Modern.az

Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT

Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT

Qarabağ

23 Aprel 2021, 13:38

Ramiq Raqif oğlu Əsgərov ehtiyatda olan leytenant kimi 2020-ci il sentyabrın 28-dən təlimlərə qatıldı, sonra Talış-Suqovuşan istiqamətdə döyüşlərdə özünü bacarıqlı zabit kimi gəstərdi, erməni postlarının alınmasında, onların müdafiəsində iştirak etdi. Soyadı səhvən şəhid olanların siyahısına düşdü, lakin sağ qalmağı bacardı, dekabrın 28-də baş leytenant kimi sağ-salamat evinə qayıtdı.

 

“Cəsur, vətənsevər, peşəkar zabitin rəhbərliyi altında xidmət etmişəm”

 

Ramiq Əsgərov 2011-ci ilin iyununda hərbi xidmətə çağrılıb. Beyləqanda xidmətdə olan vaxt  “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət edib. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilərək qəbul imtahanlarına buraxılıb. Ona “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant hərbi rütbəsi verilib.

Bu barədə Ramiq Əsgərov deyir: “Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra leytenant hərbi rütbəsi aldım və razılaşma əsasında ixtisaslarına uyğun vəzifəyə təyin edildim.

Artıq 2011-ci ilin oktyabr ayından leytenant rütbəsində Daşkəsəndəki N saylı hərbi hissədə xidmət edirdim. Həmin vaxt hərbi hissənin komandiri Polad Həşimov idi. Fəxr edirəm ki, onun kimi cəsur, vətənsevər, peşəkar zabitin rəhbərliyi altında xidmət etmişəm. Mərd zabit idi, hərbi hissədə kifayət qədər hörməti vardı. Ədaləti və tələbkarlığı ilə seçilirdi, nizam-intizama önəm verirdi.

2013-cü ilin aprel ayında isə ehtiyyata buraxıldım.

İkinci Qarabağ müharibəsinədək bir çox hərbi təlimlərdə iştirak etmişəm”. 


Zabitin anasına vəsiyyəti: “Mənə bir şey olsa...”

 

“Sentyabrın 27-də Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsindən zəng edib bildirdilər ki, təlimlərə qatılmalıyam. Artıq müharibənin başladığı barədə məlumatlı idim və səhər tezdən atamla birlikdə evdən çıxanda anam da bizimlə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə getmək istədi. Mən anamın da bizimlə idarəyə getməsini istəmirdim, qadınlar gövrək olur, döyüş bölgəsinə yola salınanda ağlamasını istəmirdim. Evə  qayıtmağını xahiş etdim. Qayıtmaq istəmədi, mənimlə getməkdə israrlı idi.

– Evdə üç azyaşlı uşaq var, qayıt evə, onları sakitləşdir! Əgər mənimlə hərbi komissarlığa getmək istəsən, taksi ilə deyil, piyada gedəcəm,-dedim

Anamın dizində ağrılar vardı, piyada uzun yol onun üçün çətin, daha doğrusu mümkün deyildi. Düşündüm ki, bunu deməklə onu evə qaytara biləcəyəm”.

Zabitin anası Rahilə xanım da söhbətə qoşulur:

“Ramiqin 3 azyaşlı uşağı var. Düşünürdüm ki, onlara görə oğluma müəyyən güzəştlər - möhlət verilə bilər Amma Ramiq güzəşt söhbətini heç eşitmək istəmirdi, söhbət düşəndə əsəbləşirdi, hökmən “müharibədə iştiralk edəcəm”- deyirdi.

Mənsə oğlumla Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə getməkdə israrlı idim, əzab-əziyyətə baxmayaraq piyada olsa belə, gedəcəkdim. Amma oğlumun bir sözü məni evə qayıtmağa məcbur etdi.

– Arxada üç azyaşlı uşaq qoyub gedirsən, onların, taleyi necə olacaq, kim baxacaq?-deyə soruşdum.

Əli ilə binanın arxasındakı uşaq evini göstərib dedi:

– Mənə bir şey olsa, uşaqlarımı aparıb uşaq evinə qoyarsınız, dövlətimiz baxar.

Bunu eşitmək mənim üçün çox ağır idi, Elə bil ildırım vurdu məni. Bir anlıq özümü itirdim, sonra toparlanaraq göz yaşları içində dedim:

– Heç olmasa səni özüm döyüş bölgəsinə yola salım!

Razı olmadı, evə qayıtdım. Əllərimi qaldırıb dua etdim, Allahdan sağ-salamat qayıtmasını dilədim. Bir də baxdım ki, 3 uşaq da əllərini qaldırıb mənimlə birlikdə dua edir”.

 

““Tülkü dərəsi”ndəki şəhidləri unuda bilmirəm”

 

Ramiq Əsgərov bir neçə gün Ağcakənddə, Bərdədə olur. Mingəcevirdə təlimlərə qatılır, sonra Tərtər rayonunun Evoğlu kəndinə könüllülərin döyüş hazırlığında iştirak edir.

“Oktyabrin 12-dən döyüşlərdə iştirak etdim. İlk dövrlərdə düşməndən azad olunan postlarda yerləşir, onları əks-hücumlardan qoruyurduq. Döyüşlərdən birini heç unuda bilmirəm, 23 şəhid və yaralı bu gün də gözümün qabağındadır, bəzən yuxuma da girir. “Tülkü dərəsi” adlanan yer var. Orada ermənilərin irili-xırdalı bir neçə postu yerləşirdi. Döyüş tapşırığına əsasən “Tülkü dərəsi” düşməndən təmizlənməli və biz orada möhkəmlənməli, sonrakı əmri gözləməli idik. Ermənilər bizim mövqeyi top və minaatanlarla atəşə tutdu. Və mərmilərdən biri əsgərlərin topa halda olduğu yerə düşdü. Partlayış nəticəsində bədənlərin paramparça olmuş müxtəlif hisəlləri ətrafa səpələnmişdi. Onları  bir yerə yığmalı olduq. Bunun üçün buşlatımı çıxarıb yerə sərdim və bədən hissələrinitorpağın üstündən yığdıq, Bərdə hərbi hospitalına göndərdik”, - Ramiq Əsgərov deyir.

Bərdə hospitalında isə buşlatın sahibinin də həlak olduğunu düşünüb, onun üzərindəki soyadı şəhid olanların siyahısına salırlar, yəni Ramiqin soyadı da şəhid siyahısına düşür.

“Həmin vaxt hospitalda xalam qızı Sevilin həyat yoldaşı Rəşad Guvalov könüllü həkim kimi xidmət edirdi. Səhər şəhid olanların siyahısına baxarkən tanış soyada rast gəlir, ilk an buna o qədər də fikir vermir, siyahı olan lövhənin yanından bir neçə addım uzaqlaşır, sonradan yenidən geri qayıdıb dəqiqləşdirmə aparır.

Siyahıda şəhid olanların arasında Ramiq Əsgərov soyadının olması şübhələrə son qoyur və həyat yoldaşına zəng edir.

–Alo, Sevil necəsən, evdə sağ-salamatlıqdırmı, uşaqlar necədir? Səndən bir məlumat almaq istəyirəm – Ağdərə istiqamətində döyüşlərdə iştirak edən qohumunun adı və soyadı Ramiq Əsgərovdur?

– Hə! Niyə soruşursan?

– Şəhidlərin siyahısında bu soyadda bir nəfər var?

Sevil Guvalova deyir: “Ramiqin adını eşidəndə necə çığırıb özümdən getmişəmsə, xəbərim olmayım. Oyananda ətrafımda işçilərin toplaşdığını gördüm. Rəşad yenidən zəng edib hal-əhvalımı soruşdu və Ramiqin telefon nömrəsini istədi.

– Ramiqin telefon nömrəsini göndər. Zəng edib, hadisənin necə baş verdiyini dəqiqləşdirim.

Ramiqin telefon nömrəsini mesajla göndərdim və səbirsizliklə, ürək döyüntüsü ilə  cavabını gözləməyə başladım. Hər dəqiqə mənim üçün əzab, narahatçılıqla keçdi”.

Rəşad Guvalov hadisə ilə bağlı məlumat almaq məqsədilə həmin telefon nömrəsinə zəng edir:

– Kiminlə danışıram?

– Sizinlə danışan Ramiqdir.

– Ramiq salam! Şükür Allaha, sağ-salamatsan, çox narahat olduq. Sənin adın  divara vurulmuş şəhidlər siyahısına necə düşüb?

– Siyahıda mənim də adım var?.. Bu necə olur?.. Hə, yadıma düşdü, hərbiçilərimizin yanına mərmi düşmüşdü, şəhid olanlar vardı, mənim buşlatıma bədən hissələri yığılmışdı və o halda da hərbi hospitala göndərilmişdi. Görünür buşlata gərə mənim də şəhid olduğum qənaətinə gəliblər.

Bundan sonra Rəşad Guvalov həyat yoldaşına zəng edib Ramiqin sağ olduğu xəbərini verir. Bu hadisədən isə Ramiqin valideynlərinin xəbəri olmur, onlara sonradan, oğulları evə, ailəsinə sağ-salamat qayıtdıqdan sonra məlumat verilir.

Onun iştirak etdiyi döyüşlərdən biri də 530 yüksəkliyi olub.


(davamı var)


Pünhan Əfəndiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır