Modern.az

Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi

Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi

Dünya

6 İyun 2020, 20:44

Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarına Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə edib.

Modern.az xəbər verir ki, nazirliyin yaydığı elanda Avstraliyadakı irqi ayrı-seçkilik və zorakılıq hallarının təhlükəsizlik üçün yaratdığı risklər əsas götürülərək, bu ölkəyə səyahət məsləhət bilinməyib.

Bildirilir ki, son zamanlar Avstraliyada COVID-19 pandemiyasının təsiri altında çinlilərə və ümumən asiyalılara qarşı irqi ayrı-seçkilik və zorakılıq hallarının artması müşahidə olunur.

Rəsmi Kanberra bu ittihamları rədd edərək, hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla turistin Avstraliyaya səfər etdiyini və səyahət boyu özlərini rahat və təhlükəsiz hiss etdiklərini bildirib.

Bununla yanaşı, Avstraliya İnsan Hüquqları Komissiyası son 2 ayda şikayətçi olan hər 4 nəfərdən birinin şikayətinin məhz COVID-19 məsələsindən qaynaqlanan irqi ayrı-seçkiliklə bağlı olduğunu açıqlayıb. Yerli KİV-lər apreldə iki çinli tələbəyə hücum edən dəstənin üzvləri olduğu güman edilən iki ağdərili qadını saxlamaq üçün əməliyyat keçirdiyini yazmışdı. Mart ayında isə Hobart şəhərində yerli sakin Honkonqdan olan tələbəyə hücum etdiyini etiraf edərək həbs olunmuşdu. O, tibbi maska taxdığı üçün honqkonlu gəncin COVID-19 xəstəsi olduğunu yəqin edərək, ona hücum etdiyini bildirmişdi.

Çin ilə Avstraliya arasında münasibətlər yeni növ koronavirus yayılmağa başlayandan pisləşib. Ötən ay Pekin antidempinq araşdırmalarından sonra Avstraliyadan arpa idxalına 80,5 faizlik tarif tətbiq etməyə başlayıb. Ondan əvvəl isə etiketləmə qaydalarını pozduğu üçün Avstraliyanın 4 mal əti ixracatçı şirkətini "qara siyashı"ya daxil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir