Modern.az

Bakıda bağ evlərinə tələbat artıb

Bakıda bağ evlərinə tələbat artıb

25 İyun 2020, 11:34

Mövsümlə əlaqədar bağ evlərinə tələbat artıb. Bunu Modern.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.


R.Əliyev qeyd edib ki, qış mövsümünə nisbətən yayda qiymətlər cüzi artıb:


“Qışda bağ evlərinə tələbat olmur. Pandemiya səbəbindən builki vəziyyət bir az başqa cürdür. Hamı danışır ki, guya daşınmaz əmlak bazarında kosmik artım var, amma vəziyyət elə deyil. Yəni qışla müqayisədə cüzi artım müşahidə olunur. Sərhədlər bağlı olduğu üçün insanların istirahət üçün yeganə yeri ölkə daxilindədir. Yəni insanların yeganə seçimi ölkə daxilində istirahət etməkdir”.


Ekspert deyib ki, pandemiya səbəbindən əslində bağ evlərində qiymət artımı 50 faizə qədər proqnozlaşdırılırdı:


“Proqnozların özünü doğrultmaması həm əhalinin gəlirlərinin azalması, həm də çimərliklərə girişin məhdudlaşdırılması ilə bağlıdır. Çünki əsasən bağ evləri çimərliklərə görə seçilir. Əgər vətəndaş bağ evinə gedir və onu çölə çıxmağa qoymurlarsa, bunun heç bir əhəmiyyəti qalmır. Sadəcə olaraq 2 ay bundan əvvəl proqnozlaşdırılırdı ki, həyət evlərinin qiyməti aratacaq. Amma hazırda belə artım müşahidə edilmir. Sadəcə, həyət evlərinin statusu artıb. Status artımı əhəmiyyətli qiymət artımına çeviriləcək-çevirilməyəcək, bunu zaman göstərəcək. Necə zəlzələ olanda deyirdilər ki, camaat artıq hündürmərtəbəli binalarda yaşamayacaq, hamısı həyət evlərində yaşayacaq. Amma zəlzələdən bir ay sonra hər şey yaddan çıxdı. Pandemiya bitəndən sonra da eyni vəziyyət olacaq”.


Eskpertin sözlərinə görə, bağ evlərinin qiyməti mərkəzə və dənizə yaxınlınğından asılı olaraq dəyişir:


“Hazırda bağ evləri yerindən asılı olaraq, aylıq kirayəsi 400 manatdan 2 min manat, hətta daha çox məbləğə təklif edilir. Ölkənin turizm infrastrukturu ciddi zərbə alıb. Turistlər arasında bağ evlərinə üz tutanlar da olurdu. Turistlər gəlmir, sutkalıq mənzillər boşdur.

Bağ evlərinin qiymətlərinə təsir edən amillər əsasən, şəhərin mərkəzinə, dənizə yaxınlığı və orada infrastrukturun mövcudluğu ilə bağlıdır. Mən indi deyim ki, indi ən yaxşı yer Buzovna və Mərdəkandadır. Amma oranın da yaxşı yeri, pis yeri var.

Ümumilikdə məntiqlə çox böyük artım olmalı idi, amma baş vermədi. Bunun səbəbi həm turizm sektorunun zərbə alması, ikinci məsələ xaricdən gələnlərin sayının azalması, üçüncü məsələ digər ölkələrdə də giriş-çıxışın bağlı olmasıdır. Daşınmaz əmlak bazarı hələ də şokdan ayılmayıb. İndiki elanlara daxil olub təhlil aparanda görünür ki, heç bir dəyişiklik yoxdur. Məsələn, 6 ay əvvəlki elanı olduğu kimi saxlayıblar. Həm də nəzərə almaq lazımdır ki, pandemiya şəratinə uyğun dövr deyil. Həmçinin manatın məzənnəsi məsələsi gündəmdədir. Eyni zamanda, qiymət azalmasını gözləyənlər çoxdur. Səbəblər əslində çoxdur və daha çox gözləməyə hesablanıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi