Modern.az

İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA

İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA

28 Yanvar 2021, 16:12

Sosial şəbəkələrdə Qaradağ rayonu ərazisindəki ucqar qəbiristanlıqda dəfn edilən şəhidlərin məzarının su basdığını əks etdirən görüntülər yayılıb. Həmin görüntülərdə şəhid valideynlərinin şikayətləri yer alıb. Hətta videolarda şəhid qəbirlərinin etiraz edən valideynləri tərəfindən dağıdıldığı əks olunub.


İctimaiyyət nümayəndələri və bəzi qeyri-hökumət təşkilatlar tərəfindən həmin şəhid məzarlarına baxış keçirilib.


Bu barədə Modern.az-a danışan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin sözlərinə görə, özü də orada iştirak edib:


“Düzdür, orada şəhid ailələri yox idi. Məncə məzarlıqda olmamaları daha yaxşı idi. Hazırda məzarlıqda təmizlik-abadlıq işləri aparılır”.


F.Rzaquliyev təəssüflə qeyd edib ki, bəzi insanlar şəhid ailələrini təxribat etməkdə suçlayıblar:

“Təxribatçılar şəhid ailələrinə qarşı o sözü deyənlərdir. Şəhid ailəsi hətta səhv etsələr belə, onlar bizim baş tacımız, güvənc yerimizdir. Biz şəhid ailələrinin qarşısında baş əyirik və hər zaman onların yanındayıq”.


Keçmiş döyüşçü deyib ki, şəhidlər arasında ayrı-seçkilik etmək yolverilməzdir:


“Düzdür, şəhid harada olarsa, oranı müqəddəs edər. Təbii ki, həmin şəhidlərin Qaradağ rayonunda – yol kənarında dəfn edilməsi Müdafiə Nazirliyinin səhv addımıdır. İkinci Fəxri xiyabanında boş yer olmasına baxmayaraq, nazirlik şəhidləri Qaradağ rayonuna yönləndirib. Düzdür,  ora da hərbçilər qəbirstanlığıdır. Araşdırdıq, məlum oldu ki, su məzarlığa maili şəkildə sızıb. Bu kimlərinsə, Azərbaycanın qələbəsini həzm edə bilməyənlərin düşünülmüş planı da ola bilər. Onlar cənab Prezidentin əleyhinə fəaliyyət göstərən qüvvələrdir. Bizim hamımız cənab Prezidentin əsgərləriyik və onun yanındayıq”.

Xatırladaq ki, 18 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq, məzarların oradan köçürülməsini istəyirlər.


Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?