Modern.az

Azərbaycan təhsili “Microsoft Teams” üzərində “oturub”

Azərbaycan təhsili “Microsoft Teams” üzərində “oturub”

Təhsil

17 Aprel 2021, 12:55

Xarici data mərkəzlərdə yerləşən “milli təhsil platformamız” nə dərəcədə dayanıqlı hesab oluna bilər?

 

Artıq bir il tamam oldu ki, ölkə üzrə bütün təhsil sistemi, ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil əsasən “Microsoft Teams” platforması üzərində “oturub”.

 

Ötən il, 2 aprel tarixdən Covid-19 səbəbindən təhsil müəssisələri bütün tədris prosesini distant formada bu platforma üzərindən həyata keçirirlər.

 

Ötən il Microsoft şirkəti Təhsil Nazirliyinin təklifi ilə  bu platformanı Azərbaycan dilinə də  tərcümə edib. Desktop, mobil və veb versiyaları aktivdir.

 

Modern.az xəbər verir ki, bu barədə şərh verən ekspert Osman Gündüz bildirib ki, pandemiya başlanarkən bir çox ölkələrin milli təhsil platformaları hazır olduğundan, onlar üçün tədrisin distant formada öz milli platformaları üzərindən  təşkilində elə də ciddi problem yaşanmadı:

 

"Lakin pandemiya başlananda Azərbaycanın öz milli təhsil platforması olmadığından məcburən tədrisi xarici resurs üzərindən gerçəkləşdirməyə başladı.

 

Ölkəmizdə  elektron məktəb, e-learning  sistemlərinin zamanında qurulmamasını isə bu məqsədlə büdcədən milyonlarla vəsait alan İT şirkətin rəhbərləri çox gözəl bilirlər.

 

Artıq “Microsoft Teams” və onunla yanaşı Microsoftun Office 365 alətləri, Mail, Calendar, OneDrive və s. proqramları da Azərbaycan dilinə tərcümə edilib.

 

Yəni, necə deyərlər, Microsoft Teams milliləşdirilərək “Virtual məktəb” milli platformasına çevrilib".

 

Bunu yetərli hesab etmək olarmı ?

 

Ekspertin sözlərinə görə, çoxfunksiyalı bu tip resursları hazırlamaq və ona proqram-texniki dəstək vermək ağır prosesdir:

 

"Uzun zaman və ciddi resurslar, maliyyə və kadr resursları, böyük data mərkəzlər tələb edir.

 

Eyni zamanda TN Microsoft şirkəti ilə qarşılıqlı anlaşma ilə bu resursun milliləşdirilməsi istiqamətində xeyli adddımlar atıb.
Texniki dəstək komandası formalaşıb. Funksionallığı xeyli genişləndirilib.

 

TN-nin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Microsoft Azərbaycan “ ofisi bu resursun dayanıqlığı, milliləşdirilməsi və dəstəklənməsi üzərində xeyli iş görüblər.

 

Ötən ay Təhsil Nazirliyi və Microsoft  şirkəti təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalayıblar. Nütün bunlar təqdirəlayiqdir. Nildiyim qədər, Azərbaycan hökuməti bu resursdan istifadə üçün Microsoft-a xeyli vəsaitlər də ödəyir".

 

Ekspertin qənaətinə görə, son zamanlar müşahidələr "Virtual məktəb”-də bəzi funksionallıqlarda, xüsusilə də  videoresursların saxlanlması ilə bağlı müəyyən məhdudiyyətlər yarandığını göstərir:

 

"Düşünürəm ki, milli təhsil sisteminin dayanıqlıqlığı və təhlükəsizliyi baxımından, həmçinin qarşıdakı illərdə xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün ayrıca , Azərbaycana məxsus milli təhsil platformasının yaradılması doğrudur.
Eyni zamanda, Türkiyənin də özünə məxsus oxşar təhsil platforması var və aternativ olaraq bu sistemdən də istifadə məsələlərinə baxıla bilər.

 

Yəni,  fikrimcə, ölkənin bütöv təhsil sisteminin bir platforma, xüsusilə də yalnız bir xarici platforma üzərində "oturması" ciddi risklər yaradır.
Bu baxımdan  milli təhsil platformamız yaradılmaqla alternativlərin olması təhsil və informasiya təhlükəsizliyi sahəsində  milli maraqlarımıza uyğun olardı.

 

Fikrimcə TN, NRYTN, Elektron Hökumətin İnkişafı Mərkəzi  bu istiqamətdə indidən işlərə başlamalıdırlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı