Modern.az

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

Ölkə

Bu gün, 08:30

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş kitaba münasibəti ilə bağlı maraqlı xatirə açıqlanıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov ustad jurnalist Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimatında danışıb.

Əflatun Amaşov bildirib ki, illər əvvəl İrana səfər edərkən Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kitablarını özü ilə aparıb. Həmin dövrdə İranın səhiyyə naziri olan Məsud Pezeşkian görüş keçirilən nümayəndə heyətinə rəhbərlik edib.

Amaşov görüş zamanı kitabları Pezeşkiana hədiyyə etdiyini deyib:

“Bildirdim ki, bunlar vacib və müqəddəs kitablardır, mütləq oxumaq lazımdır. Kitabların nədən bəhs etdiyini də ona izah etdim”.

Onun sözlərinə görə, Məsud Pezeşkian kitabı əlinə alaraq öpüb və mütləq oxuyacağını bildirib.

Qeyd edək ki, “İstiqlal söhbətləri” kitabı Azərbaycan mətbuatının tanınmış tədqiqatçısı Şirməmməd Hüseynovun yaradıcılığına həsr olunub. Nəşrdə Əməkdar jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla ANS TV və Real TV üçün apardığı müsahibələrin, eləcə də “YouTube” platformasında yayımlanan səs yazılarının mətnləri toplanıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, kitab üzərində işi AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli yekunlaşdırıb. Müsahibələri Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə ediblər.

Təqdimat mərasimində Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, eləcə də digər jurnalist və alimlər iştirak ediblər. Çıxış edənlər nəşri Şirməmməd Hüseynovun xatirəsinə ehtiram nümunəsi kimi qiymətləndiriblər.

Şirməmməd Hüseynovun vəfatından sonra onun kitabları həyat yoldaşı Ülkər Hüseynovanın təşəbbüsü ilə nəşr olunur. “İstiqlal söhbətləri” həmin seriyadan olan növbəti kitabdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC