Modern.az

Deputatların qələbə təəssüratları: “Qürurlu tarixə şahidlik edirik”

Deputatların qələbə təəssüratları: “Qürurlu tarixə şahidlik edirik”

11 Noyabr 2020, 11:40

Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa qələbə müjdəsini verəndən sonra hər yerdə böyük izdiham müşahidə olunur. İnsanlar Qarabağın i.]aldan azad olunmağını qeyd edirlər.

Qələbə sevincini qeyd edənlər arasında Milli Məclisin deputatları da var. Belə ki, dünən parlamentarilər Şəhidlər Xiyabanından başlayaraq qələbə yürüşü keçiriblər.


Modern.az Milli Məclisin deputatlarının qələbə təəssüratlarını öyrənməyə çalışıb.


İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili həyatda qalibiyyət qədər şirin heç bir hissin olmadığını bildirib:


“Göydə Allaha, yerdə isə cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Biz neçə ildir ki, bu qələbəni gözləyirdik. Allah Azərbaycan ordusunu, xalqını və dövlətini qorusun, şəhidlərimizə rəhmət eləsin!”.


Deputat Məşhur Məmmədov  Azərbaycan xalqının son illər ərzindəki ən qürurlu günü olduğunu deyib:


“Biz torpaqlarımızı azad etdik və öz sözümüzü söylədik. Cənab prezidentin öncədən söylədiyi kimi oldu. Bütün dünya ölkələrinə bir daha sübut etdik ki, biz sülh tərəfdarıyıq. Prezidentə həyasızcasına sual verən jurnalistlər də gördü ki, biz tək sözdə yox,  əməldə də sülh məqsədi ilə hərəkət edirik. Allah heç bir evə şəhid xəbəri gətirməsin. Humanizmi üstün tutaraq, bütün vətəndaşlarını düşünərək dövlətimiz bu addımı atdı. Ümid edirəm ki, hazırda baş verənlər gələcəkdə xalqımızın daha xoşbəxt, daha yaxşı  yaşamasına şərait yaradacaq”.


Deputat Tural Gəncəliyev fərəh və  qürur hissini dilə gətirib:


“Fərəhliyəm. Çünki cənab prezident  Azərbaycan Respublikasının ərazi bütövlüyünün  bərpa olunduğunu və  bizim qələbə qazandığımızı elan etdi. İşğalçı Ermənistanın qoşunları torpaqlarımızdan çıxarıldı. Yaxın zamanda Şuşaya qayıdırıq. Qarabağ icmasının azərbaycanlı əhalisinin rəhbəri, bir Azərbaycan vətəndaşı kimi ən xoşbəxt günlərimdən birini yaşayıram. Bütün xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Biz əmin idik ki, bu gün gələcək. Belə tez baş verməsi də şübhəsiz ki, hər kəsə sürpriz oldu. Nəhayət, vətən müharibəsi öz məqsədinə çatdı”.


Deputat Vahid Əhmədov qələbəni ifadə etməkdə sözün aciz olduğunu qeyd edib:


“Mən bütün xalqımızı, dünya azərbaycanlılarını, Ali Baş Komandanımızı və bizə bu qələbəni qanı canı ilə bəxş edən Azərbaycan ordusunu təbrik edirəm. Qürurlu tarixə şahidlik edirik. 30 ilə yaxın idi ki, bir milyona yaxın insanımız məcburi köçkün həyatı yaşayırdı. Şükürlər olsun ki,  şanlı tariximizi yazan rəşadətli Ordumuz, bizə bu xoşbəxtliyi yaşatdı. Biz kimsənin inanmadığı, heç kimin edə bilmədiyini gerçəkləşdirdik. Biz prezident İlham Əliyevin də dediyi kimi, dünyaya necə qüdrətli bir dövlət, əzmkar bir millət olduğumuzu sübut etdik. Biz millət və silahlı qüvvələr olaraq tarix kitablarına adımızı qızıl hərflərlə yazdırdıq. Yüz illərlə dünyanın çeşidli ölkələrində bizdən bəhs ediləcək, hər yerdə Azərbaycan adı gələndə köks ötürəcək. Bir sözlə, bu qələbini ifadə etməkdə söz acizdi”.


Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov xalqımıza gözaydınlığı verib:


“Xalqımızın gözü aydın olsun. 30 ilə yaxın idi ki bu günü gözləyirdik. Ali Baş Komandanımız İlham Əliyev cənablarının sayəsində şanlı Azərbaycan ordusu tarix yazdı. Bu tarix əsl zəfər bayramı kimi bizə qələbə sevincini yaşatdı. Eşqa olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qəhrəman Azərbaycan ordusuna!”.

 

Fidan ƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər