Modern.az

Azərbaycanda cinayət törədən qadınların sayı artıb 

Azərbaycanda cinayət törədən qadınların sayı artıb 

17 Fevral 2020, 18:50

2019-cu il ərzində ölkədə 26672 cinayət faktı qeydə alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 1 bənd artaraq 266 olub. Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,8 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib. 

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2018-ci il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 1,7 faiz artıb, 14-17 yaşda olan uşaqların sayı isə 17,8 faiz azalıb.

 

Ümumilikdə baş verən cinayət faktlarının 58,2 faizi az ağır, 29,8 faizi böyük ictimai təhlükə törətməyən, 12,0 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. Cinayətlərin strukturunda 5290 hadisə şəxsiyyət əleyhinə, 11567 hadisə iqtisadi sahədə törədilən, 8190 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1623 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 362 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.

 

Qeydə alınmış həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 3049-u qəsdən sağlamlığa yüngül zərər vurma, 717-si qəsdən sağlamlığa az ağır zərər vurma, 333-ü qəsdən sağlamlığa ağır zərər vurma, 231-i qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 33-ü ehtiyatsızlıqdan adam öldürmə, 16-sı əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.  Ötən il ərzində əcnəbilər (onlardan 10,8 faizi MDB-yə üzv olan ölkələrin vətəndaşları olmaqla) tərəfindən və ya onların iştirakı ilə 462 cinayət hadisəsi törədilib. 

 

2019-cu ildə əvvəlki illə müqayisədə rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə 3,6 dəfə, qanunsuz sahibkarlıq 3,1 dəfə, ictimai mənəviyyat əleyhinə olan cinayətlər 1,7 dəfə, vəzifə səlahiyyətlərindən sui-istifadə 1,6 dəfə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma 1,5 dəfə,  yanğın təhlükəsizliyi qaydalarını pozma 30,4 faiz, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma 28,9 faiz, hədə-qorxu ilə tələb etmə 26,4 faiz, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 24,3 faiz, dələduzluq 24,1 faiz, ekoloji cinayətlər 22,4 faiz, zorlama (cəhdlərlə) 21,4 faiz, xuliqanlıq 13,3 faiz, oğurluq 7,7 faiz, soyğunçuluq 3,9 faiz, rüşvət cinayətləri 2,6 faiz, quldurluq isə 2,5 faiz azalıb. 

 

Bununla yanaşı, eyni dövrlə müqayisədə saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma 4,0 dəfə, kibercinayətlər 2,3 dəfə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 2,0 dəfə, gömrük ödənişlərinin ödənilməsindən yayınma 2,0 dəfə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma 1,8 dəfə, vəzifə səlahiyyətlərini aşma 1,5 dəfə, mənzil toxunulmazlığını pozma 1,5 dəfə, adam oğurluğu 42,9 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 35,3 faiz, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayətləri isə 12,5 faiz artıb. Hesabat dövründə müəyyən edilmiş cinayət törətmiş şəxslərin sayı 17823 nəfər, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı isə 13527 nəfər olub. Cinayət məsuliyyətinə cəlb olunmuşların 61,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 16,1 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

 

2019-cu ildə qeydə alınmış cinayət hadisələrinin 4383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların da 59,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,4 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,1 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,3 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizi isə digər cinayətlərdir. 

 

2019-cu ildə qadınlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin sayı müvafiq olaraq 0,4 faiz və 1,6 dəfə azalıb, lakin onlara qarşı törədilən cinayətlərin sayı müvafiq olaraq 1,8 faiz və 0,9 faiz artıb. Əvvəlki illə müqayisədə cinayət nəticəsində zərərçəkmiş qadınların və yetkinlik yaşına çatmayanların sayında da müvafiq olaraq 6,8 faiz və 0,8 faiz artım müşahidə olunub. Qeydə alınmış 1308 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olmuşdur ki, bu da 2018-ci ilin göstəricisindən 11,3 faiz çoxdur. Məişət zorakılığı ilə bağlı cinayətlərin 11,7 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 3,7 faizi sərxoş vəziyyətdə törədilib. 

 

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,2 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 2,9 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,6 faizi əzab vermə, 2,3 faizi isə digər cinayətlərə aiddir.  Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 11,2 faiz artaraq 1358 nəfər olmuşdur ki, onların da 76,4 faizini qadınlar, 2,0 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 22,8 faiz azalaraq 44 nəfər olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...