Arxiv
7 Noyabr 2020, 09:21 | PARLAMENT
Köçkün deputatların ARZULARI: “Hər şeyi məhv ediblər, hər şeyi...”

Azərbaycan Ordusunun 40 gündə apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 27 ildir düşmən tapdağında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və 200-ə yaxın kənd işğaldan azad edilib. Artıq məcburi köçkünlər azad olunan doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Maraqlıdır, uzun illər sonra öz doğma yurd-yuvalarına qayıda bilmək məcburi köçkünlər üçün necə hissdir?

 

Bu barədə Modern.az-a danışan Cəbrayılın deputatı Ceyhun Məmmədov rayonda keçən uşaqlıq xatirələrini, hazırkı hisslərini bölüşüb. O qeyd edib ki, uşaqlığı Cəbrayıl şəhərində və rayonun Şükürbəyli kəndində keçib:

 

“Bakıda doğulsam da, uşaqlığımı Cəbrayılda yaşamışam. Şükürbəyli kəndində bir neçə il qaldıq, sonra isə atamın işi ilə əlaqədar rayon mərkəzinə köçdük. Mən bir müddət kəndimizdə, növbəti dövrdə isə rayon mərkəzində oxumuşam.

 

Hər bir insan üçün doğulduğu boya-başa çatdığı yer əzizdir və bizim də uşaqlığımızın ən gözəl çağı, ən gözəl vaxtı o dövrə təsadüf edir. Cəbrayıl kiçik rayon olsa da səfalı, dağlıq dağ ətəyi rayonlarımızdan biridir. Həm də tarixi abidələrlə zəngin bir bölgəmizdir. Uşaqlıq xatirələrim daha çox məktəb vaxtı ilə bağlıdır. Məktəbdə müəllimlərimiz, sinif yoldaşlarımızla bir yerdə tədbirlər, gəzintilərin təşkil olunması məktəb xatirələrimizi daha da yaddaqalan edib. Rayonun mərkəzində 2 məktəb fəaliyyət göstərirdi - Cəmil Əhmədov və Maksim Qorki adına məktəblər. Mən Maksim Qorki adına məktəbin şagirdi olmuşam. Bu gün də həm müəllimlərimiz, həm də sinif yoldaşlarımızla əlaqəmiz var”.

 

C.Məmmədov qeyd edib ki, 16 yaşı olanda Cəbrayıldan çıxıb:

 

 

“Rayondan təhsillə bağlı çıxdım, sonra isə xaricə getdim. Valideynlərim isə çox çətinliklə çıxdılar. Mənə xəbər gəldi ki, ermənilər hücum ediblər. Evdən heç nə götürmədən əliyalın rayonumuzdan çıxmışdılar. Mən bu yaxınlarda videolara, şəkillərə baxdım, azad ediləndən sonra Cəbrayılda çəkilişlər aparılmışdı. Bütün kəndlərin hamısını, rayon mərkəzini ermənilər darmadağın ediblər. Cəbrayılda çox abad həyat var idi. Kəndlərin çoxunda kitabxanalar, yay klubları var idi. Bunların hamısı ermənilər tərəfindən yerlə-yeksan olunub. Baxırsan ki, yerdə kiçik daşlar qalıb, sanki burada heç yaşayış olmayıb. Cəbrayılın Sirik kəndində yay düşərgələri fəaliyyət göstərirdi. İndi onlardan əsər-əlamət qalmayıb. Hər şeyi məhv ediblər, hər şeyi...”.

 

Cəbrayılda dəfn olunan insanların, yaxınlarının, doğmalarının ruhunun erməni tapdağında narahat olduğunu qeyd edən deputat indi hətta dünyadan köçən cəbrayıllıların ruhunun da azad olduğunu söyləyib:

 

“Onların ruhu sanki erməni tapdağında həbsdə qalmışdı. İndi Cəbrayılın müdafiəsi uğrunda canından keçən hərbçilərimizin, bütün ömrü orada – öz doğma torpağında keçən zəhmətkeş insanların, Cəbrayılda doğulub, böyüyən, elə orada da ömrünü başa vurub, dəfn edilən insanların ruhu azadlığına qovuşur. Mən rayona gedərkən ilk olaraq babamın, yaxınlarımın məzarına baş çəkəcəyəm. Həm kənddə, həm də rayonda oxuduğum məktəbə baş çəkmək istəyirəm, amma eşitdiyimə görə hamısı dağıdılıb. Bizim rayonun mərkəzində çinar ağacı var idi, yanında çayxana fəaliyyət göstərirdi. Çinar ağacına, Hacı Qaraman ziyarətgahına, pirlərə getmək istəyirəm. 

 

Cəbrayılda yenidən görməyi ən çox arzuladığım yerlərdən biri də Xudafərin körpüsüdür. Allah bizə o yerlərə bir daha getməyi nəsib edəcək”.

 

Füzulinin deputatı Vüqar Bayramov da sevinc qarışıq bir qəhərlə 28 ildir ayaq basa bilmədiyi doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözlədiyini söyləyib:

 

“Füzuli rayonunun aşağı Güzlək kəndində anadan olmuşam. Orta məktəbi Füzulidə həmin kənddə və Füzuli şəhərində oxumuşam. Uşaqlıq illərinin keçdiyi yer çox doğmadır, inanıram ki, hər bir insan o yerləri, uşaqlığını sevinclə və qürurla xatırlayır. Füzuli şəhəri işğaldan azad olunan gün gecə saat  1-də Gəncə şəhərinə erməni silahlı qüvvələrinin raket atəşi oldu, yaralananlar və ölənlər var idi. Həmin gecəni mən yatmamışdım, çünki mətbuatdan, televiziyadan baş verənləri izləyirdim. Artıq oktyabrın 17-si səhər saat 10 radələrində Ali Baş Komandan Füzuli şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Ermənilərin Gəncədə törətdiyi terrorun qisası çox tez bir zamanda alındı. Bir gözümüz ağlasa da, bir gözümüz güldü. Həsrətində olduğumuz Füzuli şəhəri işğaldan azad olundu. Füzuli rayonu artıq bütövləşib, mən məcburi köçkün rayonun millət vəkili deyiləm, hətta artıq məcburi köçkün də deyiləm. Təbii ki, bu qürurvericidir, bütövləşmiş rayonu parlamentdə təmsil edirəm”.

 

V.Bayramov xəyalən doğma kəndinin işğal olunduğu günə qayıdıb:

 

 

“Kəndimiz işğal olunmazdan təxminən 2 həftə əvvəl orada idim. O zaman universitetdə birinci kursda oxuyurdum. Kəndə anamın yanına getmişdim. Ermənilər bizim kəndi mütəmadi hədəfə alırdılar, dünyasını dəyişənlər var idi. Amma kənd sakinləri düşünmürdülər ki, Füzuli işğal oluna bilər. Baxmayaraq ki, bizim kəndimiz Dağlıq Qarabağa yaxın kənddir, hazırda işğaldan azad olunan Hadrut qəsəbəsinin yaxınlığında yerləşir, yenə də ümidimiz var idi. Amma mən kəndimizi tərk edəndə buraya bir də qayıda bilməyəcəyimi hiss etmişdim. Kəndimizdən şəhər mərkəzinə, oradan da Bakıya gəlmək üçün avtomobil sifariş vermişdik. Amma mən kəndi nədənsə taksi ilə deyil, piyada gəzmək istəyirdim. Əşyaları taksiyə qoyduq, xahiş etdim ki, kəndin çıxışına qədər piyada gedəcəm, o səmtdə maşına minərəm. Sanki ürəyimə dammışdı ki, mən uzun müddət bu yerlərə qayıda bilməyəcəm, ona görə,  kəndimizə sonuncu dəfə baxmaq istədim. Təəssüf ki, elə də oldu. İki həftə sonra kəndimiz işğal olundu.

 

Azad ediləndən sonra yayılan görüntülərdə aydın görünürdü ki, kəndimiz tamamilə dağıdılıb. Füzuli şəhərinə və həmin  doğulduğum kəndə nəinki getmək, hətta gedə biləcəyini  düşünmək belə insana təsir edir. 27 illik həsrət var. Etiraf edim ki, 27 ildə ən azı ayda bir dəfə yuxuda kəndimizə getdiyimi görürdüm. Artıq bu yuxu deyil, reallıqdır, yuxularım gerçəkləşir. O vaxt mənim üçün çox təsirli idi, məcburi köçkün rayonu təmsil etməklə yanaşı, həm də orada doğulub boya-başa çatmış və doğulduğu kənd, yaşadığı rayon 27 il işğal altında olan bir millət vəkili idim. İndi isə təəssüratım qəhərli və bir o qədər qürurvericidir. Əminik ki, bu qələbə yürüşü davam edəcək”.

 

Füzuliyə, doğma kəndinə gedəndə ilk baş çəkəcəyi yerləri də planlaşdıran deputat erməni vəhşiliyi ucbatından tariximizin məhv edilməsindən təəssüfləndiyini söyləyib:

 

“Yayılan görüntülərdən görünür ki, rayonlarda, kəndlərdə meşələr məhv edilib, evlər dağıdılıb, qəbiristanlıqlar dağıdılıb. Mənim atam 1985-ci ildə dünyasını dəyişib. Məzarı kəndimizdədir. Əgər viran edilmiş qəbiristanlıqda tapa bilsəm, ilk atamın məzarını ziyarət edəcəyəm. Eyni zamanda qohumlar və bizim digər kəndlilərin məzarını da ziyarət etmək istəyirəm. Bütün evlər dağıdılsa belə, gözü yumulu evimizin yerini tapa bilərəm. İnşallah yaxın zamanlarda böyük qələbə əldə ediləcək. Mən və bütün məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıda biləcəyik. Ona görə hətta bunu düşünmək belə mənim üçün çox təsirlidir”.

 

Kəlbəcərdən xoş xəbər gözləyən kəlbəcərli deputat Aqil Məmmədov da işğal günlərinə qayıdıb:

 

Kəlbəcərli şair Sücaətin təxmini belə bir misrası var:

 

Vaxt gələcək ağlaya-ağlaya köçən Kəlbəcər,
Gülə-gülə öz torpağına, ana yurduna qayıdacaq...

 

İşğal günlərindəki vəziyyəti adam xatırlamaq belə istəmir. Doğulub, boya-başa çatdığın, uzun illər yaşadığın ərazilərin erməni silahlı qüvvələri tərəfindən zorla alınması, əzizlərinin gözünün qabağında qətlə yetirilməsi çox acınacaqlıdır. Amma biz bu anları, bu müsibəti, bu acıları yaşadıq. Uzun müddət keçsə belə Azərbaycan Ordusu şərəflə öz vəzifəsini yerinə yetirir. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı davam edir. Hərbi əhəmiyyətə malik bir çox yüksəkliklər ordumuzun nəzarəti altındadır. Nəinki Azərbaycanda yaşayanlar, bütün dünya azərbaycanlıları qələbəyə sevinir, ruhlanır. Xalq, Ordu və Ali Baş Komandanın birliyi bunu göstərir ki, işğal altında olan torpaqlarımız qısa zamanda tamamilə azad olunacaq. Torpaqlarımıza ayaq basmaq, orada dərindən bir nəfəs almaq bizim üçün ən böyük hədiyyədir. O hissləri sözlərlə ifadə etmək çox çətindir. Ermənilərin bu qərəzli mövqeyini, aqressiyasını, başımıza gətirdiyi müsibətləri unutmaq olmaz. Bunları yaşatmaq və gələcək nəsillərə göstərmək lazımdır. Mən bir neçə yerdə də vurğulamışam, indi də demək istəyirəm ki, atəşə tutulan dinc əhalinin yaşadıqlarını gələcək nəsillərə ötürməli, onlara gərçəkləri göstərməliyik. Yaşanan hadisələri tarixçilərimiz yazacaq, tarixiləşdirəcək. Bu haqda kinolar çəkiləcək.  İnanıram ki, bu sevinc hissini az müddət sonra Kəlbəcərin əhalisi də yaşayacaq. Bu işdə zəhməti olan əsgərlərimizə, ordumuza dəstək verən bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm”.

 

Aqil Məmmədov işğaldan öncə Kəlbəcərdən çıxsa da, ailəsi, doğmaları orada yaşadığı üçün mütəmadi gediş-gəlişi olub:

 

“Ümid edirəm, yenidən torpaqlarımıza qayıdanda qələbəmiz ağrı-acımızı unutdurar. Bizim dədə-babalarımızın qəbirləri Kəlbəcərdədir. Mütləq onlara baş çəkəcəyəm.  Ağdaban kəndində dəfn olunan Aşıq Şəmşirin, aşıq sənətinin inkişafında böyük rolu olmuş sənətkarların məzarı da oradadır. Erməni vandalları onun əlyazmalarını da məhv etdilər. Onlar bizim milli-mənəvi dəyərlərimizə də qəsd etdilər. Aşıq Şəmşir vəsiyyət etmişdi ki, onu kəndin ortasındaki dağın yanındakı uşaq qəbiristanlığında dəfn etsinlər. Ona niyə belə bir istəyi olduğu haqda sual ünvanlananda demişdi ki, uşaqlara yaxın olmaq və bütün kəndi o təpədən görmək istəyir. Aşıq Qurban mənim babam, Aşıq Şəmşir əmimdir. Ölkəmizin dəyərli sənətkarlarının qəbirlərinə baş çəkmək istəyirəm. Eyni zamanda mən batmaz, yerdən qaynayan Turşsu bulağından bir stəkan su içmək arzusundayam.  Öz evimizin olduğu ərazini və kəndin digər evlərini bir-bir ziyarət edəcəyəm. Hər şeydən əvvəl isə Kəlbəcərin böyük bir hissəsini görə biləcəyim hündür bir yerə çıxıb dərindən nəfəs almaq, Kəlbəcər havası udmaq istəyirəm”.

 

Xocalının deputatı Elman Məmmədov isə qarışıq duyğular içərisində olduğunu söyləyib. O Xocalıda qətlə yetirilən günahsız insanların orada dolaşan ruhlarının sakitlik tapmasını arzulayır:

 

“Xocalıda son ana qədər gözləyib, əhalimiz və ailəmiz ilə birgə şəhərdən çıxmışıq. Anam fevralın 26-na keçən gecədə Xocalıda qətlə yetirildi. Biz gecə ilə Ağdam istiqamətinə yola düşdük. Hava ağarana yaxın Əsgəran yolundaydıq. Ermənilər orada tələ qurub bizi gözləyirmiş. Dəhşətli döyüşlər də orada başladı. Hər bir anı yadımdadır - şəhid olanlar, yaralananlar, ailəsini qorumağa çalışanlar... Mən 10 nəfərlə birgə mühasirədə qalmışdım, 2 gün sonra gələ bildim. Ağrılı və eyni zamanda müqəddəs yaddaşdır. Hesab edirəm ki, ordumuz torpaqlarımızı azad edəndən sonra dağıdılmış, viran edilmiş bütün evlərimizi bərpa edəcəyik. Hələ bilmirəm ora gedəndə nələr baş verəcək. Hər addım, hər an qayıdış bizim üçün müqəddəsdir. İşğalın, soyqırımının hər bir hadisəsi gözümün qabağındadır. Mən hər zaman Allahdan doğulduğum evdə ölməyi diləmişəm. Mənim kimi yüz minlərlə insanın haqq səsini Allah eşitdi”.

 

Elman Məmmədov Xocalı soyqırımını böyük hüznlə xatırlayıb və bildirib ki, Xocalıda qətlə yetirilən və məzarı belə olmayan yüzlərlə günahsız insan var:

 

“Qətlə yetirilən o qədər sakinimiz, şəhidlərimiz oldu ki, dəfn edilmədilər. Ermənilərin başımıza açdığı müsibətlər günahsız insanların cəsədlərinin qurda-quşa yem olmasına gətirdi, çıxartdı. Xocalı torpağı xocalıların qanı ilə suvarılıb. Təki Xocalıya qayıdaq, biz onların xatirəsinə abidə ucaltmağı da düşünürük. Bəlkə o zaman yaralı ruhlar dinclik tapar. Allahın izni ilə sönmüş ocaqlarımızı yenidən yandıracayıq. Biz – xocalılılar, evimizə qayıdacayıq”.


Mehri QURBAN
Fidan ƏLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27 İranın Atom Elektrik Stansiyasında qəza olub 11 Aprel 2021, 09:20