Modern.az

Qarabağ dünyaya yox, Azərbaycana lazımdır

Qarabağ dünyaya yox, Azərbaycana lazımdır

31 May 2020, 14:23

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Bu yerdə Əmir Teymura - "gorun çatlasın", deməkdən başqa ağır söyüş etməyə necə olsa adamın dili gəlmir...

 

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədən sonra Ermənistan tərəfi bu tədbirə özlərinə xas şəkildə yenə də vay-şüvənliklə dərhal reaksiya verdi.


Düşmən ölkənin Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan Azərbaycan nazirinin dediyi - "Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq", ifadəsini öz facebook səhifəsində "kardaşyancasına" paylaşıb. Şuşana görə Azərbaycanlı nazir güya bu sözü ilə Aprel döyüşlərinin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu faktiki və tamamilə etiraf edib.


Keçirilmiş xidməti müşavirədə Aprel döyüşü ilə bağlı Zakir Həsənovun vur-tut dediyi bu bir cümlədən başqa heç bir söz demədiyi halda, Şuşan yazır ki, Həsənov Aprel müharibəsinin nəticəsindən çox da razı qalmadığını, onlar qarşıya qoyulmuş vəzifənin öhdəsindən gələ bilmədiklərini də etiraf edib.


Əlbəttə, hər hansısa bir azərbaycanlıya ermənilərin xislətcə kim olduqlarını  anlatmağa ehtiyac yoxdur. Ancaq bu erməni qızının söylədiyi ağ yalandan başqa onun Azərbaycana qarşı hədə-qorxu gəlməsi, yəqin ki, hər bir vətənpərvər azərbaycanlını qıcıqlandırır və istər-istəməz onu xəcalət, həmçinin əsəb içində boğmuş olur.  Məhz bu yerdə Əmir Teymura - "gorun çatlasın", deməkdən başqa ağır söyüş etməyə necə olsa adamın dili gəlmir.


Diqqət edin, görün hansı gün gəlib ki, bu erməni qızı Azərbaycan xalqının güvənc yeri olan Ordusunun bir nömrəli əsgərini hədəfə alaraq  - "O, həm ötən, həm də bugünkü sözünə, qərarına və həm erməni, həm də azərbaycanlı hərbi qulluqçularının tökülmüş qanına görə şəxsən cavab verəcək. Azərbaycan hərbi-siyasi rəhbərliyinə xatırladırıq ki, bölgədə hərbi balans və sülh ideyası ilə barışmağın vaxtı çoxdan çatıb. Əks təqdirdə Ermənistan silahlı qüvvələri 1994-cü ildə bağlanmış üçtərəfli sülh sazişinin nəticələrini artıraraq, bütün qətiyyəti, peşəkarlığı və dağıdıcı zərbələri ilə Ermənistan və Artsaxın vahid təhlükəsizliyini müdafiə edəcək",  - deyir.  


Sözsüz ki, ermənilərin özlərindən bu qədər razı halda "vur-vurum" demələrinə əsas səbəb, Azərbaycan tərəfinin indiyədək ATƏT-in Minsk qrupunun çaldığı "sülh yolu ilə həll" havasının sədaları altında yaratdığı şəraitin nəticəsidir. Əgər belə olmasaydı yəqin ki, Azərbaycan ermənilərin kişiləri bir yana, arvadlarının hədəsinə alçaldıcı şəkildə məruz qalmazdı.


Bu arada sözü gedən müşavirədə Azərbaycan Müdafiə nazirinin - "Müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi" ilə bağlı işlətdiyi ifadələr, yaxşı olardı ki, hərbi sirr hesab olduğundan mediada açıqlanmasın. Çünki belə olan təqdirdə təhlükəsizlik üzrə ekspert İlham İsmayılın da öz facebook səhifəsində doğru olaraq vurğuladığı kimi, düşmən tərəfi bu açıqlamaları nəzərə alaraq öz müdafiələrini gücləndirəcək və hər hansı bir kəşfiyyat fəaliyyətinin qarşısını almaq istiqamətində vaxtında tədbir görmüş olacaq.


Erməni qızı Şuşanın dediyi azmış kimi, mayın 21-də Qarabağ taxtında "taclanan" separatçı Araik Arutunyan isə Azərbaycan respublikasının başçısına hədələr gəlir. O, 2 gün əvvəl facebookdakı canlı çıxışında Azərbaycan prezidentinin növbəti çıxışına cavab olaraq - "Siz məsələnin həll yolunu güc vasitəsində olduğunu seçmisiniz? Biz hazırıq cənab Əliyev. Biz hazırıq və Sizi əmin etmək istəyirik ki, bizim üçün bütün nəticələr artıq göz qabağındadır. 1994-cü ildə sizdə necə olmuşdusa, bu gündə elə olacaq. Heç vaxt bizimlə güc dilində danışmağa cəhd etməyin!", deyə, əməlli-başlı Azərbaycanı açıq duelə çağırdı. Əlbəttə, hayların bu özündənrazı davaya çağırışları heç də səbəbsiz deyil.


Heç şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Ttəşkilatının Xarici işlər nazirlərinin 4 gün əvvəl keçirilən şurasında, sonda videokonfrans rejimdə düzənlənən brinfinqdə Rusiyanın baş diplomatı Sergey Lavrovun öz ölkəsinin Ermənistanla hərbi-texniki əməkdaşlıq mövzusunda səsləndirdiyi fikirlər, həm erməni qızının, həm də gədəsinin belə "xod" getmələrinə güc verən əsas amil olduğunu desək yanılmarıq.


Baxın, əgər Lavrov - "Siz bilirsiniz ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir. Bu, bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinə kömək edir. Hərbi-texniki əməkdaşlığa, hərbi-texniki yardıma gəlincə isə, biz Ermənistan respublikasına bunu edirik... Bu iş daimidir, gündəlikdir və peşəkarcasınadır. Odur ki, burda heç bir problem yoxdur", deyirsə, əlbəttə ki, ermənilər arvadlı - kişili  Azərbaycanı hədələyəcək, onu daim qapazaltına salıb gözünü qıpıq edəcək. 


Ona görə də ermənilərin güvəndiyi istər Rusiya, istərsə də digər güclərə məhəl qoymadan Azərbaycan Ordusu bu milli xəcalətin qarşısını tezliklə almalıdır. Cəmiyyətin beynində illərdir quruyub, bərkiyib qalmış "urus qoymur" sözü birdəfəlik silinməlidir. Adətən, milli televiziya kanallarında Qarabağla bağlı süjetlər təqdim olunanda "Dünya birliyi bu ədalətsizliyə hələ də dözür", - deyilir. Əslində dünya birliyi Qarabağ məsələsinə nəinki dözür, o heç bu barədə düşünmür və onların heç vecinə də deyil. Dözən, hətta bu gündən sonra hələ 300 il də az qala dözməyə məcbur edilən Azərbaycan xalqıdır. Amma heç kim düşünmür ki,  Qarabağın azad olunması dünyaya yox, yalnız Azərbaycana lazımdır.


Odur ki, Qarabağ mövzusu indiki halda heç bir Azərbaycan vətəndaşının, ilk növbədə məcburi köçkünün dilindən, heç bir Azərbaycan jurnalistinin qələmindən kənarda qalmamalıdır, gündəmdən düşməməlidir.   


Ancaq nə qədər ki, məcburi köçkünlər Qobuda, jurnalistlər isə Bibi Heybətdə ev davasında olacaqlar, Qarabağda boş qalmış evlərə ordan-burdan dilə tutulub, hətta yalvarılıb gətirilən ermənilər yerləşdiriləcək. Belə olan halda isə yeni şuşanlar, yeni araiklər törəyəcək, indi Gəncəbasara və Naxçıvana etdikləri iddialarını daha da genişləndirib "dənizdən-dənizə" ideyalarını gerçəkləşdirmək üçün bütövlükdə Azərbaycanı zəbt etməyə çalışacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər