Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davam etdirilir.
Agentlikdən Modern.az-a verilən məlumata görə, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır:
“Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.
Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq”.
AAYDA-dan o da bildirilib ki, növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək:
“Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.
Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub”.