Modern.az

Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR

Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR

Aktual

26 Fevral 2021, 20:12

Bu gün onun ruhu çox şaddır. Əgər yaşasaydı, işğaldan azad olunmuş torpaqlarımızı görüb çox şad olardı. Yox, yox, öz əsgərləri, silahdaşları, hərbçi yoldaşları ilə döyüşdə iştirak edər, hamıdan öndə getməyə çalışardı.

 

Söhbət Aprel şəhidi Nəcməddin Savalanovdan gedir. Təəssüf ki, bu günləri-tarixi qələbəmizi görmək ona nəsib olmadı. 2016-cı ilin aprel hadisələrində ağır yaralanan və mayın 8-də Silahlı Qüvvələrin Kliniki Baş Hospitalında vəfat edən Nəcməddin Savalanov Aprel hadisələrinin tarix yazan Şəhidlərindəndir. Savalanov qulluq etdiyi hərbi hissənin qərargah rəisi olmuş, "Minanın allahı" ləqəbilə tanınan Nəcməddin Savalanov "Murov qartalı" kimi məşhur olan digər Aprel şəhidi Raquf Orucovun da ən yaxın dostu idi. Nəcməddin Savalanov şəhidlik zirvəsinə ucalandan sonra sosial şəbəkələrdə xeyli videosu yayılıb. Həmişə əsgərinin yanında olmağı sevən Nəcməddin Savalanov Tərtərdə əsgərlərinin birinin toyunda meyxana deyir. Bədahətən dediyi meyxanada Savalanovun müharibəni, Ali Baş Komandanın verəcəyi müharibə Fərmanını səbrsizliklə gözlədiyi aydın görünür. Nəcməddinin söylədiyi meyxananı dinlədikdə adam mütəəssir olur. Ali Baş Komandanı özünə qardaş hesab edən Nəcməddin onun ən gözəl insan olduğunu deyir. Onu dinlədikcə belə igid oğullarımızın qanının yerdə qalmadığına sevinirik. Çünki, zəfərin ilk carçıları olan Aprel  Şəhidlərinin müharibə arzusunu Vətən müharibəsinin 3000-ə yaxın Şəhidi yerinə yetirdi. Nəcməddinin meyxanada fəxrlə vəsf etdiyi Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun igid döyüşçüləri işğaldan azad olunan torpaqlarımızı bizə qaytardılar.

 

Nəcməddin yaşasaydı, bu gün 36 yaşını qeyd edəcəkdi...

 

Anası Ramilə xanım deyir ki, doğum günü Xocalı faciəsi gününə düşdüyündən Nəcməddin heç vaxt ad gününü qeyd etməyib, ailədə də buna qadağa qoyubmuş. İmişli rayonunun Göbəktala kəndindəki qəbristanlıqda uyuyan kapitan N.Savalanovun indi ruhu şaddır. Azad etmək istədiyi torpaqlar yenidən bizdədir axı...

 

Bir daha ruhun şad olsun, Nəcməddin !!!

 

Aytəkin ALXASLI

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər