Modern.az

Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq

Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq

23 Aprel 2021, 13:23

Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq.

 

Modern.az-ın məlumatına görə, bu, Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

 

 

Qeyd edilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi  məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

 

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaq.

 

Layihə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...