Sübh qarıdır qeyrəti
Arı qızıl sərvəti
Örnəkdir mərifəti
Abırlı, ismətlidir
Azərbaycan xanımı.
Ağlı alınmaz qala
Heyranam bu kamala
Uymayır cəh-calala
Toxdur, dəyanətlidir.
Azərbaycan xanımı.
Siması gündü, aydı
Nuru Tanrıdan paydı
İdeala həmtaydır
Bahar təravətlidir
Azərbaycan xanımı.
Hər bir evə işıqdır
Özü bir yaraşıqdır
Məramı yaxşılıqdır
Daim xoş niyyətlidir
Azərbaycan xanımı.
Sevinclidir baxışı
Bahar eləyir qışı
Yerində davranışı
İncə nəzakətlidir
Azərbaycan xanımı.
Çox olsun qələbəsi
Duyulmasın naləsi
Həzin nəğmədir səsi
Ünü məlahətlidir
Azərbaycan xanımı.
Görməsin vaxtsız acı
Ataya fəxr, baştacı
Qardaşa məğrur bacı
Ərə sədaqətlidir
Azərbaycan xanımı.
Gəlin edək etiraf
Sözü bütöv, dürüst, saf
Əhdə çıxmayır xilaf
Ülvi məhəbbətlidir
Azərbaycan xanımı.
Balayçün verir canın
Şirin olan hər anın
Düşünmür güzəranın
Ucadır, qüdrətlidir
Azərbaycan xanımı.
Ürəyi dolu sirdir
Səlist nitqə qadirdir
Sözləri cəvahirdir
Dolğun bəlağətlidir
Azərbaycan xanımı.
Ucalır təmiz adla
Bilik, təhsil, savadla
Ağılla, istedadla
Hər zaman hörmətlidir
Azərbaycan xanımı.
Var həkimi, hakimi
İncəsənət xadimi
Yüzlərcədir alimi
Bəli, fəxarətlidir
Azərbaycan xanımı.
Rübayi qəzəli var.
Şeirləri yadigar
Məhsəti, Natəvanlar
Şanlıdır, şöhrətlidir
Azərbaycan xanımı.
Müsbəti gəlmir saya
Getmir haya-haraya
İradəsi sal-qaya
Möhkəm, qətiyyətlidir
Azərbaycan xanımı.
Ayların qatır ilə
Dözür çətin müşkülə
Sirrin car çəkmir elə
Güclüdür, qüvvətlidir
Azərbaycan xanımı.
Koroğlunun dirəyi
Sinəsində ürəyi
Nigar arxa köməyi
Mərddir mətanətlidir
Azərbaycan xanımı.
At belində oturan
Düşmənə qan udduran
Həcər kimi qəhrəman
Cəsur şücayətlidir
Azərbaycan xanımı.
Zəif, acizə gülməz
Ruhunda yoxdur qərəz
Bütün kainatı gəz
Dünyaya ibrətlidir
Azərbaycan xanımı.
Rənalığı üzündə
Söhbətində, sözündə
Cümlə-cahan gözündə
Gözəl, ləyaqətlidir
Azərbaycan xanımı.
Daim olsun firavan
Dadmasın nisgil, hicran
Ülvi Aydınçün hər an
Ən ali qiymətlidir
Azərbaycan xanımı.
ÜLVİ AYDIN
Prezident təqaüdçüsü
AYB-nin üzvü
Bakı Dövlət Universitetinin doktorantı