Modern.az

11 yaşlı Məhəmmədin şəhid atasına demək İSTƏDİKLƏRİ

11 yaşlı Məhəmmədin şəhid atasına demək İSTƏDİKLƏRİ

5 May 2021, 09:44

Məhəmmədin 11 yaşı var. Bibisinə bacı deyir. Şəhid Mehman Yusifovun ilk övladıdır.  Mehman Yusifov Xüsusi Təyinatlı Qüvvələrin baş giziri olub.  Oktaybrın 5-də Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olub.  Şəhidimizin bacısı Zəkiyə Yusifova ilə söhbətimizdə mənə autizm xəstəsi olan qardaşı oğlunun ona danışdıqlarını söylədi. Xahiş etdim ki, uşağın  danışdıqlarını yazıb mənə göndərsin.  Kiçik ixtisarla 11 yaşlı autizm xəstəsi olan Məhəmmədin keçirdiyi hissləri, iztirabları oxucularımızla bölüşürəm.


Aida Eyvazlı Göytürk.


“Mart ayının 9-u Məhəmməd səhər tezdən oyandı. Anası Günel neylədisə, onu yatıra bilmədi. Gün- günorta olanda qapı döyüldü. Məhəmməd cəld qapıya qaçdı. Bu dəfə qapının arxasında kimin olduğunu soruşmadan, dərhal açdı. Gələn bibisi Zəkiyə və Arzu idi. Tovuzdan - Bayramlı kəndindən gəlmişdilər. İçəri keçdikdən sonra bibisi onunla  hal-əhval tutdu.


-Ay Məhəmməd necəsən? Dərslərini oxuya bilirsənmi?


Məhəmməd sözləri çəkə-çəkə dedi:


-Hə, Zəkiyə bacı (o bibisinə bacı deyir) mən yaxşı oxuyuram. Mən artıq böyümüşəm. Heç kimi incitmirəm. Bu gün Ulduz müəllimə mənə  “5” yazdı.


-Afərin sənə, ürəyim. Mən bilirəm ki, sən igid oğlansan. Sözə baxansan.


-Daha yeməkləri də seçmirəm, nə bişirsələr yeyirəm. Rəvanə bacı deyir ki, yeməsəm böyüməyəcəyəm, instituta daxil ola bilməyəcəyəm.


Zəkiyyə bibi:


-Əlbəttə, ürəyim, sən hər kəsdən birinci olmalısan, sənin üçün çox darıxmışdım, ürəyim.


-Zəkiyə bacı, axşam mənimlə yatarsan? Mən indi sənin “Ata” haqqında yazdığın şeri də əzbərləmişəm. O şeri də sənə danışacam.


-Əlbəttə, başqa kiminlə yatacam ki?..


Həmin gecə Məhəmməd başını bibisinin sinəsinə qoyub danışmağa başladı. Məhəmməd danışdıqca, bibisi həyəcanlanır, heyrətə gəlirdi. Axı bu uşaq autizm xəstəsidir, ətrafdakılar onun belə düşüncülərə malik  olmasından xəbərsizdir. Heç atasının sağlığında belə, bu qədər dərrakəli olduğunu büruzə verməmişdi. Ona görə də Mehman Yusifov  hər dəfə oğluna baxanda gözləri dolar, ağlayardı. 10 il idi ki, ömrünü bu uşağa xərcləmişdi. Aparmadığı təbib, həkim, klinika qalmamışdı. Müalicəsi çox çətin gedirdi. Bəs indi bu uşağa nə olmuşdu?!
Məhəmməd danışdıqca, Zəkiyənin ürəyinə yenə də ox sancılırdı. Yarasının közü qopurdu. Lakin uşağı hürkütməmək üçün özünü ağlamaqdan saxlamışdı.


-Zəkiyyə bacı, sənin hələ yuxun gəlmir ki? Mən səninlə çox danışmaq istəyirəm...


-Danış, qurbanın olum. Səni dinləyirəm.


-Mən atamdan ötrü çox darıxıram. Ancaq o mənim yuxuma gəlmir. Tez-tez yuxumda atamı görmək istəyirəm. Ay Allah, kaş atam yuxuma gələydi. Mən çox darıxıram. Atam şəhid olub. Sən anama zəng edəndə anam qışqırdı, ağladı. Sən də dedin ki, uşaqları qorxutma, anam niyə ağladı?


- Canım mənim, gecə adam ağlamaz, ona görə dedim.


-Zəkiyyə bacı, istəyirəm atam gəlsin, birlikdə yemək yeyək, məni gəzməyə aparsın. Müharibə olmasaydı, atam şəhid olmazdı. Əvvəlcə koronavirus, sonra da müharibə. Mən çox pis oluram. Atam üçün darıxıram.  Atam şəhid olanda, onu kəndə apardınız, məni niyə aparmadınız? Atamın şəklini qəbristanlığa mən aparardım. Mən tez böyümək istəyirəm. Atam kimi olmaq istəyirəm. Atam kimi olanda onun kostyum-şalvarını geyinəcəm. Mən oxuyub maşın alacam. Atamın şəklini o maşına vuracam.



11 yaşlı Məhəmməd dayanmadan üyüdüb tökürdü sözləri. Atası Mehman  Yusifov şəhid olduğu gündən, bu uşaq ürəyinə yığdıqlarını yalnız bu gecə  özünə ən yaxın bildiyi bibisi Zəkiyəyə danışırdı:


-Zəkiyə bacı, kəndə gedəndə məni atamın qəbrinə aparacaqsan? Mən bilirəm, qəbir “ziyarət”deməkdir. Yadındadır? Bir dəfə atam maşınla bizi qəbir ziyarətinə aparmışdı. Biz onların qəbrinə gül qoyduq, öpdük. Atam şəhid olub. Musa baba, Yunis baba rəhmətə gedib. Bu dəfə kəndə gedəndə mən  atamı ziyarət etmək isəyirəm. Gülxanım nənəmin oğlu da şəhid olub. Anamgil danışırdılar. Bahəddin əmi Gülxanım nənəmin  oğludu? Mən kənddəki  şəhidlərin hamısını ziyarət etmək istəyirəm. Bir-bir onların hamısının adını, atalarının adını oxuyub öyrənəcəm. Mən Sumqayıtdakı Şəhidlər Xiyabanına getmişdim. Ramiyyə xalanın oğlu Ruslanıın da qəbrini gördüm orda. Orda çoxlu qəbrilər vardı. Hamısı şəhidlər. Müharibədə şəhid olublar?


-Hə, ürəyim, bütün şəhidlərimizin rühları şad olsun.


-Mən atamı ziyarətə gedəndə ürəyimdə ona deyəcəyim çoxlu sözlərim var. Kəndə getmək istəyirəm.


-Ataya nə deyəcəksən ürəyim, mən də eşitsəm olarmı?


-Deyəcəm ki: “Ay ata yuxuma gəl, səni görmək istəyirəm. Mənnən söhbət elə. Fatimə deyir ki, atam ulduz olub. Ata, sən ulduz olmusan?”.


Mən hər gecə ulduzlara baxmaq istəyirəm. Zəkiyə bacı, mən atamı görmək istəyirəm. Ay Allah, kaş atam qazi olaydı. Atam qazi olaydı... Atam qazi olsaydı, müharibə qurtarandan sonra, evimizə gələrdi. Kaş atam, şəhid olmayaydı. Mən yay tətilində, namazın sözlərini öyrənmək istəyirəm. Zəkiyə bacı, gəl atama çoxlu dualar edək, mən atamı yuxumda görüm...”.


Atası şəhid olan balaca Məhəmmədin bu sözlərinin arxasınca yazmağa sözüm, izahım, bəzəyim yoxdur... Məhəmmədin sözlərinin qarşısında bütün sözlər gücünü itirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir