Modern.az

İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar...

İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar...

17 Fevral 2020, 10:02

Bütün zamanlarda yeniliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu mənada son illər Azərbaycanda bütün sahələrdə başladılan islahatlara kölgə salmaq istəyən qüvvələrin olmadığını demək sadəlövhlük olar.

 

Təbii ki, belə qüvvələr fürsət tapdıqca islahatları kölgə altına salmaq istəyirlər. Paralel olaraq islahatlar haqqında cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırlar.Bunun isə bir səbəbi var: Onlar islahatlar içərisində özlərini görə bilmirlər.

Burada bir məqama xüsusi diqqət etmək lazımdır. Bu gün Azərbaycanın inkişafını istəməyən xarici qüvvələrin olduğu danılmazdır. Demək ki, islahatlara qarşı olanlar dolayısıyla Azərbaycanın əleyhinə olan qüvvələrlə həmrəylik nümayiş etdirirlər.

Amma islahatlara başlanıbsa, dəyişikliklər mütləq olacaq. Müşahidələr onu göstərir ki, bütün islahatlar insanların rifahına yönəlib və məhz bu səbəbdən də insanlar bu islahatları ciddi müdafiə edir.

 

İslahatların nəticələrini qarşıdakı illərdə görəcəyik...

 

Növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsinin qalib namizədi, Xalq şairi Sabir Rüstəmxanlı Modern.az-a bildirib ki, islahatlar köklü şəkildə aparılmalı prosesdir və bir qərar, bir fərmanla, bir gündə baş tutan məsələ deyil:

 

Bu tədricən və müəyyən məntiqi ardıcıllıqla, ümumi iqtisadiyyatın qanunauyğunluqları nəzərə alınmaqla aparılmalıdır. Həm də islahat ilk növbədə kadrlarla bağlıdır. Bir çox rayonlarda nümunələr var. Məsələn, rayonda birinci şəxs necədirsə, onun şəxsi keyfiyyətləri rayonun digər kadrlarına da təsir göstərir, ümumi ab-havanı müəyyənləşdirir. Bu cür kadrlar, icra başçıları da var. Son vaxtlar aparılan bir çox kadr dəyişiklikləri, xüsusilə gənclərin nazirliklərdə, İcra Hakimiyyətlərində vəzifə başına gətirilməsi ilk addımlardır. Güman edirəm ki, bu islahatların nəticəsini qarşıdakı illərdə görə biləcəyik. Ona görə də xalq bu prosesləri böyük maraq və ümidlə izləyir”.

 

Hər kəs baxdığı kimi görür...

 

S.Rüstəmxanlı deyib ki, hər kəs hadisələri baxdığı kimi görür:

- Məsələ kimin haradan, necə baxmasından asılıdır. Kim hansı niyyətlə baxırsa, o niyyətlə görür və elə həmin niyyətlə də yazır. Növbədənkənar parlament seçkisində qalib olanlarla, uduzanların mövqeyi üst-üstə düşə, onlar hadisələrə eyni prizmadan baxa bilməzlər. Amma küll halında seçki, rəqabətliliyin çox olması, azad şəkildə təbliğat aparılması ilə diqqət çəkdi. Bunların hamısı irəliyə doğru atılmış addımdır. Amma şübhəsiz ki, pozuntular da var. Bu da daha çox bu işə nəzarət edən kadrların ümumi seçki mədəniyyətilə bağlı məsələlərdir. Yəqin ki harada qanun pozuntusu varsa, Mərkəzi Seçki Komissiyası onları araşdırıb müvafiq qərarlar verəcək.

 

2020-ci ildə islahatlar dərinləşəcək...

 

84 saylı Füzuli seçki dairəsinin lider namizədi, iqtisadçı Vüqar Bayramov Modern.az-a danışarkən, ümumilikdə ölkədə aparılan islahatların sürətləndiyini və sistemli şəkildə həyata keçirildiyini vurğulayıb:

  • İslahatların dərinləşməsi uzun zaman tələb edir. Son illər icra olunan sosial paketlərin sayına, əhatəliliyinə, əlçatanlılığına görə 2019-cu il əvvəlki illərdən fərqlənir. 2019-cu il islahatları kölgə iqtisadiyyatının minimumlaşdırılması baxımından mühüm rol oynadı. Vergi sistemində aparılan islahatlarla yanaşı, 2019-cu ildə təxminən 200 minə yaxın yeni əmək müqaviləsi bağlandı ki, bu da qeyri-rəsmi məşğulluğun aradan qalxması baxımından çox vacib idi. Eyni zamanda, əlavə olaraq dövlət büdcəsinə 1 milyard manat vəsaitin daxil olması kölgə iqtisadiyyatının minimumlaşdırılmasına dəlalət edir. Strukturun yenilənməsi, bütövlükdə iqtisadi baxımdan vacib olan çevikliyin təmin edilməsi ilə bağlı islahatlar həyata keçirildi ki, bu da şəffaflığın gücləndirlməsi üçün vacibdir. Gözlənilir ki, bütün bunlar 2020-ci il Azərbaycan üçün iqtisadi və sosial islahatların dərinləşməsinə gətirib çıxaracaq.

 

 

Yeni formalaşacaq parlamentin islahatlarda rolu artacaq...

İqtisadçı deyib ki, islahatlarla bağlı məlumatlandırma çox vacibdir:

  • İslahatların səmərəliliyi bunun həm də cəmiyyətə çatdırılmasından çox asılıdır. Əslində yeni parlamentin formalaşması, xüsusilə burada yeni simaların təmsili, həmin islahatların daha dolğun şəkildə ictimaiyyətə çatdırılmasına imkan verir. Fərqli yanaşmalar olsa da, həm sorğular, həm də ümumi qiymələndirilmələr göstərir ki, bütövlükdə cəmiyyət islahatları dəstəkləyir. Ümid edirik ki, yeni formalaşacaq parlamentin islahatlarda, onun dərinləşməsində rolu artacaq.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi