Modern.az

Benzinimizin keyfiyyəti nə vaxt yaxşılaşacaq? - SOCAR CAVAB VERDİ

Benzinimizin keyfiyyəti nə vaxt yaxşılaşacaq? - SOCAR CAVAB VERDİ

İqtisadiyyat

30 Mart 2021, 12:25

Azərbaycanda yanacağın qiymətinin sonuncu artımından sonra benzinin keyfiyyətinin artırılacağı açıqlanmışdı. Amma hələ də benzinin keyfiyyətindən şikayətlər qalmaqdadır. Hətta fevral ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda Modern.az-ın Aİ-92 markalı benzinin keyfiyyətilə bağlı şikayətlərə dair sualını cavablandırarkən faktı təsdiqləmiş, 36 yanacaqdoldurma məntəqəsində şikayətlərin əsaslı olduğunu bildirmişdi.

 

Bəs SOCAR nə deyir? Aİ-92 markalı benzinin keyfiyyəti nə vaxt Avro-5 standartlarına çatdırlacaq?

Hazırda bazarda satılan Aİ-92 yalnız Azərbaycan istehsalıdır, yoxsa İran və Türkmənistandan da gətirilir?


SOCAR-dan Modern.az-ın sorğusuna verilən cavab aşağıdakı kimidir:

 

“Aİ-92 Azərbaycanda istehsal olunur. Heydər Əliyev adına Neft Emalı Zavodunda dövri təmir işləri bir qədər uzananda, adətən ildə bir dəfə onun müvəqqəti idxalına ehtiyac yaranır. Son illərə nəzər salsaq, idxal olunan məhsul ölkə tələbatının 1 həftədən maksimum 1 aya qədər nisbətində olub. “Premium” və “Super” markalı benzinlər isə hazırda Azərbaycanda istehsal olunmur.

Neft Emalı Zavodunda “Avro-5” tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı