Bütün dünyada koronavirusla bağlı ikinci mərhələ müşahidə olunur. Yoluxma sayı kəskin artıb və koronavirusdan ölənlərin statistikası gündən-günə çoxalır. Ermənistanda isə bununla bağlı problem daha ciddidir. Təkcə son sutka ərzində Ermənistanda 2 213 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Daha 12 nəfər ölüb. Mütəxəxsislər isə düşünürlər ki, cəbhədə məğlubiyyətlə nəticələnən müharibənin içərisində olmaq erməni cəmiyyətinə həddindən artıq məhfi təsir edir. Bu psixoloji təsirin də nəticəsində erməni xalqının immunitet zəifliyi pik həddədir və koronavirusa yoluxmanın şiddətlə artmasında məğlubiyyətin rolu böyükdür.
Bu barədə Modern.az-a danışan həkim, professor Adil Qeybulla da bu fikirləri təsdiqləyib. O qeyd edib ki, Azərbaycan və Ermənistanda koronavirusa yoluxmanın artmasının səbəbləri tamamilə əks təsirlərdir:
“Azərbaycanda koronavirusa yoluxmanın artması qalibiyyətə, emosional situasiyaya bağlıdır. Xalqımız cəbhədən gələn xoş xəbərlərin də təsiri ilə sosial məsafənin qorunmasına, koronavirusla mübarizədə vacib olan tədbirlərə riayət etməyi bir qədər arxa plana atıb. Hər kəs torpaqlarımızın azad olunmasına sevinir, birlik içərisində bunu ən yaxşı formada qeyd etmək istəyir. Ermənistanda isə xaosa bağlı bir yoluxma halı var. Çünki Ermənistan məğlub durumdadır. Ölkədə çox ciddi ajotaj var. İnsanlar koronavirusa yoluxmanı ciddiyə almamağa başlayıblar, daha böyük dərdləri – məğlubiyyətləri var. İmmunitetin zəifliyi də məhz bu məğlubiyyətin psixoloji təsiri ola bilər".
Adil Qeybulla onu da bildirib ki, bizim hazırda iki düşmənimiz var:
"Koronavirus pandemiyası və Ermənistan bizim düşmənimizdir. Bu düşmənlərin ikisi də bir-birindən təhlükəlidir. Ermənistana qarşı müharibə ruhunun hər zaman yüksək qalması, əsgərlərimizin virusa yoluxmaması üçün hər kəs diqqətli olmalıdır. Biz koronavirusla mübarizə aparmalıyıq ki, ermənilərə qalib gələn əsgərlərimizi də qoruya bilək”.
MEHRİ QURBAN