Kosmetika xarici görünüşünü dəyişdirmək istəyən xanımların gündəlik istifadə etdikləri vasitədən biridir. Zərərli və ya zərərsiz olub, olmadığını düşünməyən əksər xanımlar gündəlik həyatlarında gözəl görünmək üçün kosmetikanın imkanlarından istifadə edirlər.
Doğrudur, kosmetikaya ehtiyac duymayanlar xanımlar da az deyil. Amma zərif cinsin elə nümayəndələri var ki, evdən makiyajsız çıxmağı özlərinə kompleks bilirlər. Bu baxımdan Modern.az-ın əməkdaşı fərqli nəsillərin nümayəndələri arasında sorğu keçirib. Qadının gözəlliyi özündən olmalıdır
Sadə vətəndaş Elmira Atakişiyeva kosmetikadan gündəlik istifadə etməyi xoşlamadığını deyib. Onun sözlərinə görə, kosmetikanın xeyirli tərəflərindən daha çox ziyanı var: “Onlardan istifadə edən xanımlar çox vaxt yerli-yerində istifadə edə bilmirlər. Məncə kosmetikanın ucuz, bahalılığından asılı olmayaraq, onun ziyanı çoxdur. Xoşlamadığımdan, mənim üçün lazım olmayan bir vasitə olduğuna görə istifadə etmirəm. Elə insan var ki, ona makiyaj yaraşır, eləsi də var yaraşmır. Amma bunun da həddi olmalıdır. Hər şeyi qədərində istifadə etməlidirlər”.
“Təfəkkür” Universitetinin 4-cü kurs tələbəsi Ceyla Həsənova kosmetikanın qadının həyatında mühüm rol oynadığını bildirib. Lakin ondan qədərində istifadə etməyi məsləhət görüb:
Xalq artisti Mələkxanım Əyyubova bildirib ki, efirə çıxanda özünə məxsus kosmetika vasitələrindən istifadə edir. Xalq artistinin sözlərinə görə, bu həm gigiyenik, həm də keyfiyyət baxımından insan orqanizminə xeyirlidir: “Gündəlik həyatımda kosmetik vasitələrdən istifadə edirəm, amma çalışıram ki, keyfiyyətli olsun. Ucuz kosmetikadan istifadə edə bilmirəm. Deyirlər ki, “ucuz ətin şorbasi olmaz “, yəni bunu öz təcürbəmdən bilirəm, ucuz kosmetika qadını heç vaxt gözəl göstərə bilməz. Tez-tez xarici ölkələrdə oluram və kosmetikalarımı oradan gətirirəm. Gündəlik yüngül kosmetikadan istifadə edirəm. Səhnə üçün xoşlayıram ki, təbii kosmetikadan istifadə edim. Qadının vacib deyil ki, gözəl kosmetikası və gözəl geyimi olsun. Əsas odur ki, səliqə-səhmana və özünə baxmağa üstünlük versin”.
Dermatoveneroloq və kosmetoloq Ramil Qocayev kosmetikaların ucuz və bahalı kimi səciyyələndirməyin düzgün olmadığını bildirib: “Burada əsas məsələ keyfiyyət üzərində dayanmaqdır. Amma burada da bir neçə fərqli fikirlər meydana çıxa bilər. Elə olur ki, keyfiyyətli kosmetika dəridə hər hansı bir problem yarada bilir. Belə ki, onlardan istifadə zamanı səpkilərlə müşahidə olunan allergik problemlər yaranır. Allergik problemlər fərdi xarakter də daşıya bilər. Çünki birinə allergiya verən kosmetik vasitə, digəri üçün ideal ola bilər. Ona görə də hər hansı bir kosmetik vasitəni alanda öncə bədənin görünməyən hissəsində test etmək lazımdır. Bir neçə gün müddətində heç bir problem yaşanmasa, demək ki, o vasitə sizin dəriniz üçün ideal sayıla bilər”. Kosmetoloq xanımlar üçün bir sıra məsləhətlər də verib: “Metro stansiyalarının keçidlərində və digər buna bənzər yerlərdən ucuz kosmetika almaq olmaz. İş xanımlarına da məsləhət görərdim ki, kosmetikadan bir gün ərzində iki saat istifadə etsinlər. İki saatdan bir dəriyə nəmləndirici kremlər vursunlar”.