Modern.az

Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ

Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ

5 Dekabr 2020, 09:32

Bakı Dövlət Universitetində Qarabağ Savaşı və ordumuzun qələbəsi münasibəti ilə keçirilən elmi seminarda universitetin jurnalistika fakültəsinin  professoru,tarixçi alim Nəsiman Yaqublu maraqlı təşəbbüslə çıxış edib.O, qeyd edib ki, hər ilin Noyabrın 8-də ölkənin bütün ali və orta məktəblərində “Zəfər-Vətən” dərsi keçirilsin.N.Yaqublu bildirb:” Məncə,Ölkə başçısının  sərəncamına uyğun olaraq hər il noyabrın 8-də ali və orta məktəblərdə xüsusi mövzunun- “zəfər-vətən” dərslərinin keçirilməsi yaxşı olar. Biz erməni işğalçıları üzərində böyük qələbə qazanmışıq.Bu qələbənın əldə olunmasında 2700-dən  çox şəhidimiz var. Eyni zamanda Azərbaycan ordusu əsil qəhrəmanlıq dastanı yaradıb.Azərbaycan əsgərinin bu döyüşlərdəki fədakarlığı və bununla bağlı çoxlu təkrarsız nümunələr vardır.Həmin savaş dövründə xalqımızın birliyi, ordumuza hər dəstəyi verməsi böyük nümunələr idi.

 

Biz bu haqda hər ilin noyabrın 8-də auditoriyaya və siniflərə daxil olarkən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməli,  Dövlət Himnimizi oxumalı, sonra Qarabağ savaşı ilə bağlı gənclərimizə bilgi və məlumatlar verməliyik. Həmin gün bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən danışsınlar. Eyni zamanda azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığından, birlik və həmrəyliyimizdən söz açsınlar. Qələbəmizdən danışmalıyıq.Onlarda vətənpərvərlik və qalib ruhunu yaşatmalıyıq.Düşünürəm ki, bu yanaşma vacibdir və gənc nəslin vətən sevgisi ruhu ilə formalaşmasında mühüm rol oynayacaq.

 

Xüsusilə qeyd etmək istərdim ki, həmrəylik ancaq ön cəbhədə yox, arxa cəbhədə-mülki əhali arasında da var idi. Biz bu günləri unuda bilmərik. Ona görə də müxtəlif görüntülər, slaydlar vasitəsilə belə dərslərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Şəxsən mən həmin materialları hazırlamağa və dərsi tədris etməyə hazıram.

 

Bu, çox vacib, hətta mən deyərdim ki, taleyüklü məsələdir. Çünki biz Azərbaycan tarixinin yeni dövrü ilə yanaşı, həm də Azərbaycan vətənpərvərliyinin yeni bir formasını yaşayırıq.

 

Gənclərimiz bunu bilməli, öyrənməlidirlər. Biz Sovet dəyərlərini unudub, Azərbaycan əxlaq sisteminə daxil oluruq. Bu isə o deməkdir ki, qalib ruhlu yeni cəmiyyət quruculuğuna başlayırıq.

 

Gənclərimizi şəhidlərimizin, qazilərimizin ruhunda tərbiyə etməliyik. Fakültəmizin bu gün keçirilən elmi seminarında bu təklifi səsləndirdim. Həmkarlarım məni dəstəklədilər. Fikrimcə, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar”.

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabr ayının 8- i ölkədə Zəfər günü kimi qeyd edilir. Beləliklə, gələcək nəsillər Azərbaycanın qazandığı tarixi uğurdan xəbərdar olmaqla yanaşı, biz həm də ərazi bütövlüyümüz uğrunda canından keçən və buna nail olan şəhidlərimizi anacağıq. Sözügedən sərəmcamla əlaqədər müxtəlif addımlar atılmaqdadır.

 

 

Nəsiman Yaqublu 

Bakı Dövlət Universitetinin professoru, tarixçi alim 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir