Son günlər Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın siyasi mövqeyi və keçirdiyi görüşlərlə bağlı müxtəlif iddialar və ssenarilər gündəmə gətirilir.
Modern.az xəbər verir ki, Mansur Yavaş yayılan iddialara münasibət bildirərək bu məsələlərlə bağlı ictimaiyyətə aydınlıq gətirib.
O bildirib ki, əsas vəzifəsi siyasi dedi-qoduların ardınca getmək deyil, Ankara sakinlərinin problemlərini həll etmək, şəhərdə investisiya layihələrini həyata keçirmək və 6 milyon vətəndaşa xidmət göstərməkdir.
M.Yavaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşün də yalnız Ankara ilə bağlı olduğunu vurğulayıb.
O qeyd edib ki, Ərdoğanı Ahlat səfərindən qayıdarkən hava limanında qarşılayıb və görüşmək istəyini şəxsən Prezidentə çatdırıb. Müraciətinə müsbət cavab verildikdən sonra keçirilən görüşdə Ankaranın gözləyən iri investisiya layihələri, metro layihələri, kredit və təsdiq prosesləri, planlaşdırılan böyük sərgi kompleksi və şəhərin digər problemləri müzakirə olunub.
“Görüşümüzün gündəmində Ankara var idi. Ankaranın investisiyaları var idi. Ankaranın gələcəyi var idi”, - deyə Yavaş bildirib.
O qeyd edib ki, Prezident üsul-idarəsinin yaratdığı müəyyən zərurətlər səbəbindən böyük şəhər bələdiyyələrinin həyata keçirmək istədiyi bəzi layihələr üçün mərkəzi hökumətin dəstəyinə və təsdiqinə ehtiyac yaranır.
“Ankaranın bir problemini həll etmək, investisiyanın qarşısını açmaq və Ankara xalqına verdiyimiz sözləri yerinə yetirmək üçün cənab Prezidentlə görüşməliyəmsə, bu gün də görüşərəm, sabah da görüşərəm”, - deyə o vurğulayıb.
M.Yavaş üzvü olduğu Cümhuriyyət Xalq Partiyasını (CHP) dəyişəcəyi ilə bağlı yayılan iddialara da münasibət bildirib.
“Məni sevən, mənə güvənən və illərdir yanımda olan insanları incidəcək, qıracaq və məyus edəcək bir mövqe tutmağım mümkün deyil”, - deyə Ankara meri bildirib.
O, Ərdoğanla görüşü barədə həm Kemal Kılıçdaroğlunun, həm də Özgür Özəlin məlumatlı olduğunu açıqlayıb.
Yavaş bildirib ki, məqsədi və məzmunu açıq olan Ankara ilə bağlı görüşə başqa siyasi məna yüklənməsini doğru hesab etmir.
Ankara meri qeyd edib ki, bələdiyyə sədrləri onsuz da ağır iqtisadi şərtlər, vətəndaşların xidmət gözləntiləri və mərkəzi hökumətlə həll edilməli məsələlərlə məşğuldurlar. Siyasi mübahisələrin bələdiyyə məclislərinə daşınmasının şəhərlərə xidmət göstərməyi daha da çətinləşdirdiyini vurğulayıb.
“Biz sizi təkzib etməkdən bezdik. Siz yalan danışmaqdan bezmədiniz”, - deyə Yavaş bildirib.
“Mənim ağzımdan eşitmədiyiniz heç bir sözə inanmayın”, - deyə Mansur Yavaş əlavə edib.