Modern.az

Deputat Türkiyədəki virus bəlasından danışdı: “Çox sərt tədbirlər görülür”

Deputat Türkiyədəki virus bəlasından danışdı: “Çox sərt tədbirlər görülür”

Dünya

3 Aprel 2020, 13:24

Qardaş Türkiyədə koronavirusa yoluxanların sayı 18135, virus səbəbi ilə həyatını itirənlərin sayı isə 356 nəfərə çatıb.

 

Maraqlıdır, hazırda ölkədə ümumi vəziyyət necədir, hansı tədbirlər görülür?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım ölkədə qaydaların sərtləşdirilməsinin vacibliyini bildirib:

                                                      

“Dövlətin göstərdiyi qaydalara insanlar ciddi şəkildə əməl etməyə çalışır. Çünki virusun digər xəstəliklərdən əsas fərqi sürətlə yayılmasıdır. Hazırda virusa yoluxmamaq üçün ən yaxşı qoruyucu vasitə evdə qalmaqdır. Bu Azərbaycanda da belədir, Türkiyədə də, Avropada da. Düzdür bəzi hallarda burada insanların karantin qaydalarını pozduğunun da şahidi oluruq, amma böyük əksəriyyət qaydalara riayət edir.

Şəhərlərarası uçuşlar, avtobusların hərəkəti məhdudlaşdırılıb. İstanbuldan Ankaraya şəxsi avtomobillə gəlmək üçün belə, mütləq ciddi səbəbin olmalıdır. Əks halda elə yoldan geri qaytarılırsan. Yəni ölkədə çox sərt tədbirlər görülür. Əgər belə tədbirlər görülməsə, virusun qarşısını ala bilməyəcəyik. Ümid edirəm ki, bu bəlanı tezliklə dəf etməyi bacararıq”.

 

 Deputat karantin dövründə Türkiyədə parlamentin fəaliyyətinə də toxunub:

 

“Hazırda bir neçə önəmli qanun layihəsi var ki, onların müzakirəsi üçün iclaslar keçirilib və keçiriləcək. Amma bütün deputatlar iclaslara qatıla bilmir. Məsələn, mənim kimi İstanbulda yaşayan millət vəkilləri iclaslara qatılmamaq üçün icazəliyik.

Toplantılara yalnız Ankaradakı deputatlar qatıla bilir. Sonuncu dəfə Milli Məclis dünən toplanıb. Ehtimal edirik ki, yekun olaraq gələn həftənin ya iki, ya da üçüncü günü deputatlar iclas keçirəcək. Çünki bütün deputatların iclasa qoşula bilmədiyi üçün toplantı etmək və yeni qanun layihəsinin müzakirəsi çətin olur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı