Modern.az

Bu il ali məktəblərdə dövlət sifarişli yerlər artacaq? - DİM-dən CAVAB

Bu il ali məktəblərdə dövlət sifarişli yerlər artacaq? - DİM-dən CAVAB

28 Aprel 2021, 13:03

Vətəndaşların imtahanlarla bağlı Modern.az İnformasiya Agentliyinin redaksiyasına ünvanlandığı suallar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cavablandırılıb.

Modern.az DİM-lə əməkdaşlıq layihəsinin davamı olaraq, oxucuları maraqlandıran sualları və cavablarını təqdim edir:


- Buraxılış imtahanlarının nəticələri nə zaman açıqlanacaq?

- İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən hər buraxılış (qəbul) imtahanından sonra nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.


- Buraxılış imtahanlarında hərarəti olduğuna görə imtahana buraxılmayan şagirdlər var. Onların aqibəti necə olacaq?

- Ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərarəti normadan yüksək olduğu üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı biz hər dəfə məlumat təqdim edirdik. Lakin buraxılış imtahanları bir neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət edərək, öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunub. Ötən il DİM-ə müraciət edən və sırf bu səbəbdən buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də eyni yanaşma tətbiq olunur. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək davam edə bilməz. İmtahanlarda on minlərlə insan iştirak edir və hər bir imtahandan sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-birilə sıx bağlıdır və burada ləngimək olmaz.


- Blok imtahanlarında əvvəlki illərin məzunları cari ilin məzunları ilə birlikdə iştirak edə bilərlər?


- Qəbul imtahanının ikinci mərhələsi bütün abituriyentlər üçün eyni tarixlərdə keçirilir.


- Bu il ali təhsil müəssisələrində nə qədər dövlət sifarişli yer ayrılıb? Bununla bağlı artım gözlənilir?


- Plan yerlərini Dövlət İmtahan Mərkəzi müəyyən etmir. Bu haqda məlumat yerlər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra 4 nömrəli “Abituriyent” jurnalında dərc olunacaq.


- Hərbi feldşer işi ixtisası üzrə qəbul imtahanı nə zaman və hansı formada təşkil olunur?


- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi feldşer işi ixtisasına qəbul olmaq istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanının  nəticələri əsasında iştirak edəcəklər. Əvvəlki illərin məzunları isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanı formatında qəbul imtahanı verməlidirlər. Qəbul imtahanının tarixi barədə əlavə məlumat veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 30 aprel 2021-ci il tarixədək ərizə ilə fakültə rəisinə müraciət etməli və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir. Qeyd edək ki, qəbul elanı cari ilin fevral ayında həm DİM-in, həm də Müdafiə Nazirliyinin saytında və rəsmi səhifələrində yerləşdirilib.


- Hərbi liseylərə qəbul imtahanları nə zaman və hansı formada təşkil olunur? 


- Test imtahanı Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilir. Hərbi liseylərə qəbul olunmaq istəyən namizədlər  30 aprel 2021-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməli və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir. Qeyd edək ki, qəbul elanı cari ilin fevral ayında həm DİM-in, həm də Müdafiə Nazirliyinin saytında və rəsmi səhifələrində yerləşdirilib. İmtahan tarixi barədə isə məlumat veriləcək.


- Buraxılış imtahanında iştirak edən abituriyent rus dilindən imtahan veribsə, qəbul imtahanında başqa dil seçə bilər?


- Abituriyent ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanında verdiyi xarici dilin nəticəsi ilə deyil, öz istədiyi digər bir xarici dili seçmək və onun nəticəsi ilə iştirak etmək istədiyi təqdirdə onlayn ərizə qəbulu zamanı istədiyi xarici dili seçməlidir. Daha sonra abituriyent ayrıca olaraq həmin dildən imtahan verməlidir.


- İmtahanlarla bağlı apelyyasiya müraciəti haqqında ətraflı məlumat verə bilərsiniz?


- Hər bir imtahanın nəticələri elan olunduqdan sonra Apellyasiya komissiyasına onlayn müraciətlər qəbul olunur və onların nəticələri ilə bağlı ətraflı məlumat verilir. Builki nəticələrdən sonra da müvafiq məlumatlar paylaşılacaq.


- Dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən abituriyentlər sertifikatı nə zaman ala bilərlər?


- İmtahan nəticələri elan olunduqdan dərhal sonra namizədlər haqqında məlumatlar müvafiq bazaya daxil edilir. Bu o deməkdir ki, həmin namizədlər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilirlər. Yəni elektron bazada namizəd haqqında bu barədə məlumat olduğu üçün qeydiyyat zamanı fiziki olaraq sertifikat tələb olunmur.

Namizədlər kağız formada olan sertifikatı adətən imtahan nəticələri elan olunduqdan 3-4 həftə sonra əldə edə bilərlər. Bu onunla əlaqədardır ki, nəticə elan olunduqdan sonra 14 gün müddətində sertifikat əldə etmək istəyənlərin qeydiyyatı aparılır. Daha sonra isə həmin sertifikatlar çap olunması üçün mətbəəyə göndərilir. Çap prosesi də 1 həftəyə yaxın vaxt aparır.

Yeri gəlmişkən, bu yaxınlarda DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş şəxslər üçün yeni elektron xidmətlər istifadəyə verilib. Bu xidmətlərdən biri dövlət qulluğu sertifikatının elektron surətinin çap edilməsinə, digəri isə həmin surətin aid olduğu dövlət qulluğu sertifikatının həqiqiliyinin tələb olunan yerdə onlayn qaydada yoxlanılmasına imkan yaradır. Yeni elektron xidmətlərdən Mərkəzin internet səhifəsində “Dövlət qulluğu” istiqamətinin “Dövlət qulluğuna qəbul” bölməsindəki “Faydalı” alt bölməsinə daxil olaraq istifadə etmək mümkündür.

Dövlət qulluğu üzrə sertifikatın surətinin çap edilməsi və həqiqiliyinin onlayn qaydada yoxlanılması xidməti


Redaksiyadan: Dəyərli oxucular, bir daha xatırladırıq ki, Modern.az saytı vasitəsilə yayımlanacaq silsilə sual-cavablarda birbaşa Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən imtahan və qəbul sistemi ilə əlaqədar son illərdə cəmiyyətdə ən çox səsləndirilən suallara aydınlıq gətiriləcək.

Əməkdaşlıq davam edir və sizi maraqlandıran sualları redaksiyamıza ünvanlaya, hər birimiz üçün faydalı ola biləcək müzakirə prosesinə qoşula bilərsiniz.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir