Modern.az

Parlamentin yeni deputatı: “İslahatlar xalqda rahatlıq və əminlik yaratdı” - MÜSAHİBƏ

Parlamentin yeni deputatı: “İslahatlar xalqda rahatlıq və əminlik yaratdı” - MÜSAHİBƏ

3 İyun 2020, 09:00

Modern.az  saytı yeni deputatlarla müsahibələrə davam edir. Budəfəki həmsöhbətimiz VI Çağırış Milli Məclisdə ilk dəfə təmsil olunan 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin deputatı Müşfiq Cəfərovdur. Onunla söhbəti təqdim edirik: 


- Müşfiq müəllim, VI Çağırış Milli Məclisin yeni deputatlarından birisiniz. Özünüz haqqında məlumat verməyinizi istəyərdik.

 

- 1981-ci ildə Gəncə şəhərində anadan olmuşam. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) Mühəndislik və menecment iqtisadiyyatı fakültəsinin aqrar istehsalatın  iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşam. 2002-ci ildə bakalavr pilləsini bitirmişəm. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə magistr pilləsinə qəbul olunub və 2004-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olmuşam. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərmişəm. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak etmişəm. 40-dan çox kiçik və irimiqyaslı layihələrin müəllifi və icraçısı olmuşam.

2000-ci ildə təsis edilmiş “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin həmtəsisçisiyəm. 2000-2011-ci illərdə Birliyin idarə heyətinin üzvü, sədr müavini, sədr vəzifələrində çalışmışam.

2007-ci ildə İsveçin Malmö şəhərində Avropa Şurasının baş katibi Terri Devis tərəfindən “Fəal Gənc Vətəndaş” Mükafatına layiq görülmüşəm.

2010-cu ilin yanvar ayından 2011-ci ilin iyun ayınadək Beynəlxalq Əmək Təşkilatının Azərbaycanın Qərb bölgəsində həyata keçirdiyi “Qadın sahibkarlığının inkişafı” layihəsində yerli əlaqələndirici vəzifəsində çalışmışam.

2011-ci ilin iyun ayında ABŞ Dövlət Departamentinin “Hubert Hamfri” Proqramı çərçivəsində “Dövlət İdarəçiliyi” üzrə ABŞ-ın Minnesota Universitetinə daxil olub və 2012-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişəm. Proqramı uğurla başa vurduğum üçün ABŞ-ın sabiq prezidenti Barak Obama və baş katibi Hillari Klintonun imzası olan sertifikatla mükafatlandırılmışam.

2012-ci ilin avqust ayından 2013-cü ilin fevral ayınadək Oğuz rayonunda yerləşən beş ulduzlu “AFRA” otelində icraçı direktor vəzifəsində çalışmışam.

2013-cü ilin mart ayından 2020-ci mart ayınadək Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində işləmişəm. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə rəhbərlik etdiyim dövrdə gənclər və idman işinin inkişafında həyata keçirdiyim ən böyük layihələr sırasına - Gəncə şəhərinin 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” və 2019-cu ilin “Avropa İdman Şəhəri” daxildir.

2017-ci ilin yanvar ayının 30-da Azərbaycan Respublikasında gənclərlə iş sahəsində əldə etdiyi uğur və nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişəm.

2015-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Aqrar Universitetinin “Sosial investisiya strategiyalarının kənd təsərrüfatı məşğulluğunun yüksəldilməsinə təsiri" mövzusunda iqtisadiyyat üzrə fəlsəfə doktoru işi üzərində işləyirəm. 

Ailəliyəm, 4 övladım var. 

 

- V Çağırış Milli Məclis buraxılanda deputatların bir çoxu seçicilərlə ünsiyyəti istənilən səviyyədə qurmadığından, görüşlər keçirmədiyindən onların fəaliyyəti səmərəli hesab edilmədi. Seçicilərlə ünsiyyətdə aktivlik, onların problemlərinin Milli Məclisdə qaldırılması üçün hansı planlarınız var?  


- Çox düzgün qeyd etdiniz. Seçkilərə qatılan V Çağırış deputatlar yeni namizədlərdən fərqli olaraq, daha çox problemlərlə üzləşdilər. Bu problemlərdən biri və ən əsası seçicilərlə gec-gec görüşməkləri və onlarla ünsiyyətin lazımi səviyyədə qurulmaması idi. Təbii ki, bunu mən bütün V Çağırış deputatlara şamil edə bilmərəm.

 

VI Çağırış Milli Məclisin plenar iclasları başladığı bir gündən məlum olduğu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada o cümlədən Azərbaycanda pnevmaniya elan olundu və hər kəs özünü və yaxınlarını qorumaq məqsədilə “Evdəqal” kampaniyasına qoşuldu. Beləliklə, bu müddət ərzində mənim o cümlədən həmkarlarımın seçicilərlə əlaqəsi yalnız telefon və ya sosial şəbəkə üzərindən baş tutdu. 

 

Telefon və ya sosial şəbəkələr üzərindən edilən bütün müraciətlərə dərhal reaksiya verildi. Karantin dövründə maddi imkanları məhdud olan seçicilərə, o cümlədən tənha ahıl insanlara ərzaq yardımları edildi.

Postpandemiya dövründə ayda ən azı iki dəfə seçicilərlə görüş keçirməyi planlaşdırıram. Görüşlərdən biri Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının binasında qapalı şəraitdə, digəri isə səyyar görüş formatında 39 saylı Kəpəz birinci seçki dairəsinin ərazisində yerləşən bina və ya şəxsi həyətlərin qarşısında planlaşdırılıb. Hesab edirəm ki, bu görüşlər mənim seçicilərlə daha səmərəli ünsiyyət qurmağıma, onların problemlərini özlərindən eşidərək görməyimə və ərazidə bir çox insanı bu problemlər narahat etdiyi halda parlamentin iclaslarında qaldırılmasını təmin etmiş olacaq.

 

- Milli Məclisin Gənclər və idman komitəsinin üzvüsünüz. Komitənin ümumi müzakirələrində gənclər və idman siyasəti ilə bağlı hansı məsələlərin qaldırılmasına təşəbbüs göstərəcəksiniz? 

 

- Nəzərə alsaq ki, mənim 20 ildən artıq bir müddətdir ki, gənclər sahəsində həm yerli həm də beynəlxalq səviyyədə təcrübəm və son 7 ildə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə rəhbərlik etmişəm, Milli Məclisin Gənclər və idman komitəsində təmsil olunmağım hesab edirəm ki, imkan verəcək ki, inkişaf etmiş ölkələrdə bu sahədə mövcud olan uğurlu təcrübələri Azərbaycana gətirərək, gənclər və idman sahəsində olan qanunlarımızın təkmilləşdirilməsində yeni-yeni təkliflərlə çıxış edəm. Düşünürəm ki, postpandemiya dövründə bütün qanunlarda ələxsusda gənclər və idman sahəsini əhatə edən qanunvericiliyimizdə bir çox təkmilləşdirmə və ya uyğunlaşdırma layihələri olacaq. Bura gənclərin təhsil imkanları, gənclərin məşğulluğu, könüllülük fəaliyyəti kimi qanun layihələrini aid etmək olar. Bugün dünyanın tələbləri dəyişir, bir çox ixtisaslar ixtisara düşür, yeni ixtisaslar yaranır. Bu o deməkdir ki, yeni imkanlar yaranır. Biz qanunlarımızı elə vəziyyətə gətirməliyik ki, bizim gənclər bütün imkanlardan yararlana bilsinlər.

 

 - Bilirik ki, millət vəkillərimiz tək seçildiyi rayona diqqət ayırmamalı, bütün ölkə əhalisinin problemlərini Milli Məclisdə qaldırmalıdırlar. Bu baxımdan yeni deputat kimi sizin fəaliyyətinizin özəllikləri nələr olacaq? 

 

- Milli Məclis qanunverici orqandı. O səbəbdən Milli Məclisdə fəaliyyət göstərən deputatlar iki istiqamət üzrə iş aparmalıdır. Bunlardan biri seçicilərlə işdirsə, digəri qanun layihələri üzərində birgə işin aparılmasıdır. Mən Gənclər və idman komitəsilə bərabər Aqrar məsələlər komitəsində də təmsil olunuram. Hər iki sahə mənim üçün doğmadır. Pandemiya dövründə iclaslar daha çox onlayn üzərindən aparıldı. Aqrar məsələlər komitənin ilk toplantı iclasında mən belə bir təkliflə çıxış etdim. Qeyd olundu ki, 1995-ci ildən bugünədək komitə 300-dən çox qanun layihəsi hazırlayıb və bu qanun layihələri qüvvəyə minib. Mənim təklifim o idid ki, mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır, o cümlədən bu gün ehtiyac duyulan qanun layihələrinin hazırlanması məqsədilə biz komitə üzvləri bölgələrə səfərlər etməli, fermerlərlə görüşlər keçirməli, onların problemləri və təkliflərilə tanış olmalıyıq. Hesab edirəm ki, bu cür yanaşma Gənclər və idman komitəsində və digər komitələrdə də olmalıdır. Sual yarana bilər ki, bu cür görüşləri hər bir deputat öz ərazisində edə bilər və  problemləri o cümlədən təklifləri müəyyən edərək müvafiq komitəyə təqdim edə bilər. Mən öz ərazim üzrə deyə bilərəm ki, Gəncə şəhəri aqrar yönümlü olmadığı üçün burada fermer mövcud deyil və bu da o deməkdir ki, mən və bir çox həmkarlarım hansılar ki, şəhərləri təmsil edirlər, aqrar sahədə məlumatları məhdudlaşmış olacaq.

 

- 7 il Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışmısız. Daha çox gənclərlə işləmiş biri kimi gənclərin əsas problemləri barədə nə deyə bilərsiz?

 

- Gəncə şəhərində, o cümlədən digər bölgələrimizdə hər birimizi narahat edən məsələ gənclərin məşğulluğudur. Ümumiyyətlə, bölgələrdə iş yerlərinin məhdud sayda olması iş bacarığına malik olan insanların, ələxsus da gənclər arasında işsizlik problemini yaratmış olur. Son zamanlar möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən regionlarda məşğulluğun artırılması ilə bağlı bir çox proqramlar həyata keçirilir, buna misal DOST işçilərinin 50.000-dən 90.000-dək artırılması, özünüməşğulluq proqramın genişləndirilməsi və qarşısına daha böyük hədəflər qoyulması, “Startup” layihələrin dəstəklənməsi göstərilə bilər. Bütün bu proqramlardan bəhrələnənlərin əksər hissəsi gənclərdi. Hesab edirəm ki, bu problemdə məhz cənab Prezidentimizin səyi nəticəsində tezliklə həllini tapacaq və bizlər gəncləri məşğul gördükdə, iş başında gördükdə sevinəcik.

 
Bir məsələnidə oxucuların diqqətinə çatdırmaq istərdim. Heç bir təcrübəyə malik olmayan gənc üçün ilk karyera başlamaq çox çətin olur, nəzərə alsaq ki, işçi axtaran sahibkarlar və ya təşkilatlar mövcud vakansiyaya uyğun şəkildə müəyyən bir təcrübəyə malik olan birisini axtarırlar. Təbii ki, əgər gənc bir oglan və ya xanım orta məktəbi və ya ali məktəbi yenicə bitiribsə, hansısa bir təcrübədən danışmaq mümkün deyil. Bir neçə il öncə gənclər üçün təşkil olunan forumların birində mən ilk karyera başlayan gənclər üçün “Dəstək fondunun” yaradılmasını təklif etdim. Burada məqsəd ilk karyera başlayan gəncin 1 il müddətində əmək haqqının 50%-nin işəgötürən, digər 50%-nin isə “Dəstək fondu” hesabına olmasını təklif etmişdim. Burada iki əsas məqam var: gənc 1 il müddətində işləyir və təcrübə yığır, artıq müəyyən bir təcrübəyə malik olur;
 ikinci məqam isə 1 ildən sonra əgər yaxşı nəticələr verərsə, mövcud işində qalıb işləmək imkanı əldə edə bilər. Bu təklifi səsləndirdiyimdən bir neçə il sonra Gənclər Fondu bu işi öz üzərinə götürdü və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilı birgə bu proqramı icra edir. 

 

 - 2017-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmisiniz. Bu sizin əməyinizə verilən ən yaxşı mükafat idi. Buna necə münasibət bildirərdiz?

 

- 2017-ci ildə Azərbaycan Respublikasında gənclərlə iş sahəsində əldə etdiyim bu mükafat hesab edirəm ki, gənclərlə iş sahəsində 18 illik fəaliyyətimə cənab Prezident tərəfindən verilən ən böyük qiymət idi. Gənclərlə iş sahəsində layihə və proqramları icra edərkən belə bir mükafata nə vaxtsa laiq görüləcəyim barəsində heç düşünməmişdim. Mənim hər zaman bir məqsədim olub, gəncləri maarifləndirmək, onlara karyera seçimində düzgün istiqamət vermək və yardımçı olmaq, gənclər arasında könüllülük işini təbliğ etmək. Bütün bu yolları mən özüm keçdiyim üçün mənim üçün bu işləri görmək zövq vericidi.

 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə təyin olunduğum gündən Gəncə şəhərinin 2016-cı ilin “Avropanın Gənclər Paytaxtı” tituluna müraciət etməsi üçün hazırlıq işlərinə başladıq. Bu işə Gəncə şəhərində, o cümlədən Azərbaycanda kifayət qədər böyük nüfuza malik olan gənclər təşkilatlarını, ələxsus da Gənclər Təşkilatlarının Milli Şurasını cəlb etdik. Demək olar ki, 2013-cü ildə Gəncə şəhərində hər gün gənclərlə bağlı bir tədbir və ya layihə həyata keçirilirdi. Hətta yerli və milli layihələrlə bərabər beynəlxalq gənclər layihələridə icra olunurdu. 2013-cü ilin noyabr ayında Yunanıstanın Saloniki şəhərində Gəncə şəhərinin 2016-cı ilin “Avropanın Gənclər Paytaxtı” elan olunması bizlər üçün gözlənilməz oldu. Bu layihənin icrası ilə əlaqədar cənab Prezident sərəncam imzaladı, 1 milion manat vəsait Gəncə şəhər İcra Hakimiyyətinə ayrıldı, həmçinin 7 mərkəzi icra hakimiyyəti orqanlarına tapşırıldı ki, bu layihənin uğurla icra olunması üçün öz resurlarını səfərbər etsinlər. 2016-cı il ərzində Gəncə şəhərində gənclərlə iş sahəsində 250-dən artıq kiçik, orta və böyük həcmli yerli və beynəlxalq layihələr həyata keçirildi.

 

Bu layihə başa çatdıqdan sonra, cənab Prezidentin məni “Tərəqqi” medalı ilə təltif etməsi özüm üçün gözlənilməz oldu, bu mükafat mənim əməyimə verilən ən yaxşı mükafat idi.

 

- Son günlərdə iqtidarın apardığı islahatları necə dəyərləndirərdiniz?

 

- Son dövrlər aparılan islahatlar bir ili və yaxud bir ayı əhatə etmir. Dövlət daim korrupsiya və məmur özbaşınalığına qarşı mübarizə aparmış, vətəndaşın rifahını yaxşılaşdırmağa çalışmışdır. Qeyd edim ki, aparılan islahatlar vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Artıq hər kəs Prezidentin ətrafında daha möhkəm birləşir. Bunu istər virtual həyatda, istərsə də realda görmək mümkündür. İnsanların əksəriyyəti birbaşa Prezidentə müraciət edir, problemini bizim vasitəmizlə dövlət başçımıza çatdırmağa çalışır. İnsanlarda dövlətin siyasətinə inam daha da artıb. Əminliklə deyə bilərəm ki, ölkə başçımızın 2018-ci ildən bəri başlatdığı, 2020-ci ildə isə daha geniş vüsət alan bu islahatları xalqda rahatlıq, əminlik yaratdı. Bütün bunların nəticəsidir ki, vətəndaş-məmur münasibətlərində şəffaflıq artıq özünü büruzə verir.

 

- Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olaraq ölkənin və xüsusilə deputat seçildiyiniz Gəncənin idman sahəsində gələcəyə dair hansı işlərin görülməsi nəzərdə tutulur?

 

- Bildiyimiz kimi, Gəncə ölkə idmanına bir sıra tanınmış simalar yetişdirmişdir. Olimpiya çempionu sərbəst güləşçi Toğrul Əsgərovu və paralimpiya çempionu cüdoçu Ramil Qasımovu misal göstərmək olar. Gələcəkdə onlar kimi idmançıların üzə çıxması üçün “Nizami yurdu”nda yeni idman qurğularının, zalların inşası planlaşdırılır. Hazırda ölkənin ikinci böyük şəhərində regionda analoqu olmayan İdman sarayı tikilir və yaxın gələcəkdə inşası başa çatdıqdan sonra idmançıların ixtiyarına veriləcək. Bundan başqa, qarşıdakı aylarda 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində yenidənqurma işlərinə start veriləcək. Həmçinin, ölkənin ən köklü klublarından olan “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda da əsaslı şəkildə təmir işlərinin görülməsi nəzərdə tutulur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir