Modern.az

Səttar Möhbalıyev jurnalistlərlə mətbuat konfransı keçirib  

Səttar Möhbalıyev jurnalistlərlə mətbuat konfransı keçirib  

Aktual

14 Avqust 2020, 14:50

Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev “Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər” mövzusunda Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirib. 

 

Modern.az xəbər verir ki, media nümayəndələri qarşısında çıxış edən AHİK sədri bildirib ki, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirə göstərdi ki, dövlətimiz bəşəriyyətin başı üstünü almış COVID-lə mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul etmiş, daxili imkanlardan bacarıqla bəhrələnərək vəziyyəti nəzarətdə saxlaya bilmişdir. Nəticə göz qabağındadır. Cənab İlham Əliyevin sözügedən müşavirədə də dediyi kimi: “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir...İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”.

 

Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması naminə qəbul etdiyi qərarlarını, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdığı bütün addımları yüksək qiymətləndirir. 

 

Dövlətimizin başçısının insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sınaq günlərində xalqa müraciəti, “Instaqram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümünələridir. 

 

Təbii ki, pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqlar da iaxından iştirak etmişdir. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər edərək müəyyən addımlar atıb.

 

Möhbalıyev bir məsələni xüsusilə qeyd edib ki, möhtərəm Prezident  İlham Əliyev  pandemiya ilə əlaqədar işçilərin ixtisara salınmaması, onların əmək hüquqlarının qorunması  barədə dəfələrlə tapşırıqlar vermiş, bu məsələlərə ciddi yanaşılmasını tələb etmişdir. Sözsüz ki, Prezidentin tələbləri bizim məqsədlərimiz ilə uyğunlaşır və biz də hər zaman onu dəstəkləyirik. 

 

AHİK sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatların, o cümlədən Pan Avropa Regional Şurasının və Beynəlxalq Əmək Təşkilatının üzv ölkələrin həmkarlar ittifaqı təşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik səviyyəsində fəal iştirak edərək, respublikamızda koronavirusla mübarizə sahəsində atılan addımlar və Azərbaycan həmkarlar ittifaqlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara geniş məlumat vermişdir. Hər iki beynəlxalq təşkilat bu sahədə respublikamızda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

 

Pandemiya dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Operativ Qərargah tərəfindən yaradılmış qrupun işəgötürənlərə ünvanladığı Bildiriş bütün üzv təşkilatlara göndərilib.

 

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə maddi dəstək göstərmişdir. Son vaxtlar yalnız AHİK tərəfindən 1200 nəfərdən çox həmkarlar ittifaqı üzvünə ümumilikdə 303 min manatdan çox maddi yardım göstərilib.

 

Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürmüşdür. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. 27 iyul 2020-ci il tarıxdə “Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq  100 min manat vəsait köçürülmüşdür. Eyni zamanda COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat köçürülüb. 

 

AHİK İcraiyyə Komitəsinin avqustun 13-də keçirilmiş iclasının qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının koronavirusla mübarizəyə Dəstək Fonduna əlavə olaraq daha 100 min manat, Naxçıvan Həmkarlar İttifaqları Şurasına 10 min manat maliyyə yardımı edilmişdir. İclasda həmçinin, 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfər azyaşlı uşaqlarının himayəyə götürülməsi və hər bir uşağa  18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınıb.

 

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanmışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302.979 manat maddi yardım göstərilmişdir.  Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş, Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülüb.

 

AHİK-in üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi yardım və ərzaq yardımları göstəriblər.

 

Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.204.445 manatdan çox vəsait xərclənmişdir. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.  

 

Möhbalıyev bir daha bildirib ki, biz həmkarlar ittifaqları olaraq öz işimizi bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında qurmalıyıq. İlk növbədə üzvlərimiz qoyulan karantin rejiminə ciddi əməl etməklə bu qaydalara əməl olunmasına nəzarəti də gücləndirməlidirlər. Həmkarlar ittifaqları olaraq işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti bir daha artırmalıyıq. 

 

Ölkə prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki yekun nitqində dediyi «yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə vətəndaşlarımızı, dövlətimizi bu vəziyətdən xilas etməkdir» çağırışındakı hikmət həmkarlar ittifaqlarını dəırindən düşündürməli və onun fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir. 

 

Mətbuat konfransında AHİK sədri jurnalistləri maraqlandıran suallara da cavab verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər