Modern.az

"Şimal–Cənub" və Orta Dəhliz üzrə daşımalardakı çətinliklər müzakirə edildi

"Şimal–Cənub" və Orta Dəhliz üzrə daşımalardakı çətinliklər müzakirə edildi

İqtisadiyyat

Bu gün, 09:20

"Şimal–Cənub" və "Şərq–Qərb" (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalardakı mövcud çətinliklər müzakirə edilib.

Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Yük daşımalarının səmərəliliyi və rəqəmsallaşdırılması" üzrə İşçi qrupunun ilk iclasında aparılıb.

Məlumata əsasən, hibrid formatda keçirilən toplantıda Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndələri təmsil ediblər.

Çıxışlarda Azərbaycanın tranzit potensialının inkişafına yönələn institusional mexanizmlər, o cümlədən Şuranın fəaliyyəti barədə məlumat verilib.

"Həmçinin Azərbaycan ərazisindən keçən "Şimal–Cənub" və "Şərq–Qərb" (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın rolu, tranzit yükdaşımaların davamlı artımı və konteyner daşımalarının genişlənməsi, bu dəhlizlərin inkişaf hədəflərindən danışılıb. Həmçinin tranzit yükdaşımalardakı mövcud çətinliklər təhlil olunub, bu istiqamətdə görülən tədbirlər diqqətə çatdırılıb", - məlumatda vurğulanıb.

Bildirilib ki, infrastrukturun inkişafı ilə yanaşı, institusional koordinasiya, rəqəmsal uyğunluq və regional əməkdaşlıq da paralel şəkildə gücləndirilməlidir. BNF katibliyi Azərbaycanın təcrübəsinin aparılan araşdırmaya əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Sözügedən İşçi qrupu BNF-yə üzv ölkələrin təsdiqlədiyi 2026–2027-ci illər üzrə İş Proqramı çərçivəsində fəaliyyət göstərir. Mövcud beynəlxalq təcrübəni əhatə edən hesabatın, üzv ölkələr üzrə müqayisəli təhlilin və siyasət tövsiyələrinin hazırlanması nəzərdə tutulur. Azərbaycanın BNF-yə sədrliyi dövründə qəbul edilmiş "Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması" üzrə siyasət tövsiyəsi İşçi qrupunun əsas istinad sənədlərindən olacaq. Leypsiq şəhərində keçirilən zirvə toplantısında Orta Dəhlizlə bağlı səsləndirilən təkliflər də tədqiqat prosesində nəzərə alınacaq.

Azərbaycanın bu İşçi qrupunda fəal iştirakı və onun sədrliyi ilə qəbul edilən beynəlxalq sənədlərə istinad olunması ölkəmizin beynəlxalq nəqliyyat siyasətinin formalaşdırılmasına verdiyi töhfəni bir daha nümayiş etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda qarşıdurma başladı - Silahlar işə düşdü