Son günlərdə Müdafiə Nazirliyi vətəndaşlara hərbi məlumatları yaymamaq, əsgərlərimizin şəkillərini paylaşmamaq haqqında xəbərdarlıq edir. Paylaşılan bu materiallar böyük faciələrə gətirib çıxara, ordumuzun təhlükəsizliyinə zərər verə bilər.
Bu barədə Modern.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustaf əsgərlərimizdən gələn məlumatların gələcəkdə istifadə edilməsi üçün Müdafiə Nazirliyinə təhvil verilməli olduğunu söyləyib:
“Tarixi abidələr, qəhrəmanlıq, şücaət göstərənlərin hamısı qeydə alınır. Amma belə bir məsələ var ki, qeyd olunanların hər biri Müdafiə Nazirliyinin arxivində toplanır. Bütün hərbi videolar oraya yığılır. Bəzi videoların sosial şəbəkələrdə yayılması düzgün deyil. Əgər yayılarsa, bir sıra problemlər yarana bilər. Bunun təhlükəli olduğu haqqında xalqımıza dəfələrlə xəbərdarlıq edilib. Harada əsirlər, yer adları, vəzifələr və s. haqqında nə material varsa, Müdafiə Nazirliyində cəmləşdirilməlidir. Gələcəkdə bu cür materiallar sənədli filmlərdə istifadə edilə bilən əsaslı bir mənbə olacaq. Döyüş gedən ərazilərdə canlı bir abidənin saxlanılması da mümkündür. Əsas məqam təhlükəsizlik baxımından problem yaranmamasıdır. Hazırki vəziyyətdə bunların yayılması təhlükəli ola bilər amma itməməsi üçün Müdafiə Nazirliyinə təhvil verilməsi vacibdir”.
Fazil Mustafa bildirib ki, gələcəkdə şiddətli döyüşlərin aparıldığı, əsgərlərimizin şəhid olduğu yerlərdə abidələrinin ucaldılması nəzərdə tutula bilər:
“Ermənilər tərəfindən dağıdılmış tarixi abidələrimiz, qəbirstanlıqlar, döyüş aparılan yerlərdəki eksponatlar olduğu kimi saxlana bilər. Bu gələcəkdə azad edilmiş bölgələrimizə səfər edən turistlərin də diqqətini cəlb edəcəkdir. Xüsusi şücaət göstərmiş əsgər və zabitlərin xatirə büstləri elə şəhid olduqları yerlərdə qoyula bilər. Hətta azad olunmuş torpaqlarımızda küçə və meydanlara elə o torpaqların azad edilməsi üçün vuruşmuş əsgər və zabitlərin adları verilə bilər. Bütün bunlar gələcəkdə nəzərə alınacaqdır”.
Fidan ƏLİ