Modern.az

YAP-dan İlham Rəhimova sərt cavab: “Bu müxalifətlə ilk görüşümüz deyil...”

YAP-dan İlham Rəhimova sərt cavab: “Bu müxalifətlə ilk görüşümüz deyil...”

Aktual

21 Sentyabr 2012, 18:28

Mübariz Qurbanlı: “Nə etmişiksə, doğru etmişik”

Azərbaycanlı tanınmış iş adamı, əməkdar hüquqşünas İlham Rəhimov ötən həftə baş tutan iqtidar-müxalidfət görüşü ilə bağlı tənqidi fikilər səsləndirib. İş adamı “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində Ramil Səfərovla bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz olaraq baş tutan YAP-müxalifət dialoqunun qeyri-ciddi olduğunu bildirib.

“Ramil Səfərov dialoq predmeti deyil ki, YAP müxalifətlə oturub bunu müzakirə edir. Bunu dialoq adlandırmağı da heç cür başa düşə bilmirəm. Bunun mənası nə idi, anlamadım. İndi o qətnaməni göndərdikləri beynəlxalq təşkilatlar həmin sənədə və bunu imzayanlara qeyri-ciddi baxacaq”, - deyə İ.Rəhimov bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı İlham Rəhimovun səsləndirdiyi fikirlərə münasibət bildirib. YAP rəsmisi iş adamının fikiləri ilə razı olmadığını bildirərək siyasi partiyaların qəbul etdiyi müraciətin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Bizim o toplantı bəzi mətbuat orqanlarında başqa cür işıqlandırılıb. Biz müxalifətlə görüşdə Ramil Səfərovla bağlı Avropa Parlamentində qəbul olunan qətnaməyə etiraz olaraq münasibət bildirmişik. Biz orada yalnız bir sənədin imzalanması üçün toplanmışdıq. İlham Rəhimov bildirib ki, iqtidar-müxalifət dialoqunda Ramil Səfərovla bağlı deyil, Azərbaycan üçün əhəmiyyətli olan əsas məsələlər müzakirə edilməlidir. Yəqin ki, İlham Rəhimovun xəbəri var. Biz 2009-cü ildə müxalifətlə Qarabağ məsələsini də müzakirə etmişik. Bu bizim ilk görüşümüz deyil ki, bundan öncə də biz dəfələrlə biraraya gəlmişik. Təbii ki, İlham Rəhimov bunu belə qəbul edə bilər. Amma mən düşünürəm ki, biz doğru addım atmışıq. Biz bununla bir daha sübut etdik ki, Azərbaycanda bütün siyasi partiyalar ümummilli maraqlarla bağlı biraraya gələ bilməyi bacarır.
İlham Rəhimovun nəzərinə çatdırmaq istəyirəm ki, qlobal xarakterli məsələləri də müzakirə etməyə daim hazırıq. Qəbul edirəm ki, bu mövzu ilə bağlı istənilən diskussiyalarla razılaşmaq olar”- deyə M.Qurbanlı qeyd edib.

YAP rəsmisi həmçinin bildirib ki, hakim partiya kimin necə reaksiya verməsindən aslı olmayaraq,  Azərbaycanla bağlı məsələlərə heç vaxt biganə qalmayacaq:

“İlham Rəhimov həmin müsahibəsində bildirib ki, həmin müraciəti göndərdiyimiz beynəlxalq təşkilat qeyri-ciddi qarşılayacaq. Mən onun bu fikri ilə də razılaşmıram. Düşünsək ki, bizim göndərdiyimiz bəyanatlar, müraciətlər qeyri-ciddi qəbul ediləcək, o zaman heç nə etməyək? Sakit oturaq? Azərbaycan əleyhinə olan istənilən qətnaməyə dərhal ictimai təpki göstərməliyik. Bu kimi fikirlərə diqqət yetirsən,  gərək biz heç nə etməyək. Biz bu cür reaksiyalara heç vaxt biganə qalmayacağıq”.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi