Modern.az

QHT sədri: “Təəssüf ki, “dəniz kimə lazım idi” deyənlər də tapılır”

QHT sədri: “Təəssüf ki, “dəniz kimə lazım idi” deyənlər də tapılır”

4 Avqust 2020, 11:27

Bir neçə gün idi ki, sərt karantın rejiminin uzadılıb-uzadılmayacağı barədə sosial şəbəkələrdə müzakirələr səngimirdi. Nəhayət ki, dünən Operativ Qərargah tərəfindən sərt karantın rejimi ilə bağlı nəzərdə tutulmuş yumuşaldılma - SMS icazənin ləğvi və çimərliyin açılması barədə qərar elan olundu.
Qərara münasibət bildirən İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli qeyd edib ki, SMS icazənin ləğvi sərt karantin rejimindən sonra insanlarımızın ehtiyac duyduğu lazımı addımlarımızdan biri idi:

“Təbii ki,  SMS icazənin ləğvindən sonra virusun yayılmasına rəvac verməmək üçün insanlarımızda özlərini qorumalı, sosial məsafə və qapalı məkanlarda, xüsusilə ictimai nəqliyyatda maskalardan istifadə etməlidirlər”.

Çimərliklərin açılması ilə bağlı irəli sürülən fikirlərə də münasibət bildirən QHT sədri bildirib ki,  yay mövsümü başlayandan sosial şəbəkələrdə çimərliyə - dənizə getməyin vacibliyi barədə fikirlər səsləndirilir:

“Dənizə gedən də - getməyən də vurğulayırdı ki, insan orqanizminə D vitamininin qəbulu zəruridir. Bəli, mən də razıyam ki, orqanizm D vitamini almalıdır ki, immun sistemi qaydasında olsun, virusa müqavimət göstərə bilsin. Haqlı fikirlərdir. Buna görə də Operativ Qərargah çox ciddi iş apardı, çimərlikləri qaydaya saldı, insanların rahat istifadəsi üçün şərait yaratdı. İndi açıq havada istirahət etməyimiz üçün tam təhlükəsiz şərait təmin edilib. Cimerlik.az saytı vətəndaşların təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib.  Lazım olan sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir. Ancaq maraqlıdır ki, buna da narazı olub, “dəniz kimə lazım idi” deyənlər tapılır. Təbii ki, bu cür yanaşma sərgiləyənləri nə istədiyini bilməyənlərə aid etmək olar. Aylardır dəniz sözü dilinizdən düşmürdü. Sizi düşünərək, təhlükəsiz şəraitdə istirahətinizi təmin etmək üçün çimərlikləri açırlar, indi də lağ edirsiz, ya da deyirsiz, çimərlikləri nə edirik? Gərək rayonlara gediş-gəliş açılardı. Görəsən rayonlara gediş-gəliş açılsaydı, nə deyərdiniz? Axı ən azından dəfələrlə deyildi və hamı şahid oldu ki, məhdudiyyətləri birdən-birə aradan qaldıranda vəziyyət pisləşir, yoluxma, ölüm sayları artır. Bu qədər əzab və əziyyət hesabına yenidən yaxşı dinamika əldə edildiyi halda, nəyə görə nailiyyətlərimizi heçə endirək?! Olmazmı ki, bütün məsələləri mərhələli şəkildə həll edək?! Bu gün çimərliklər  açıldı, yoluxanların sayı daha da aşağı düşəndən sonra rayonlara gediş-gəliş də bərpa olunacaq, “mall”ar da açılacaq, digər məsələlər də öz həllini tapacaq”.

V.Hüseynli onu da bildirib ki,  insanlar nəzərə almalıdırlar ki, bütün məhdudiyyətlər aradan qalxan ölkələrdə yenidən karantin rejminə qayıtma müşahidə olunur: “Düşünürəm ki, virusa yoluxmanın kütləvi şəkil almaması üçün ilk olaraq çimərliklər açıldı, növbəti mərhələlərdə  müxtəlif yumşalmalar da ola bilər. Əslində biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir