Modern.az

\"Türk dilləri ilə koordinasiya sisteminin yaradılması son dərəcə vacibdir”

\

10 Yanvar 2021, 16:34

Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısı yeni Mədəniyyət nazirini qəbul edərkən bir neçə vacib məqama toxunub.

 

Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətinin bizim qürur mənbəyimiz olduğunu söyləyən ölkə başçısı öz mədəniyyətimizi, mədəni irsimizi qorumalı olduğumuzun vacibliyini də diqqətə çatdırıb.

 

Həmçinin Prezident İlham Əliyev Azərbaycan dili haqqında da fikirlərini bölüşüb:

 

“Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur.

 

Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.

 

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin ana dili haqqında söylədiyi fikirləri yüksək qiymətləndirib. O Modern.az-a açıqlamasında bildirib ki, Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi, Vaqif poeziya günlərinin keçirilməsi, ənənələrimizin bərpası, eləcə də, ana dilimizə mədəniyyətimizin bir parçası kimi baxmaq lazımdır:

 

“Azərbaycan dilinin qorunması dövlət müstəqilliyini qazanandan təxminən 30 il ərzində davamlı olaraq müzakirə olunan mövzudur. Ana dilinin qorunması ilə bağlı komissiya da yaranıb. Cənab prezidentin dil məsələsinə toxunması Azərbaycanın ardıcıl apardığı dil siyasətinin yeni təzahürüdür”.

 

Sabir Rüstəmxanlının sözlərinə görə, dililiz mütləq qorunmalıdır:

 

“Azərbaycan dili indiki şəraitdə dünyaya da açıq olmalıdır. Çünki ölkəmiz dünyaya açıq ölkədir. Dünya ölkələri ilə əlaqələrimiz mövcuddur. Həmçinin sosial media vasitəsilə də dilimizə xaricdən kənar sözlər, terminlər daxil olur. Əgər bu sözlər maneəsiz formada dilimizə daxil olarsa, dil öz təmizliyini qoruyub saxlaya bilməz. Ona görə də dilin inkişafı və daimi nəzarətdə olması, terminlərlə aydınlaşdırılması, digər türkdilli dillərlə koordinasiya sisteminin yaradılması son dərəcə vacibdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir