Modern.az

Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır...

Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır...

Aktual

13 İyul 2020, 17:18

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Ermənistan ordusunun Tovuz istiqamətində atəşkəsi pozması Azərbaycana Vətən müharibəsini başlamağa tam əsas verir. Burada "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" deyimi öz əhəmiyyətini tamamilə itirir. Ermənilərin məqsədi "şimali Artsax" adlandırdıqları Gəncəbasar bölgəsini artıq bu gün səhər Ermənistan xarici işlər nazirinin müraciət etdiyi KTMT-nin köməkliyi ilə ələ keçirmək, işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonları birdəfəlik ilhaq etməkdir. 

 

Bunu Ermənistan ordusunun döyüşü təmas xəttində deyil, məhz iki ölkə arasında olan Tovuz rayonundakı dövlət sərhəddindən başlaması açıq sübut edir. Aydın məsələdir ki, düşmən hücuma Ağdam, Füzuli və ya digər təmas xətti olan mövqelərdən keçmiş olsaydı, Dağlıq Qarabağ Azərbaycanın daxili işi olduğundan Ermənistanın üzv olduğu KTMT-yə müraciət etmək hüququ olmayacaqdır.    

 

Doğrudur, düşmən ölkənin pandemiya dövründə atəşkəsi pozmasına səbəb kimi İrəvanda hakimiyyətdaxili və ya klanlar arası çəkişmələrlə, həmçinin Paşinyanın uğursuz siyasi kursu ilə əlaqələndirilməsi məqsədə uyğundur. 

 

Ancaq hiyləgərcəsinə özlərini xristian dünyasının az qala atası, hətta İsa peyğəmbərin erməni oldunğunu iddia edən ermənilərin məhz Türkiyənin Aya Sofiyanın muzey statusunu ləğv edib, onu Məscid etməsindən sonra bu addımı atmasını da unutmaq olmaz. Əslində illərdir ki, Türkiyə və Azərbaycana qarşı torpaq iddiasında olan ermənilərin hazırda xristian dünyası tərəfindən Türkiyəyə yönəlmiş mənfi münasibətdən yararlanmağa can atdığını güman etmək daha doğru olar. Sözsüz ki, onların bu döyüşdə əsas niyyəti özlərini mənsub olduqları dinin güya, təəssübkeşi kimi dünya xristian xalqlarının gözünə soxub və Dağlıq Qarabağın müstəqilliyini tanıtmaq üçün yaranmış fürsətdən istifadə etməkdir. Görünür onları bu işdə Katoliklərin ruhani lideri Roma Papası Fransisin "ağlım İstanbulda, Aya Sofiyanı düşünürəm və dərindən acı çəkirəm", - deməsi də ruhlandırıb. 

 

Ancaq Ermənistanın Qarabağ məsələsində daha çox güvəndiyi Rusiya tərəfindən Aya Sofiya ilə bağlı verilən bəyanatda hayların ayaqları "göydə" qalır. Çünki Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rəsmi Ankaranın Aya Sofyanı məscidə çevirmə qərarının Türkiyənin daxili işi olduğunu açıqlayıb. O, "Bu məsələ ölkəmizdə və xaricdə geniş əks-səda yaratdığını bilirsiniz. Ancaq geniş mənada biz bunun Türkiyənin daxili işi olması düşüncəsindən yola çıxırıq. Dolayısı ilə daxili işlərinə nə biz, nə də başqaları qarışmalıdır", - deyib.

 

Ermənistan xarici işlər naziri artıq KTMT-yə müraciət edib və sabah bu təşkilatın iclası çağırılacaq. Ancaq nə bu təşkilat, nə də Aprel döyüşlərindəki kimi Moskvadan gələn zənglər Azərbaycan ordusunu haqq işindən saxlamamalıdır. Əksinə, Azərbaycan Ordusu bütün təmas xətti boyu hücuma keçməlidir. Ordu Tovuzdakı mövqeləri qorumaqla, döyüşü təmas xəttinə - Ağdam, Füzuli istiqamətinə keçirməlidir. Bakıya zəng etmək istəyənlər isə, qoy bu dəfə İrəvanla danışıb onlara işğal etdikləri Azərbaycan torpaqlarından tezliklə çıxmalarını tövsiyə etsinlər. 

Artıq dünən qardaş Türkiyə Cümhuriyyəti, "Türkiyə bütün mümkün olan imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdə davam edəcək", - deyə, öz bəyanatını verdi. 

 

Dünən Təbrizdən, Kərkükdən Azərbaycanın haqq işi mənəvi olaraq dəstəkləndi, düşmənə ölüm şüarları səsləndirildi. Ağdamdan Tovuza gedib döyüşə qatılmaq istəyən gənclərin, həmçinin Lökbatandan Bakıya yürüş etməyə cəhd edənlərin amalı yalnız dövlətin yanında sıx birləşərək, Dağlıq Qarabağı düşməndən azad etmək durur. Hamı bilir ki, nə ATƏT, nə də digər ortalıqda vaxt öldürənlər Dağlıq Qarabağ məsələsini sülh yolu ilə çözə bilməyəcəklər. "Pazı, pazla çıxararlar" məsəlinin nə olduğunu ruslar da yaxşı bilir. Odur ki, rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə heç bir halda məhəl qoymamalıdır. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir