Modern.az

Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”

Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”

Aktual

23 Fevral 2020, 11:05

Dünən Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

 

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə həyata keçirilən aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız qatılıb.

 

 

Bəs aksiyanın əhəmiyyəti nə ola bilər?

Aksiya iştirakçılarının dünənki Ümumavropa Qarabağ mitinqindən gözləntiləri nədir?

Modern.az saytı aksiyada iştirak edən bir neçə Koordinasiya Şurası əlaqələndiricisinin fikirlərini öyrənməyə çalışıb.

 

Belçika-Hollandiya  Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyev qeyd edib ki, dünən keçirilən Ümumavropa Qarabağ mitinqinin əhəmiyyəti böyükdür:

“Builki aksiya keçən il Brüsseldə keçirilən aksiyanın davamıdır. Artıq bu aksiya daha çox insanları, xüsusilə, gəncləri cəlb edir. Dünənki aksiyada hiss olunurdu ki, insanlar iştirak etməyə, aktiv olmağa daha çox canır. Hətta bizə müraciət edən elə insanlar vardı ki, biz onlara “yox” demək məcburiyyətində qaldıq. Çünki meydanda insanların sayı çox idi. Meydana yerləşə bilmirdik. Həm tədbir vaxtı, həm də tədbirdən sonra sözümüzü dünya ictimaiyyətinə  çatdıra bildik. Bizə xeyli sayda insanlar yaxınlaşırdı. Öz adıma deyim ki, mənə 20-yə yaxın insan yaxınlaşaraq  tədbirin məğzini, nə üçün təşkil olunduğunu, bayrağımızın hansı ölkəyə aid olduğunu soruşurdu.  Təbii ki, bizə yaxınlaşıb sual verən insanlara Xocalı soyqırımının kim tərəfindən törədildiyini, qanlı tarix barədə ətraflı məlumat verdik”.

 

Emil Əliyev Xocalını başqa dillərdə anlatmağa çalışdıqlarını da bildirib:

“Berlində 3 milyondan çox insan yaşayır. Eyni zamanda, mərkəzdə turistlərin də sayı çoxdur. Digər ölkələrdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin dilində çıxış edirdilər. Bu da çox uğurlu yanaşma idi ki, həmin ölkələrin vətəndaşlarına Xocalını anlatmağımızda yardımçı oldu. Hesab edirəm ki, soyqırımın tanıdılması istiqamətində informasiyanı geniş formada çatdıra bildik. Bir arzumuz var. Dağlıq Qarabağ azad olsun və gələn il belə aksiya keçirtməyək. Ancaq Xocalı soyqırımını heç zaman yaddan çıxartmayaq. Xocalıda zəfər paradı keçirək”

 

 

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov deyir ki, Ümumavropa Qarabağ mitinqi gözlədikləri kimi olub:

 

“Avropanın mərkəzi şəhərlərindən olan Berlində Azərbaycan bayraqları dağlandı. Hər halda, soyqırımın beynəlxalq dünyaya çatdırılması bu formada  qürurvericidir. Dünyada yaşayan azərbaycanlıların bir araya toplaşması, Qarabağ üçün ədalət istəməsi, ümumilikdə Xocalı soyqrımının dünya ictimaiyyətinə bir neçə dillərdə  çatdırılması, eləcə də, Amerika, Fransa kimi ölkələrin səfirliklərinin önündə çıxışlar etmək böyük hadisədir. Tədbir iştirakçılarının bir qismi gələn il hansısa ölkədə belə mitinqin keçirilməsini desə də, ümumi olaraq bir arzumuz oldu. Gələn il qələbə paradını işğal altında olan torpaqlarımızda keçirək. Belə tədbirlərin keçirilməsinə  ehtiyac olmasın. Gələcəkdə gözləntilərimiz odur ki, cənab prezidentimizin əmri ilə Qarabağ işğaldan azad olunsun. Avropada yaşayan soydaşlarımız bir daha sübut etdi ki, cənab prezidentimizin arxasındayıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır