Modern.az

Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq

Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq

16 İyul 2020, 17:11

Demokratiya və İnsan Haqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə  son günlər baş verənlərlə bağlı sualları cavablandırıb.

Modern.az həmin müsahibəni təqdim edir

– Çingiz müəllim, son günlər sərhədboyu ərazilərdə baş verən hadisələr Ermənistanın işğalçı siyasətindən əl çəkmədiyni bir daha təsdiqlədi...

– Ermənistan dövləti uzun illərdir ki, işğal siyasətini davam etdirir və tez-tez sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur, hərbçiləri, günahsız mülki əhalini vəhşicəsinə qətlə yetirir. Bununla da faşizm ideologiyasına sadiqliyini nümayiş etdirir.

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək, mövqelərimizi ələ keçirməyə cəhd göstərdi. Bu, işğalçı qüvvələr tərəfindən həyata keçirilən birinci hərbi təxribat deyil. Çünki son bir neçə ay ərzində belə hərbi təxribatlar nəticəsində cəbhə bölgələrində hərbçilərimiz, mülki şəxslər həlak olublar. Təəssüf ki, hər dəfə də beynəlxalq təşkilatlar, xüsusilə, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu, həmişə olduğu kimi, neçə il bundan əvvəl hazırlanmış söz yığınından ibarət olan “bəyanatı” yaymaqla işini bitmiş hesab edir.

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun ərazisini artilleriya qurğusundan atəşə tutub, mülki əhali , hərbçilər qətlə yetirilib, evlər dağıdılıb, ATƏT-in Minsk qrupu heç kimə lazım olmayan əhəmiyyətsiz bəyanat yayır. Rusiyalı politoloqlar təklif edirlər ki, ATƏT-in Minsk qrupu dərhal buraxılsın. Politoloqlar bildirirlər ki, əgər bu təşkilat heç nəyə nəzarət edə bilmirsə, onun qalmasının faydası yoxdur.

– Hadisələrin gedişatı göstərir ki, özümüz-özümüzü müdafiə etməliyik. Çünki beynəlxalq təşkilatların siyasi riyakarlığı Ermənistanı daha da quduzlaşdırır.

– Son hadisələr də göstərdi ki, qüdrətli Azərbaycan Ordusu işğala adət etmiş Ermənistan silahlı qüvvələrinin cavabını layiqincə verdi. Əlbəttə, özümüz-özümüzü müdafiə etməliyik. Beynəlxalq təşkilatlardan kömək gözləməyin mənası yoxdur. Otuz ilə yaxındır ki, Ermənistan işğalçı siyasətindən əl çəkmir. Bu müddət ərzində ərazilərimizin 20 faizi işğal edilib. Hansı beynəlxalq təşkilat işğalçı ölkəyə sanksiya tətbiq olunması barədə qəti mövqe ortaya qoyub? Bu işdə əsas vəzifə ATƏT-in Minsk qrupunun üzərinə düşür. Bu qurumun fəaliyyətsizliyi, ikili standartı, tərəfkeşliyi göz önündədir. Nə yaxşı ki, işğalçını yerində otuzdurmağa qadir olan qüdrətli ordumuz var. Ermənilərin sonuncu təxribatının qarşısının alınmasında silahlı qüvvələrimizin döyüş qabiliyyətinin yüksək səviyyədə olması bir daha özünü büruzə verdi. Azərbaycan xalqı ərazi bütövlüyümüzün təmin olunmasında ordumuzun və Ali Baş Komandanın ətrafında sıx birləşib. Bu həmrəylik taleyüklü məsələlərdə həlledici rol oynayır.

Ermənistanın baş naziri düşünür ki, xarici təhlükə adı altında ölkəsində müxalifəti tərksilah edəcək, hakimiyyətə qarşı formalaşmış təhlükəni aradan qaldıra biləcək və əsas istiqaməti sərhədboyu ərazilərdə təxribata yönəltməklə hakimiyyəti bir qədər də əlində saxlamağa nail ola biləcək. Lakin Ermənistanda artıq etiraz aksiyaları başlayıb, sosial şəbəkələr isə Paşinyan hakimiyyətini çox ciddi tənqid edirlər. Azərbaycanda isə demək olar ki, hamı ayağa qalxıb və təcavüzkara qarşı vuruşmağa hazır olduğunu bildirdi.

Ölkəmizdə bəzi şəxslər və təşkilatlar tərəfindən bununla bağlı xaotik təşəbbüslər və sosial şəbəkələrdə çağırışlar var. Belə çağırışlar bir tərəfdən alqışlansa da, digər tərəfdən silahlı qüvvələrimiz haqqında müəyyən fikir formalaşdıra bilər. Bizim çox güclü, qüdrətli ordumuz var. Bu ordu Ali Baş Komandanın əmri ilə hər an düşmənə ağır zərbə vurmağa hazırdır. Yeri gəlmişkən, BMT Nizamnaməsi işğala məruz qalan ölkəyə müharibə, müdafiə hüququ verir. Biz işğala məruz qaldığımızdan bu hüquqdan tam istifadə etməyə haqqımız çatır. Biz işğal altında olan torpaqlarımızı azad etmək üçün müharibə aparsaq belə, BMT Nizamnaməsi və beynəlxalq hüquq bizim tərəfimizdə olacaq.

– Bu hadisələrdən istifadə edib aranı qarışdıran, ordumuzu gözdən salan təbliğatlar aparan, xarici ölkələrdə oturub xalqın “qayğısına” qalanlar xeyli fəallaşdılar. Onlara münasibətinizi bilmək istərdik.

– Belələrinə yalnız xəyanətkar adı vermək olar. Mən həmin şəxslərdən bəzilərinin adını çəkmək istərdim. Sabiq müdafiə naziri Rəhim Qazıyev. Bu adam hansı üzlə xalqın qarşısına çıxıb çağırışlar edir? Müdafiə naziri olarkən buraxdığı səhvlər, kim bilir, bəlkə də bilərəkdən yol verdiyi “nöqsanlar” bu gün də özünü göstərir. Yəni, bu adam elədiklərini unudubmu? Mənə elə gəlir ki, onda zərrə qədər də vətənpərvərlik hissi yoxdur. Məgər o, Azərbaycanın nizami, güclü, qüdrətli ordusunu görmürmü? Bu ordu 2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinə divan tutmadımı? Naxçıvanda işğal altında olan 11 min hektar ərazini azad etmədimi? Sərhəd bölgələrində strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmədimi? Elə Tovuz hadisələrində düşmənin hərbi bazasını, artilleriya qüvvəsini bizim ordumuz dağıtmadımı? Rəhim Qazıyev bunları görmürsə, demək, həkimə ehtiyacı var. Fikrimcə, Rəhim Qazıyev, xarici ölkələrdə bir qarın çörəyə Vətəni satan Qənimət Zahid və sosial şəbəkə dəllalları ölkəmizin müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymaqla anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirirlər. Belələri dövlət əleyhinə açıq çağırışlar etməklə, erməni dəyirmanına su tökürlər. Cəbhədə baş verən hadisələr barəsində ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, belə xəyanətkarlar məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyətini özlərinə və düşmənə sərf edən şəkildə təhrif edir, həqiqətə uyğun olmayan xəbərlər yaymaqla, ölkəmizin müdafiə qabiliyyətini zəiflətməyə çalışırlar. İndiki şəraitdə insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə çağıranlar layiqli cəzalarını almalıdırlar. Onsuz da belə xəyanətkarlara inanan yoxdur. Hər halda, günahkar cəzasız qalmamalıdır.

– Həmişə olduğu kimi, bu dəfə də xalq Prezidentlə bir yerdə olduğunu nümayiş etdirdi.

– Kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, belə məqamlarda hamı birləşməli, milli həmrəylik nümayiş etdirməlidir. Rəhim Qazıyev, Qənimət Zahid və bəzi sosial şəbəkə dəllallarının birləşməsinə ehtiyac yoxdur. Onsuz da belələrinin xisləti buna yol verməz. Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımız hər zaman olduğu kimi, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandan ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Milli həmrəylik , vətəndaş-dövlət vəhdəti həmişə qalib gəlib. Biz sonuncu hadisədə bunun şahidi olduq. Məndə olan məlumata görə, artıq ölkəmizdə 43 siyasi partiya bəyanat qəbul edərək, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Bəyanatda qeyd edilir ki, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir