Modern.az

Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”  

Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”  

Aktual

14 İyul 2020, 10:43

“Cəbhədə növbəti dəfə uğursuzluğa düçar olan Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Nikol Paşinyan hökumətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub, əhali etiraz aksiyalarına başlayıb, fəallar sosial şəbəkələrdə Paşinyan iqtidarını ciddi tənqid edirlər”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

 

O qeyd edib ki, erməni tərəfinin guya Azərbaycan Ordusunun mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddiaları yalan və dezinformasiyadan başqa bir şey deyil: “Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar”.

 

Deputat vurğulayıb ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib:

 

“Ordumuzun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib”.

 

Ü.Quliyevin sözlərinə görə, Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür: “Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurub. Bütün siyasi rəqiblərini təqib edir, həbsə atdırır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan iqtidarını çıxılmaz duruma salıb. Ona görə də Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Amma o, buna nail ola bilməyəcək. Çünki hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Hökumət başçısının demaqoqcasına vəd etdiyi “çiçəklənmə” isə reallaşmır. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Ermənistanın baş naziri hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa-olsun iqtidarını qorumaqdır”.  

 

Milli Məclisin deputatı deyib ki, N.Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olub:

 

“Bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.

 

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

 

Azərbaycan Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olub. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı