Modern.az

Kəndimizin erməniləri - IV Hissə

Kəndimizin erməniləri - IV Hissə

18 Noyabr 2020, 10:50

Vilayət Quliyev

Deməli, bu Ruben də bizim kənddə yağ içində böyrək kimi bəslənirdi. 70-ci illərdə camaat kənd təsərrüfatı hesabına varlanmışdı. Yadımdadır ki, hətta az imkanlı adamlar da uşaqlarını hərbi xidmətə yola salmaq, yaxud qarşılamaq, ali məktəbə qəbul olunmalarını qeyd etmək üçün böyük məclislər düzəldirdilər. Ruben belə məclislərin daimi iştirakçısı idi. Qoltuğuna bir şüşə 3 manat 62 qəpiklik araq vurub gəlir, gətirdiyindən çox içir, ölənə qədər yeyir, gedəndə də ürəyiyumşaq kənd arvadlarının pay qoyduğu qazan-qazan xörəklə kolxoz qarajındakı daxmasına dönürdü.


Eyni şey toylarda, işləmək üçün getdiyi evlərdə də təkrarlanırdı. Öz adamlarına yuxarıdan aşağı baxan yerli vəzifəlilər toylarda bu Rubeni çağırıb yanlarında oturdur, ona erməni mahnıları oxudur, cibinə pul basırdılar. Nəticədə Tuğdan gələndə ayaq üstə güclə dayanan Puben az müddətdə şişib porsuğa dönmüşdü.


Ruben bizim mərhum yeznə - bacımın əri ilə dost idi. Daim birlikdə yeyib-içirdilər. Təbii ki, qonaqlığı yeznə verirdi. Ruben də əvəzini natura ilə ödəyirdi. Həyətində ot çalır, tənəkləri budayır, bostanı suvarırdı. Qapıda böyük bir üzüm çardağı qurmuş, çox az adamda olan hamam tikmiş, kaçalka düzəltmişdi. Hardasa qarnını doyura bilməyəndə onlara gəlirdi. Az qala ev adamına çevrilmişdi.


Mən universitetə girəndə yeznə evində qonaqlıq düzəltmişdi. Təbii ki, dəvətlilər arasında Ruben də vardı. Yaxşı içəndən sonra qohumlardan geri qalmayıb mənə öyüd-nəsihət də verdi. “Ara, yetim uşaqsan, Bakıya getdin, şərə-şür işlərə qoşulma, məktəbini oxu. Ermənilərdən də uzaq ol. Orda elələri var ki, adamı diri-diri “hopp eləyib udarlar” -deyə sözünün sonunda bəlkə də üç il əvvəlki hadisəni ikimizə bəlli olan şəkildə yada salmağı da unutmadı.


Ruben 1988-ci ilin sonuna – Bakıda mitinqlər başlanana qədər bizim kənddə qaldı. Tuğda bir neçə dəfə qonağı olmuş yeznənin dediyinə görə camaatımızdan qazandığı pulların hesabına ailəsinə, uşaqlarına əməlli-başlı şərait yaratmışdı.


Həmişəlik geri qayıtmamışdan bir neçə ay əvvəl “uşağın xeyir işi üçün” yeznədən min manat borc götürmüşdü. Bu o vaxt balaca pul deyildi. Sonradan borc məsələsi ilə maraqlananda yeznə dedi ki, Ruben yediyi çörəyə namərdlik eləməyib. Füzulidən etibarlı bir adamla pulu geri göndərib. Amma nədənsə mənə inandırıcı görünmədi. Fikirləşdim ki, qohumum evində bəslədiyi bir erməninin onu aldatması ilə bağlı kənd adamlarının dilinə düşüb məsxərə hədəfi olmamaq üçün belə deyir...

(davamı var)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi