Modern.az

İntibahımızın banisi

İntibahımızın banisi

Aktual

10 May 2021, 12:07

1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılmasının 50 illiyi münasibətilə yubiley tədbirində Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əliyev Ana dilində nitq söyləmişdir.

Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırmış, onları ruhlandırmışdır.

Heydər Əliyev həmin tədbirdə demişdir: "Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi".

Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Bu, onu göstərir ki, Heydər Əliyev ötən əsrin 60-cı illərindən başlayaraq Azərbaycanda İntibahın təşəkkül tapmasında əvəzsis rol oynamışdır.

1979-cu ildə orta ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artaraq 765-dən 2117-yə yüksəlmiş, texniki-peşə məktəblərinin sayı 1,7 dəfə çoxalmış, Ali məktəblərin sayı 12-dən 17-yə çatmışdır.

Birbaşa Heydər Əliyevin qayğısı və himayəsi sayəsində SSRİ-nin yüksək orden və medalları ilə təltif edilmiş maarif işçilərinin sayı 8718 nəfərə çatmış, 3 müəllim Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 817 nəfər “əməkdar müəllim” adını almış, 5 ali məktəb ittifaq mükafatı ilə təltif edilmişdir.

 

 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qarşısındakı əvəzsiz xidmətlərdən biri də 1970-80-ci illərdə şəxsi təşəbbüsü və qayğısı ilə respublikadan kənarda, SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ali məktəbində 80-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına şərait yaratmışdır.

Ötən əsrin 60-cı illərində təhsil, səhiyyə və mədəniyyət ocaqları Azərbaycan kəndlərində yox dərəcəsində idi. Ucqar kəndlərdə məktəblər çatışmırdı. Heydər Əliyev Dağlıq Qarabağda təhsilə və müəllim kadrlara çox böyük önəm verirdi.

Belə ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şirlan, Səfixanlar, Xanlar kəndlərində 375, Malıbəyli kəndində 625 yerlik orta məktəb, Turşsu kəndində səkkizillik məktəb məhz 70-ci illərdə istifadəyə verilmişdir. Xocavənd rayonunun Əmirallar, Qarabağlı, Tuğ, Edilli, kəndlərinin hər birində 625 yerlik məktəblərin tikilməsi Heydər Əliyevin Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin savadlanmasına göstərdiyi qayğının ən bariz nümunəsidir. 

Heydər Əliyevin Dağlıq Qarabağdakı ən böyük xidmətlərindən biri isə, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması oldu. Həmin dövrə qədər vilayətdə idarə, müəssisə və təşkilatlarda, məktəblərdə, səhiyyə və mədəniyyət müəssisələrində ad göstəriciləri erməni və rus dillərində, habelə bütün yazışmalar bu dillərdə aparılırdı. Ulu öndərin qəti tapşırığı ilə vilayətin erməni və rusdilli məktəblərində Azərbaycan dili tədris olunmağa başladı. Vilayətin partiya, sovet hüquq-mühafizə orqanlarının digər təşkilatların inzibati binalarının lövhələrinin Azərbaycan dilində yazılmağa başlanması da 70-ci illərə təsadüf edir.

 

Doğma Qarabağımız 30 ilə yaxın erməni işalında qaldı. Erməni vandalları Qarabağımızı fiziki cəhətdən məhv etməyə çalışsalar da, onun Ruhuna yaxın düşə bilmədilər. Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyev Ulu öndərin arzularını gerçəkləşdirdi. “Qarabağ-Azərbaycandır!”

 

Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrıldı.

 

Bəli, İntibaha gedən yol təhsildən, maarifdən və insan kapitalından keçir...

 

Etibar Əliyev,

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!