Modern.az

Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev

Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev

Aktual

2 İyun 2020, 11:50

“Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi, televiziyası olmalıdır:

 

 

"Bu, belə davam edəcəksə, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar. Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər onların seçdiyi millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər. Ötən dəfə burada danışdıq ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır. Haqlı olaraq bunun belə olduğu qeyd edildi. Çox təəssüf ki, o televiziya kanallarına da çox az sayda insan baxır. İnsanlar televizorları açanda nə görürlər? Siyasi, dövlət əhəmiyyətli veriliş gedirsə, bilirlər ki, burada yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də o tipli verilişləri izləmək çox da maraqlı olmur. Ona görədə ya şou proqramlara baxır, ya da kanalı dərhal dəyişirlər. Buna görə də mən hesab edirəm ki, Milli Məclisin öz televiziya kanalı olmalıdır. Qapalı iclaslar istisna olmaqla, canlı yayımlar edilməli və müxtəlif vaxtlarda təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır