Modern.az

Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI

Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI

10 İyul 2020, 12:37

Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən, 2018-2019-cu illərdə  dövlət büdcəsindən ayrılan vəsaitlərin Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs (bundan sonra-Mərkəz) tərəfindən icrası vəziyyətinə dair  uyğunluq auditi aparılıb.

 

Palatadan Modern.az-a verilən məlumata görə, Mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən Proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmamış, hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmamış, tibb müəssisələrindən müvafiq sifarişlər tələb edilməmiş, qeydiyyatda olan xəstələrin sayının və tibb müəssisələrində icra olunan çarpayı günlərinin, habelə aparılmış müayinələrin sayının dəyişməsi üzrə məlumatların təhlili tam həyata keçirilməmiş, bir çarpayı gününə və ya bir xəstənin müalicəsinə düşən dərman vasitələrinə, müayinələrin aparılması üçün laboratoriya reaktivlərinə və şüa diaqnostika materiallarına, peyvəndlərə, tibbi təyinatlı vasitələrə tələbatlar tam nəzərə alınmamış və nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.

 

Auditlə əhatə olunan illərdə “2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib. Eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində 1 xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də  fərqli olub.

 

Auditlə əhatə olunan dövrdə dərman vasitələrinin alınması zamanı bağlanılmış müqavilələrin xüsusi şərtlərinə tam nəzarət edilməmiş, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən   endirilmiş, 2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təynatlı vasitələr təhvil verilməmiş, 2019-cu ilin sonuna isə anbarda qalan 4773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7,0%-53,0% arasında olmuşdur. Həmçinin 2018-ci ildə 1272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmamış, dərman preparatları və tibbi təyinatlı vasitələrin alınması ilə bağlı bağlanılmış müqavilələr üzrə öhdəliklərin icraçı müəssisələr tərəfindən vaxtında icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün cərimə məbləğinin hesablanması və alınması təmin edilməmişdir. Eyni zamanda 2018-ci ildə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi səbəbindən bağlanılmış müqavilələrin icra müddəti uzadılmış və dərman vasitələri müəyyən olunmuş müddətlərdə alınaraq tibb müəssisələrinə çatdırılmayıb.

 

Mərkəz tərəfindən 2018-ci ildə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min  manat, 2019-cu ildə isə 29 adda 1716,3 min  manat dəyərində dərman vasitələri alınıb.

 

Aparılmış audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilmiş nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılmış, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün hesablanmış 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub