Modern.az

Gəncə “Nizami Gəncəvi İli”nə necə hazırlaşacaq?..

Gəncə “Nizami Gəncəvi İli”nə necə hazırlaşacaq?..

Mədəni̇yyət

7 Yanvar 2021, 10:59

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.


2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Sərəncama əsasən, Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.


Milli Məclisin deputatları Modern.az bu barədə danışıblar.


Naqif Həmzəyev
qeyd edib ki, Nizami Gəncəvi bütün sahələrə müraciət etmiş dahi şəxsdir:


“Nizami Gəncəvi tək Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün önəm olan dahi şairdi. Nizami irsini biz tək bu il yox, bütün illərdə tədqiq edib öyrənməli və bütün dünyaya çatdırmalıyıq.

Mən fürsətdən istifadə edib, cənab prezident İlham Əliyevə 2021-ci ili” Nizami Gəncəvi İli” elan etdiyi üçün öz təşəkkürümü bildirirəm. Biz 2020-ci ildə ən böyük qələbəmizi çalmışıq. 2021-ci ildə isə Nizami Gəncəvi irsini daha dərindən öyrənsək, regionda, dünyada da sülhün bərqərar olması üçün çox önəmli mesajlar verə bilərik. Çünki Nizami Gəncəvi irsinə nəzər salsaq, insanlara sülh, ədalət mesajını çatdırdığını görərik. Nizami Gəncəvi yalnız şair deyil, bütün sahələrə müraciət etmiş dahi şəxsdir”.


Deputatın sözlərinə görə, bu irsin daha çox tanıdılması üçün gənclərlə işləmək vacibdir:


“Düşünürəm ki, Nizami Gəncəvi irsinin daha yaxşı tanıdılması üçün biz xüsusilə gənclərlə işləməliyik. Azərbaycanda Qeyri-hökumət təşkilatlarına Dəstək Şurası, Gənclər Fondu xüsusi müsabiqələri elan etməlidir ki, gənclərimiz bu ilin təbliği ilə bağlı işlərə başlasın. Çox təəssüf edirəm ki, Nizami Gəncəvi MDB ölkələrində tanındığı kimi Türkiyədə bir o qədər də tanınmır. Hərçənd ki, Türkiyə qardaş ölkədir, bizə daha yaxındır. Əgər Türkiyədə Nizami Gəncəvinin adını daşıyan küçələr, parklar olarsa, dahi şairimiz daha çox tanınar. O cümlədən, türkdilli ölkələrdə də biz bu irsi təbliğ etməliyik.

Azərbaycan dövləti tərəfindən xüsusi tədbirlər planı hazırlanacaq və təbii ki, bütün bu hadisələrin mərkəzində Gəncə şəhəri olacaq. Çünki Nizaminin doğulduğu yer Gəncə şəhəridir. Hər il sentyabrın 24-ü Gəncədə Nizami Gəncəvinin doğum günü qeyd olunub. Bu il həmin gün böyük bir festivalın keçirilməsi nəzərdə tutulmalıdır. Biz də gəncəli olaraq öz üzərimizə düşən işləri yerinə yetirəcəyik. Çalışacağıq ki, bu il həqiqətən Nizami Gəncəvi adına layiq olsun”.


Musa Quliyev
bildirib ki, il ərazində ölkəmizdə və digər yerlərdə silsilə tədbirlər keçiriləcək:


“Cənab prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsini çox yüksək qiymətləndirirəm. Seçicilərim və öz adımdan minnətdarlığımı bildirirəm.

Bu, Azərbaycan xalqı tərəfindən Nizami Gəncəviyə verilən böyük bir dəyərdir. Həmçinin, ədəbiyyata, mədəniyyətə, incəsənətə Azərbaycanın münasibətidir. Nizami Gəncəvi Gəncədə yaşasa da, o dünyəvi şəxsiyyətdir. Dünya mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr vermiş dahi şairdir.

Bu ilin “Nizami İli” elan edilməsi bütövlükdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bayramı olacaq. İl ərzində həm ölkəmizdə, həm də ölkəmizdən kənarda silsilə tədbirlər keçiriləcək. Yəqin ki, elmi-praktik konfranslarda əsərlərinin müxtəlif şəkildə kompozisiyaları təqdim olunacaq. Nizaminin əsərlərinin yenidən çapa verilməsi, müxtəlif xalqların dillərinə tərcümə olunması gerçəkləşəcək. Bu irsin bütün dünyaya çatdırılması üçün digər mühüm tədbirlər görüləcək”.


Gəncə İcra Hakimiyyətinin
mətbuat xidmətindən bildirilib ki,  “Nizami İli” ilə bağlı tədbirlər karantin rejimi qaydalarına uyğun olmalıdır:


“Ölkədə xüsusi karantin rejimi tətbiq edilir, görüləcək tədbirlər də buna uyğun olmalıdır. Yəqin ki, tədbirlər planı hazırlamaq bir müddət vaxt alacaq”.


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü