Modern.az

Onlar Azərbaycanda koronavirusa yoluxanların artmasına niyə sevinir?  – Üç deputat

Onlar Azərbaycanda koronavirusa yoluxanların artmasına niyə sevinir?  – Üç deputat

Parlament

16 Mart 2020, 20:49

Ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronovirus infeksiyası ilə mübarizə davam edir. Hazırda virus 159 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 173 744-ə çatıb. Bunların 77 814 nəfəri sağalıb, 6 680 nəfəri isə ölüb.

Azərbaycanda isə indiyə qədər 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib, sağalaraq evə buraxılıblar.

Dünyanın bu cür təhlükəli pandemiya ilə savaşdığı dönəmdə Azərbaycana qarşı təxribatçı fikirləri ilə seçilən xaricdə yaşayan bir sıra sözdə azərbaycanlılar isə sosial şəbəkələrdə aktivliyi ilə seçilirlər.

Bunlar koronavirusun dünyada bu şəkildə yayılmasına görə az qala Azərbaycanı qınayırlar. Belə qüvvələrin nə qədər azərbaycanlı olması belə şübhə doğurur. İllərdir xaricdə yaşayasan, ağzının ifunətini Azərbaycana yönəldəsən. Belələrinə ancaq bədbəxt demək olar.

Neft ucuzlaşır, sevinirlər... Koronavirusa yoluxan azərbaycanlıların sayı artır, yenə də sevinirlər. Şəhid veririk, üçqat sevinirlər...

Əcəba, bunlar doğrudanmı azərbaycanlılardır? İllərdir Amerikda, Avropada yaşayırlar, yaşadıqları cəmiyyətə inteqrasiya oluna bilmirlər, günahı Azərbaycanda görürlər.

 Bədbəxt “xoşbəxtlər”... Azərbaycanın səhiyyəsini də tənqid etmək olar, digər dövlət qurumlarını da. Amma yaşadığınız ölkədə koronavirus tüğyan etmirmi? Ona səsinizi niyə çıxarmırsınız.

 

Modern.az-a danışan Milli Məclisin deputatı Əziz Ələkbərovun sözlərinə görə, koronavirus infeksiyasının qlobal pandemiya elan olunması bir daha sübut edir ki, bu gün bu məsələ ümumdünya problemidir:

“Bütün dövlətlər bu ümumbəşəri bəlaya qarşı birgə mübarizə aparmalıdırlar. Bu mübarizəyə Azərbaycan da öz töhfəsini verməkdədir. Ümumdünya Səhiyyə Təşkilatına və qonşu İrana Azərbaycan tərəfindən vaxtında göstərilən maliyyə yardımı da bu töhfənin əyani sübutudur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah da böyük işlər görməkdədir. Xaricdəki sapı özümüzdən olan bəzi qeyri-konstruktiv qüvvələrin hətta bu pandemiyadan belə istifadə edib Azərbaycan hakimiyyətini tənqid etmək cəhdi vətəninə, millətinə və dövlətinə xəyanət aktından başqa bir şey deyil”.
 





Deputat Fəzail Ağamalı isə Azərbaycanda bu infeksiyanın geniş yayılmamağının sevindirici hal olduğunu qeyd edib:

“Azərbaycan hökuməti bunun yayılmasının qarşısını almaq üçün bütün zəruri addımları atıb. İstənilən halda dünyanı bürüyən bu fəlakətdə Azərbaycan hakimiyyətinin hər hansı günahı yoxdur. Əksinə ölkə rəhbərliyinin bu virusdan qorunmaq üçün həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan 17 ən yaxşı qorunan ölkələr sırasına daxil olub. Belə vəziyyətdə bayquş xilqəti olan bəzi insanlar başqalarını təşvişdən, panikadan uzaq vəziyyətə gətirmək  əvəzinə, baş verın bütün hadisələrdə ölkə rəhbərliyini günahlandırmaqla səhv edirlər.

Xüsusilə, xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında belə fikirdə olanlara rast gəlirik. Onların beyinləri yuyulub, Azərbaycançılıqdan uzaq düşüblər. Ölkəmizi istəməyən qüvvələr və şəxslər tərəfindən idarə olunur, maliyyələşirlər. Bu şəxslərə qarşı Azərbaycan xalqının reaksiyası olmalıdır. Tək mətbuat, siyasətçilər tənqid etməsi azdır. Onlara qarşı total xalq müqaviməti olmalıdır ki, ifşa olunsunlar”.

 

 

Digər deputat Asim Mollazadə isə bildirib ki, bizi istəməyənlər göydə uçan quşların istiqamətini dəyişməsini belə Azərbaycanın günahı kimi qələmə verirlər:

“Azərbaycan hazırda informasiya müharibəsinin içərisindədir. İnformasiya müharibəsində Azərbaycana birmənalı münasibət bildirməyənlər var. Onların məqsədi Qarabağı Azərbaycandan ayırmaqdır.

Mən düşünürəm ki, hökumətin tənqidi hər bir Azərbaycan vətəndaşının hüququdur. Lakin tənqidlə yanaşı, ortada təklif də olmalıdır ki, nəyi necə dəyişmək olar.

Pandemiya ciddi problemdir. Bunun fəsadları olaraq, yaranan iqtisadi çətinliklərə hazır olmaq lazımdır. Azərbaycan hökuməti və Azərbaycan xalqı qüvvələrini səfərbər edərək, bu problemin həllində birlik nümayiş etdirəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir