi Almaniyadan tanınmış kardioloqlar dəvət olundu. Ancaq, demə bu da çıxış yolu deyilmiş-dostumuzun cəmi bir neçə saat vaxtı qalıbmış, alman həkimlər isə ən tezi iki günə gələ biləcəkdilər, gəldilər də...

 

Onlar gələnə kimi deputat həmkarını xilas etmək risqini professor Rəşad Mahmudov üzərinə götürür. Həyat şansı 1 faizə yaxın olan xəstəni təcili əməliyyat edir. Özü də necə əməliyyat: sonra alman həkimlərin də təəccüblə qarşılayacağı dəqiqliklə, unikal və çox yüksək peşəkarlıqla. Almaniyadan gələn həkimlər əməliyyatın gedişinin videogörüntülərini izlədikdən, epikrizlərlə, digər tibbi sənədlərlə tanış olduqdan sonra heyrətlərini gizlədə bilmədilər: "Yəni doğrudan bu əməliyyat Azərbaycanda olub???”

 

Axşam şam yeməyində bu heyrəti bir az da açıqladılar:

 

"Bu tipli əməliyyaları dünyada bircə nəfər edə bilir, o da Almaniyadadır. Dünyanın hər yerindən- İzraildən, Yaponiyadan, Amerikadan, Avropanın digər ölkələrindən onun növbəsinə yazılırlar, o da il ərzində cəmi 50 əməliyyat edir, qalan yüzlərlə adam çarəsiz qalır. Biz inanmazdıq ki, Avropanın lap ucqarında, Azərbaycanda belə həkim ola bilər”.

 

Ad günü-yanvarın 18-i də daxil olmaqla deputat həmkarının yanında keçirən, ancaq onu həm də əməliyyatdan sonrakı unikal müalicə mərhələləri ilə komadan tam sağlam həyata qaytaran Rəşad Mahmudov bizim milli iftixarımızdır. Dünyanın bütün kardioloqlarının ehtiramla yanaşdığı, hesablaşdığı bu adama ən böyük ölkələrdən, ən yüksək şərtlərlə təkliflər gəlir, heç birini qəbul etmir. Vətənə,xalqa xidməti bütün dəyərlərdən uca, bütün nemətlərdən ali hesab edir. Azərbaycanda 10 minə yaxın ürək əməliyyatı edib - öz ölkəsinin 10 min vətəndaşını sağlam həyata qaytarıb, 10 minə yaxın insanın ürəyinə şəfalı,nurlu əlləri dəyib, onların ailə üzvlərini, qohum-qardaşını saysaq 100 min insana sevinc bağışlayıb, bir o qədər də insanın ürəyinin içindədir.

Allahın sevimli, seçimli bəndələrindəndir professor Rəşad Mahmudov - belə olmasaydı o dünyaya güzarı düşən insanları onun əliylə bu dünyaya qaytarmazdı. Belə olmasaydı, bu qədər intellekti, fəhmi, ağlı, xoş simanı, gözəl nitqi, əxlaqı, bunları əldə etmək üçün zəhmətsevərliyi, müşahidəçiliyi ona verməzdi. Belə olmasaydı, həyat yolunu asan, keşməkeşsiz, sınaqlarsız,dərəsiz, təpəsiz, ətrafını paxıllarsız,bədxahlarsız edərdi. Belə olmasaydı cavan yaşında bu qədər hörmətə, məhəbbətə, rəğbətə, yüksək vəzifələrə, nüfuzlu statuslara sahib olmazdı. Belə olmasaydı...

Yox, bunu bir qədər ətraflı yazım: Ailənin 10-cu uşağı kimi dünyaya gəlib. Onun ana bətnində olduğunu bilən böyük və ikinci bacısı qəti etiraz bildiriblər:”Ay ana, biz Bakıda universitetdə oxuyuruq, birimizin 22, o birinin 20 yaşı var, sənin dünyaya uşaq gətirən vaxtındır? Camaatı bizə güldürmə,tələbə yoldaşlarımız nə deyər, taylarımızın öz uşağı olur, indi deyək ki, bizim anamızın uşağı olacaq, gülməli deyil?” Bir-birinə qoşulub təcili gəliblər rayona, belə söhbətlərlə arvadı yoldan çıxarıblar, aparıblar həkimə ki, uşağı tələf eləsinlər,” biyabırçılıq” bitsin. Həkim də bunu günah sayan qadının etirazlarına baxmayaraq, qızların inadlı sözündən çıxa bilməyib, missiyasını yerinə yetirib.

Ancaq,” sən saydığını say, gör fələk nə sayır”,deyiblər, uca tanrı seçdiyi bəndəsini hər bəladan, xatadan qoruyar. Bir müddətdən sonra məlum olub ki, həkimin cəhdləri və aldığı pullar əbəsmiş, uşaq dünyaya gəlməlidir. Sonralar dəqiq məlum oldu ki, ona görə gəlməliymiş ki, minlərlə insanın taleyini yaxşılığa doğru dəyişə bilsin, ona görə bu hadisə qarşısıalınmaz olub ki, dünyaya qarşısıalınmaz bəlaların çarəsini bilən adam gəlirmiş. 1974-cü ilin yanvarın 18-də gələcək missiyaları ilə birlikdə həmin adam dünyaya gəldi... Rayon adəti ilə ona el-obada, qohum-əqrabada olmayan ad axtardılar - adını Rəşad qoydular. Mahmudov Rəşad. Sonralar o, təkrarsız, heç kəsdə olmayan bacarıqları, istedadı ilə Rəşad Mahmudova çevrildi...

 

Fikrət Şiriyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır