Modern.az

“Bizi ora danlamağa çağırmamışdılar” - Ziyalılar Anar Ələkbərovla görüşdən DANIŞDILAR

“Bizi ora danlamağa çağırmamışdılar” - Ziyalılar Anar Ələkbərovla görüşdən DANIŞDILAR

22 İyul 2020, 11:18

Ötən gün Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.

Görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub.


Görüşdə iştirak edən ictimaiyyət nümayəndələrinin bəziləri öz təəssüratlarını Modern.az-la bölüşüblər:


Az
ərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı görüşün rəsmi formatda olmamasından və rahat mühitdən razı qalıb:

 

"Ümumiyyətlə, görüş təşəbbüsü və formatın özü mənə çox xoş gəldi. Çünki rəsmiyyətdən və protokoldan xeyli uzaq idi. Yəni bu görüş Prezident Administrasiyasında ya hansısa bir rəsmi qurumun salonunda, kabinetdə keçirilsəydi o zaman insanlar sıxıla bilərdi. Amma görüş Heydər Əliyev Mərkəzində rahat bir şəkildə foyedə keçirildi. Dəvət olunan hər qonağın yanında spirt, maska və kofe, şirniyyat qoyulmuşdu. Bunu ona görə deyirəm ki, bütün bu incəliklər göstərirdi ki, format yenidir və insanları ora danlamağa çağırmayıblar. Orda çıxış edənlərin böyük əksəriyyəti adətən belə görüşlərə dəvət olunmayanlar idi. Qonaqların hamısı sözlərini rahatlıqla söyləyirdi və bilirdilər ki, qarşı tərəfdə səsləndirdikləri fikrə maraq var. Buna səbəb də Anar Ələkbərovun yaratdığı rahat mühit və görüşün əvvəlində uzun-uzadı rəsmi hesabat verməməsi idi. Düşünürəm ki, bu kimi görüşlərin davamı olacaq.
Mən nitqimdə bildirdim ki, görüşün məqsədi COVID-19 və Tovuz istiqamətində baş verən provakasiya ilə bağlı sosial şəbəkələrdə gedən informasiyalardır, amma yəqin ki, media nümayəndələri ilə də ayrıca görüş təşkil edilər. Cavab da belə oldu ki, bu barədə rəsmi şəxslərin planları var. Yəni onlar insanlardan fikir almaq istəyirlər, təklif eşitmək istəyirlər. Bu mənada görüş məni qane etdi".

 

Tanınmış telejurnalist Qulu Məhərrəmli görüşün formal keçmədiyini və səsləndirilən təkliflərin nəticəsinin olacağına ümid etdiyini bildirib:

"Ölkə prezidentinin köməkçisi Anar Ələkbərovun ictimaiyyət nümayəndələri ilə keçirilən görüşünə mən də dəvət olunmuşdum. Görüş üçün yaradılmış səmimi və sərbəst mühit xoşuma gəldi. Məhz bu mühit ölkədəki bir çox problemləri dilə gətirməyə imkan verdi. Formal deyil, səmərəli, faydalı və işgüzar bir görüş oldu. Anar Ələkbərovun dinləmək, problemləri duymaq və çevik reaksiya vermək keyfiyyəti diqqətimizi cəlb etdi. Bu səbəbdən də görüşdə söylənən rəy, təklif və tənqidlərin müəyyən nəticəsi olacağına ümid edirik...".

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova görüşün maraqlı alındığını və ictimaiyyət nümayəndələri ilə davamlı olaraq bu şəkildə müzakirələr aparılacağını deyib:

"Prezidentin köməkçisi Anar Ələkbərovun təşəbbüsü ilə keçirilən görüşdə ziyalılar təxminən 11 nəfərlə iştirak etdi. Görüşdə demək olar hər sahədən nümayəndə var idi. Müzakirləri, fikir mübadiləsini çox məhsuldar hesab edirəm. Anar bəy hökumətin pandemiya ilə mübarizə tədbirlərini diqqətə çatdırdı və bu yaxınlarda baş verən Tovuz hadisələri, erməni təxribatı haqqında məsələlər müzakirə olundu. Eyni zamada, baş verən hadisələrin sosial şəbəkələrdə əksi, informasiya təhlükəsizliyi barədə fikirlər səsləndirildi. Orda iştirak edən insanlar da çox maraqlı fikirlər söylədilər, yaxşı debat alındı. Elçin Şıxlı, Qulu Məhərrəmli kimi dəyərli media nümayəndələrimizin fikirlərinə dövlət orqanlarının ehtiyacı var deyə düşünürəm. Müzakirə əsnasında Azərbaycanın gələcəyi üçün səylərin birləşdirilməsi təşəbbüsü irəli sürüldü. Hər kəsin öz sahəsində görülən işlərə töhfə verməsi, Azərbaycanın mənafeyini qorumasının vacibliyi bildirildi. Düşünürəm ki, bu görüşlər ictimaiyyət nümayəndələri ilə mərhələli şəkildə hələ davam edəcək, hökumətlə xalq içərisindən olan nümayəndələrin sıx təması qurulacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir