Modern.az

Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb

Azərbaycan alimləri İsveçrədə beynəlxalq elmi konfransa qatılıb

17 Fevral 2020, 23:08

İsveçrənin paytaxtı Bern şəhərində 13-15 fevral tarixlərində Bern Universiteti və Avrasiya Araşdırmaları Cəmiyyətinin birgə təşkil etdikləri “Mədəniyyətlərin təması: Mərkəzi Asiya ticarət, mədəniyyət və bilik mübadiləsinin mərkəzində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA Şərqşünaslıq İnstitutundan  Modern.az -a verilən məlumata görə, elmi tədbirdə İsveçrə, Fransa, İngiltərə, İtaliya, Almaniya, ABŞ, Rusiya, İsrail, Pakistan, Azərbaycan və Orta Asiya ölkələrindən qırxa qədər tarixçi və arxeoloq iştirak edib.

Konfransda ölkəmizi AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev və İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər. Alimlərimiz konfrans çərçivəsində xüsusi olaraq Azərbaycan tarixinə həsr olunmuş sessiyada çıxış ediblər. Akademik Şahin Mustafayevin məruzəsi orta əsrlərdə Azərbaycanın şimal-şərqində Xəzər ticarət yolunun fəaliyyəti və bu marşrut üzərində mövcud olan tarixi abidələrin vəziyyəti ilə bağlı idi. T.ü.f.d. Fərda Əsədovun məruzəsi isə erkən orta əsrlərdə Azərbaycanın şimal bölgələrində xəzərlərin mövcudluğunu sübut edən arxeoloji faktların təhlilinə həsr olunmuşdur. Alimlərimizin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şahin Mustafayev və Fərda Əsədov Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun eyni günlərdə Berndə keçirilən Akademik şurasının toplantısına da qatılıblar. Azərbaycan 2003-cü ildən YUNESKO və dünyanın 9 ölkəsi ilə bərabər bu mötəbər beynəlxalq elmi qurumun tam hüquqlu üzvüdür. İnstitutun Akademik şura toplantısında növbəti ildə bu qurumun fəaliyyət planı müzakirə olunub və 2020-2021-ci illərdə həyata keçiriləcək elmi layihələr təsdiq edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi