Modern.az

Məğrur duruşlu Azərbaycan ANASI...

Məğrur duruşlu Azərbaycan ANASI...

28 Noyabr 2020, 14:40

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsini qalibiyyətlə başa vurdu, 30 ilə yaxındır düşmən tapdağı altında qalan Qarabağ torpaqlarını işğaldan azad etdi. Təbii ki, müharibə itkisiz başa gəlmədi. Qəhrəman oğullarımız canlarını Vətən yolunda fəda etdi, şəhid oldular...

Bu gün şəhid verən əsgər analarımız səbr, təmkin nümayiş etdirir, övlad itkisinə yanıb-yaxılsalar da, deyirlər ki, təki Vətən sağ olsun! O oğulları böyüdən analar övladları Vətən uğrunda şəhid olduğuna görə qürur hissi keçirir, fəxr etdiklərini deyirlər. 

Biz bu müharibə dövründə hətta iki oğlunu itirən ananı belə, ah-vay eləyən görmədik... Hamısı başını dik tutmuşdi... Övladı, həyat yoldaşı Vətən uğrunda döyüşlərdə həlak olmuş qadınlar gördük ki, tabutu çiyinlərinə alıb, şərəflə daşıdılar...


Bu gün Azərbaycan qadını, Azərbaycan anası başıdik, alnıaçıq, qürurludurlar. Analarımızın kədər göz yaşı, sevinc göz yaşı ilə əvəz olunub. İllər sonra Qələbə sevinci, torpaqlarımızın azad olunması analarımızın içinə su kimi sərpilmişdir.


O, 2016-cı il aprelin 18-i Lələtəpə strateji nöqtəsində minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Modern.az-a azərbaycanlı anaların dəyanətindən danışıb:


“Artıq Azərbaycan anasının qaməti dikdir. Azərbaycan qadınının ürəyi qürur, şərəf hissi ilə döyünür. Ali Baş Komandanımıza həm xarici siyasətinin, həm də hərbi taktikasının hesabına bizə bu sevinci yaşadığı üçün minnətdaram.


Ana kimi çıxış etdiyim üçün onu qeyd etmək istəyirəm ki, bizim ailə başçımızın şəhid olmasına baxmayaraq, oğlu da hərb sahəsi üzrə mütəxəssisləşir. Oğlum atasının yolunu gedərək, ömrünü hərbə bağlayıb. Məqsədi peşəkar mütəxəssis olub, orduya xidmət etməkdi.


Bu günlərdə övladı torpaq uğrunda şəhid olan Azərbaycan anaları qürurlu duruşları ilə çox təqdirəlayiqdirlər. Heç biri peşmançılıq hiss etmir. Onlar deyirlər ki, torpaq bizim böyütdüyümüz oğulların hesabına qorunmalıdır. Biz oğullarımızı Vətən üçün böyüdürük. Bəzən şəhid ataları danışarkən deyir ki, oğlumuz bizim üzümüzü ağ elədi, qorxmadı, çəkinmədi.


Mən Dövlətzadə Cəbrayılın ailəsinə gedib baş çəkəndə çox qürurlandım. Generalımızın qisasını alan Cəbrayılın anası Məleykə xanım igid oğlu ilə fəxr edir. O, Azərbaycan anası olaraq dövlətimizə igid, qəhrəman, qorxmaz oğul böyüdüb.


Bizim bir ana, həyat yoldaşı olaraq missiyamız fəxr etməkdir. Övladlarımızı böyüdərkən dövlətə, vətənə sevgi ilə böyütməliyik. Azərbaycan qadını, Azərbaycan anası övladına ali təhsil verməli, həm də peşəsi üzrə mütəxəssisləşdirib ölkəmizə yararlı vətəndaş verməlidir.


Cəbrayıl azad olunanda bizim ailənin sevincinin həddi yox idi. Çünki, həyat yoldaşım Cəbrayıl torpaqları üçün şəhid olmuşdu. Canını o torpaqlara qurban vermişdi.


Bu gün biz o əhval-ruhiyyəni uşaqlarımıza ötürməliyik. Bu bizim analıq borcumuzdur.


Azərbaycan anası çox cəsur anadır”.

 

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi