Modern.az

“Azərbaycana qayıtmaqla bağlı müraciətləri Operativ Qərargaha göndəririk” – Səfir Tural Rzayev

“Azərbaycana qayıtmaqla bağlı müraciətləri Operativ Qərargaha göndəririk” – Səfir Tural Rzayev

Diaspor

12 İyul 2020, 11:34

“Misirdəki Azərbaycan vətəndaşlarının vəziyyəti mütəmadı olaraq diqqətimizdədir. Səfirliyin əməkdaşları da daxil olmaqla müştərək WhatsApp qrupu fəaliyyət göstərir ki, burada həmvətənlilərimiz qarşılaşdıqları problemləri və ölkədə tədbiq olunan qaydalar barədə məlumatları paylaşır. İmkan daxilində köməklik göstərilir. O cümlədən maddi və hüquqi yardım, sanitar- gigiyena vasitələri ilə təminat və s. Həmçinin vətəndaşlarımıza COVİD-19- la bağlı tövsiyyələr də verilir”.

 

Bu fikirləri Modern.az-a Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.

 

Səfirin sözlərinə görə, hər bir müraciətə dərhal reaksiya verilir:

 

“Şükürlər olsun ki, hələ soydaşlarımız arasında bu xəstəliyə tutulan yoxdur. Səfirliyimizdə “qaynar xətt” daimi olaraq fəaliyyətdədir. Səfirliyimiz onlayn formada, növbətçilik rejimində fəaliyyət göstərir. Vətəndaşlarımızın bütün müraciətlərinə dərhal reaksiya verilir. Heç bir müraciət cavabsız qalmır. Səfirlik imkanları çərçivəsində olan məsələlər operativ şəkildə həllini tapır. Səfirliyin imkanları xaricində olan müraciətlər isə Mərkəzə, Operativ Qərargaha çatdırılır. Buna misal vətənə qayıtmaq müraciətlərini deyə bilərəm. Belə müraciətlər Operativ Qərargaha göndərilir”.

 

Azərbaycanlı diplomat Misir hava limanlarının məhdud sayda ölkələrə qarşılıqlı əsasda açıq olduğunu da bildirib:

 

“Əsas etibarı ilə çarter uçuşları həyata keçirilir. Müntəzəm uçuşlar hələ bərpa olunmayıb. Ölkə daxilində karantin rejimində nisbi yumşalma müşahidə olunur. Dövlət qurumları tam həcmdə fəaliyyətə başlamasa da, universitet, məktəb, bağçalar bağlı olsa da, bəzi muzeylərin, turistik məkanların alış- veriş məkanlarının fəaliyyəti bərpa olunub. Qapalı məkanlarda maskalardan istifadə olunması zəruridir. Bütün turistik məkanlarda və alış- veriş mərkəzlərində vətəndaşların qızdırması ölçülür. Axşam saat 22.00- dan sonra küçəyə çıxmaq qadağandır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar