Modern.az

Dünya koronavirusdan sonra

Dünya koronavirusdan sonra

Parlament

19 Mart 2020, 09:48

Bəşəriyyət yarandığı gündən çoxsaylı təhlükələrlə, epidemiyalarla üz-üzə qalıb və təbii ki, konkret zaman kəsiyində mövcud olan inkişaf səviyyəsindən asılı olaraq bu təhlükələri geridə buraxıb. Bu baxımdan, müəyyən müddətdən sonra koronovirus təhlükəsinin də geridə qalacağı, tarixin arxivində yer alacağı şübhə doğurmur. Gələcək nəsillərin bu “arxiv”ə tez-tez müraciət edəcəkləri də həmçinin... Əslində bu gün baş verənlərlə bağlı təhlil və nəticə çıxarmaq perspektivini gələcək nəsillərin öhdəsinə buraxmadan da, koronavirusdan sonrakı dünya haqqında bəzi proqnozlar vermək mümkündür. Artıq qloballaşma perspektivinin tamamilə iflasa uğradığı barədə göz önündə olan reallığı düşünməyi bacaran kimsəyə sübut etməyə ehtiyac yoxdur. Daha dəqiq ifadə etsək, qloballaşma ideya olaraq məhv olmaqdadır. İndi klassik və milli dövlətçilik ənənələri ön plana keçir və dövlətlər dünyada mövcud olan çoxsaylı qloballaşma platformalarının əhəmiyyətsizliyinin, xüsusilə də ekstremal vəziyyətlərdə heç bir fayda gətirmədiyinin fərqindədirlər. Yaranmış vəziyyət hər bir ölkənin milli maraqlarını əsas götürməklə müstəqil siyasət yürütməsinə, qarşılıqlı faydalılıq, dostluq və qardaşlıq prinsipləri əsasında tərəfdaşlar seçməsinə zəmin yaradır. Bu arada Azərbaycanın ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı təşəbbüsünün və bu istiqamətdə atdığı real addımların nə dərəcədə əhəmiyyətli olduğunu və uzaq strateji hədəflərə hesablandığını xüsusilə qeyd etmək istəyirəm.

 

Qloballaşmanın iflası prosesi isə hazırda gözümüzün önündə baş verir.Bəşəriyyətə qloballaşmanın unikal modeli kimi təqdim olunan ittifaq və birliklər bir virusun qarşısında belə tab gətirməyərək parçalanmaya doğru sürətlə addımlayırlar. Breksitdən sonra Avropa İttifaqının gələcəyinə olan ümidlər, bu subregionun sakinləri üçün onsuz da şübhə altına düşmüşdü. Koronavirus təhlükəsi isə bu şübhəni daha da gücləndirdi. Və eyni valyutası olan, vahid mərkəzdən idarə olunan, hətta bəzən “Avropa xalqı” adlandırılan toplumun və coğrafi məkanın idarəçiləri virisun yayılması təhlükəsi qarşısında “Avropa evi”nin içərisindən keçən klassik sərhədlərini yenidən bərpa etməyə başladılar. Elan olunan prinsiplər, dünyaya model olaraq təqdim edilən idarəçilik sistemi və “birlik” görüntüsü elə göz önündəcə iflasa uğradı, milli maraqlar önə keçdi və Avropa İttifaqında daxil olan ölkələr koronavirus təhlükəsi qarşısında bir-birilərini “meydanda tək qoydular”.

 

Bir vaxtlar qloballaşma ideyasının lokomotivi olan Amerika Birləşmiş Ştatlarının Prezidentinin Almaniyada koronavurus əleyhinə peyvəndin hazırlanması üçün araşdırmalar aparan şirkətin ABŞ vətəndaşı olan rəhbərini öz ölkəsinə dəvət etməsi və ona fəaliyyətini ABŞ-da davam etdirmək üçün stumullaşdırıcı təkliflərdə bulunması, həmin şəxsin Almaniyaya qayıtdıqdan sonra vəzifəsindən uzaqlaşdırılması və Almaniya vətəndaşı olan şəxslə əvəzlənməsi, əslində qloballaşmanın indiyədək heç bir praktik nəticəyə varmadığını sübuta yetirir. Bu gün ABŞ ənənəvi müttəfiqlərini özündən uzaq tutmağa çalışır. Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarının ABŞ-a səfəri qadağan olunub. Qloballaşma tərəfdarları və Aİ üzvü olan dövlətlər müxtəlif bəhanələrlə bir-birinə yardım etmək istəmirlər. İtaliyanın süni nəfəs aparatları və qoruyucu vasitələrlə bağlı müraciətlərinə bu ölkənin ən yaxın müttəfiqləri – Almaniya və Fransa, həmçinin NATO üzrə müttəfiqi ABŞ tərəfindən “yox” cavabı verdi.

 

Ərazisinin 20%-i işğal altında olan Azərbaycan isə koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına və qonşu İrana ayrı-ayrılıqda 5 milyon ABŞ dolları civarında yardım göstərdi və humanizm prinsiplərinə münasibətdə bu prinsipləri şüara çevirən inkişaf etmiş dövlətlərdən dəfələrlə səmimi olduğunu, qlobal məsuliyyəti dərk edə biləcək potensiala sahib olduğunu sübuta yetirdi. İtaliyaya isə bu ölkə ilə eyni ittifaq çatısını paylaşan dövlətlərin əvəzinə, koronavirusla hələ də mübarizə aparan Çin köməyə gəldi.

 

Onu da qeyd edim ki, bu gün dünyada baş verənlər qlobal güc mərkəzləri ilə bağlı ənənəvi təsəvvürləri də alt-üst etdi. Artıq nüvə silahına sahib olan dövlətlər real güc mərkəzləri kimi nəzərə çarpmırlar. Hazırda müasir güc mərkəzi deyiləndə, göz önünə ilk növbədə modern və çoxsaylı avadanlığa malik, səhiyyə sistemi çağdaş təhlükələrə cavab vermək gücündə olan ölkələr gəlir. Qloballaşma süqut çağını yaşayır və koronavirus təhlükəsi bitdikdən sonra çox güman ki, bu barədə danışanların sayı mimimuma enəcək və dünya klassik milli dövlətçilik ənənələrinə qayıdacaq. Azərbaycan isə milli dövlətçilik ənənələrini inkişaf etdirməklə, perspektivsiz inteqrsasiya məkanlarına münasibətdə məsafə saxlamaqla uzun illərdir ki, öz doğru seçimini edib!

 

Milli Məclisin deputatı Azər Kərimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı