Modern.az

Baş infeksionist əhaliyə müraciət etdi

Baş infeksionist əhaliyə müraciət etdi

Aktual

1 Mart 2021, 11:29

“İmmunitet genetik quruluşlu olub ümumi bədən quruluşu kimi bir çox fərqli səbəbdən hər kəsdə dəyişir. Beləliklə, hər kəsin bir immunitet sistemi xəritəsi var. Həddindən artıq yorğunluq, stress və ya qeyri-düzgün qidalanma, şəkərli diabet, xərçəng və ürək xəstəlikləri kimi bir çox amillər immun sistemini zəiflədir. İmmun sistemin zəiflədiyinin ən aşkar göstəricisi insanın tez-tez infeksion xəstəliklərə yoluxmasıdır. Məsələn, qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına 3-4 dəfə yoluxmaq zəif immunitet sisteminin ən bariz göstəricisidir. Ümumiyyətlə infeksiyalara həssaslıq zəif immuniteti göstərir”.

 

Modern.az-ın məlumatına görə, bunu , Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov 1 mart Ümumdünya İmmunitet Günü ilə bağlı müsahibəsində bildirib.

 

T.Eyvazov qeyd edib ki, xüsusilə, hazırda yaşadığımız pandemiya dövründə immun sistemi zəif olan insanların xəstəlikdən daha çox təsirləndiyi görünür:

 

“Yaşlanma ilə əlaqədar bədənimizdəki biyokimyəvi funksiya pozğunluqları hüceyrələrdən orqanlara qədər bir çox proseslərdə dəyişikliklərə səbəb olur. Bu mürəkkəb dəyişikliklərlə immun sistemi təbii olaraq qocalır. Buna görə yaşlı insanlara daha çox diqqət yetirmək lazımdır.

 

Qoruyucu immunoqlobulinlər ana südü ilə bizə keçir. Daha sonra, insanın immun sistemi inkişaf etdikcə anticisim istehsal etməyə başlayır. Ana südünün insanı qoruması və əhəmiyyəti bundan qaynaqlanır. Növbəti illərdə bir çox amil genetik faktorlardan asılı olaraq immun sisteminə təsir edir. Lakin dərimiz qocaldığı kimi immun sistemimiz də qocalır. Buna görə yaşlı insanlar infeksiyaya tutulmağa daha çox meyillidirlər. Hətta mövsümi qrip belə onlar üçün həyati təhlükəyə çevrilə bilər”.

 

Baş infeksionistin sözlərinə görə, COVID-19-a yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır:

 

“Digər infeksion xəstəliklərdə olduğu kimi bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.

 

T.Eyvazov immun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr verib:

 

  1. İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın;
  2. Qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin;
  3. Normal bir gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir;
  4. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir.
  5. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır.

qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı