Modern.az

Koronavirusa qalib gəlməyin ən sadə yolu - Virusa yoluxmuş jurnalist YAZDI

Koronavirusa qalib gəlməyin ən sadə yolu - Virusa yoluxmuş jurnalist YAZDI

Media

11 Noyabr 2020, 12:48

Bəşəriyyəti bürümüş amansız COVİD-19 virusu pandemiyanın payız dönəmində qəfil  bizim də "qapımızı döydü". Yaxın qohumumun dəfn mərasimində qısa müddətli iştirakımız mənə və həyat yoldaşıma virusa yoluxmaq bahasına başa gəldi. Bir neçə gündən sonra yüksək hərarət və küt baş ağrıları hiss etdiyimizdən  təcili və təxirəsalınmaz tibbi yardıma müraciət etdim. Bizdən götürülmüş test nümunələri virusa yoluxmamızı təsdiq etdi. Öncə ev şəraitində müalicə olunmağı qərara aldıq. Lakin bir neçə gün sonra xəstəliyin şiddətlənməsi səbəbindən təcili yardıma  müraciət etməyə məcbur oldum. Beləliklə,   oktyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığ qəsəbəsindəki modul tipli xəstəxanasına yerləşdirildik.
      
 Xəstəxanada ölkəmizdə virusa yoluxmuş pasiyentlərin müayinə və müalicəsi üçün dövlətimizin həyata keçirdiyi tədbirlərin bir daha şahidi oldum. Eyni zamanda, FHN-in ölkədə COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsi işinə verdiyi töhfəsini xüsusi qeyd etmək istərdim. Belə ki, cari ilin yayında istifadəyə verilmiş modul tipli xəstəxana 18 korpusdan ibarətdir. Təqribən 1000 çarpayılıq xəstəxanada viruslu xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada dərman və tibbi ləvazimatla təchizat, səliqə-sahman olduqca  yüksək səviyyədədir. Xəstələr gündə üç dəfə isti yeməklə təmin olunurlar. Bundan əlavə, pasiyentlərə xidmət üçün xüsusi xəstə baxıcıları ayrılıb...
     
Xəstəxanaya daxil olan kimi dərhal ilkin tibbi müayinədən keçirilərək 5-ci korpusa yerləşdirildik. Ertəsi gün keçdiyimiz KT müayinəsi və qan  analizlərinin cavabına  əsasən, mənim və həyat yoldaşımın xəstəliyinin ciddiliyi bir daha təsdiqini tapdı. Məndə isə vəziyyət daha pis idi. Belə ki, aparılmış KT müayinəsi zamanı mənə "Birtərəfli viral pnevmaniya" (ağ ciyərin 40 faizini əhatə edən "buzlu şüşə sindromu") diaqnozu qoyuldu. Tez bir zamanda müalicəmizə başlanıldı. Burada olduğumuz təqribən üç həftə ərzində tibb işçilərimizin virusa yoluxmuş xəstələrin müalicəsi üçün necə böyük səy və fədakarlıq göstərdiklərinin əyani şahidi oldum. Üçnövbəli qrafik rejimində çalışan bu fədakar, cəsur insanların bacarığı və işə məsuliyyətli yanaşmaları nəticəsində viruslu xəstələr tez bir zamanda sağlamlıqlarına qovuşa bilirlər. Məhz onların gərgin əməyi və qazanılmış zəngin təcrübə sayəsində olduqca ağır keçirdiyim xəstəlikdən xilas ola bildim. Yeri gəlmişkən, fürsətdən istifadə edib mənim və həyat yoldaşımın müalicəsi üçün əllərindən gələni əsirgəməyən FHN-in Zığ modul tipli xəstəxanasının rəhbərliyinə, 5-ci  korpusun məsul həkimi Kamran Çerpanova, həkimlər Elnarə Cəfərova və Səbinə Nəbizadəyə, tibb bacıları Elmira Kərimova və Aynur Məmmədovaya, eləcə də xəstə baxıcıları Aygün Nuriyeva və Aynur Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bütövlükdə isə hazırkı pandemiya şəraitində bu amansız, dəhşətli virusa yoluxmuş vətəndaşlarımızın müalicəsi üçün xüsusi fədakarlıq göstərən həkimlərimizin  hamısı xüsusi hörmət və ehtirama layiqdir. Təsadüfi deyil ki, hazırda bu sahədə çalışan fədakar həkimlərimizin əməyi dövlətimiz tərəfindən lazımınca qiymətləndirilir.
   
 Bu gün qüdrətli Azərbaycan dövləti özünün ən şərəfli dövrünü yaşayır. Azərbaycan diplomatiyasının uğuru, müzəffər ordumuzun misilsiz şücaəti, cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Qarabağımız işğaldan azad olundu. Ölkə rəhbərinin bu müjdəsi bütün xalqımız kimi, virusdan müalicə olunan xəstələrin də hədsiz sevincinə səbəb oldu. Biz bu tarixi uğura  həmrəyliyimiz, Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyimiz sayəsində nail olduq. Bir olsaq, mütəşəkkil olsaq, dəhşətli COVİD-19 virusu üzərində də qələbə çalacağıq. Virusa qalıb gəlməyin ən sadə yolu isə ona yoluxmamaqdır.
     
Sonda mən vaxtaşırı olaraq səhhətimlə maraqlanan, tezliklə şəfa tapıb sağlamlığıma qovuşmağım üçün dualarını əsirgəməyən jurnalist həmkarlarıma və dostlarıma minnətdarlığımı çatdırıram.


Mirbağır Yaqubzadə,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!