Modern.az

Mirzə Fətəliyə nədə bəraət qazandırmaq olar? - Mövqe

Mirzə Fətəliyə nədə bəraət qazandırmaq olar? - Mövqe

Aktual

25 Sentyabr 2012, 15:21

Fazil Mustafa
Milli Məclisin deputatı

Mirzə Fətəli Axundovun 200 illiyi qeyd olunur. Tariximizdə özəl bir yeri var Axundovun. Dilimizin, siyasİ və fəlsəfi düşüncəmizin formalaşmasında əhəmiyyətli rolu olmuş və milli xarakterimizin açılışı üçün sanballı əsərlər miras qoymuş. Cəhalətə qarşı acımasız mübarizə aparmış.

Bununla belə, İslam dininin təməl əsaslarına saldırmağa başlamış və burada bir sıra intellektual cığallıqlara yol vermiş. İslam dini bir praktik yaşam dini olduğundan, bu yaşamda qarşılaşılan və bəzi ayələrlə təsdiqini tapmış hadisələri (Hz. Peyğəmbərin oğulluğunun boşadığı xanımı Zeynəblə evlənməsi və s.) insan şübhəçiliyi ilə İslam dininin mürtəce mahiyyəti kimi qiymətləndirməyə çalışmış və fikrimizcə, ciddi uğursuzluğa düçar olmuşdur. Amma bir məsələ hamımızı düşündürməlidir: Axundov da, Mirzə Cəlil də, Sabir də, Haqverdiyev də, Üzeyir Bəy də nədən İslam dini mövzusunda bu qədər kəskin mövqe tutmuşlar? Onlar bizim anladığımız mənada ateist olsaydılar, bütün dinlərə qarşı eyni saldırqan üslubdan istifadə edərdilər. Halbuki hamısı alternativ müqayisədə xristianların daha çox tərəqqi etdiklərini vurğulamışlar.

Mən son vaxtlar bu mövzuda bizim fikirlərə qarşı verilən şərhlərlə tanış olduqda bəzi məsələlərə aydınlıq gətirə bildim. Bu insanlar millətlərini, vətənlərini məndən, səndən və bir çoxumuzdan daha çox sevmiş və həyatlarını öz cəmiyyətlərinin tərəqqisinə həsr etmişlər. Bununla belə, özünüzü onların yerinə qoyub bir anlığa düşünün görək, Azərbaycanda bu şəkildə, bu məzmunda təqdim olunan İslamı Axundov, Mirzə Cəlil, Sabir, Əbdürrəhim bəy, Üzeyir bəy necə cəhalət kabusu kimi görməyə bilərdilər? İndi hələ XXI əsrdir, Qurani-Kərimin xeyli tərcümə variantları var, ağlı başında olan insanlar oxuyub, İslam haqqında sağlam və dəqiq düşüncə sahibi olurlar. Təsəvvür edin ki, XIX əsrdə və XX əsrin əvvəllərində ərəb dilini bilməyən çoxluq üçün uydurulan İslam nə demək idi.

Kimisə hədəfə çevirmədən şərhlərə keçmək istəyirəm: İslam platformasında, Əhli-Beyt yolunda duran birisinin münasibətinə baxın: «Mirzə Cəlilə rəhmət düşmür», «İsgəndər Pala haranın tulasıdır», «Ərdoğan müasir Müaviyədir və ya Yeziddir», «Bizim fikirləri bölüşməyənlər məlun və münafiqlərdir». Bax, budur Axundovun, Mirzə Cəlilin dirəniş göstərdiyi gerilikçi din! Siz ey İslam adından istifadə edən dinbazlar, məgər Mirzə Cəlilə və ya başqasına rəhməti sizmi paylayırsınız? İmam Hüseyn sevgisindən danışanlar, İmam Hüseyn hansısa insana tula deyib müraciət edərdimi?

Bu kimsələr şəkilcə İmam Hüseyni yamsılayırlar, leksikonca Yezidi. Bəzən bizləri də məzhəb davası salmaqda ittiham edirlər. Anlamırlar ki, İslamda özünü hansısa məzhəbə, təriqətə aid etməkdən böyük anormallıq yoxdur. Mənim üçün din səmimiyyətdir, ədalət duyğusudur, imanla tənzimlənən ağıllı davranışdır. Kimisə sünni və ya şiə olması nəyi dəyişir ki? Fırıldaqçısansa, nadürüstsənsə, hansı formada namaz qılmanın bir əhəmiyyəti varmı? Onsuz da Quranda xeyli ayələr var ki, orada namaz qılmayanlar deyil, namaz qılanlar hədələnir. «Vay o namaz qılanların halına ki... filan-filan yanlış işlər görürlər» deyilən ayələrlə tanış olun. İslamda namaz təkəbbürü azaltdığı halda bizdə bəzi namaz qılanın təkəbbürünü artırır və başqalarına sanki, bir üst mərtəbədən məlun, münafiq, Əhli-Beyt düşməni adını tolazlamağa başlayır. Halbuki araşdırsanız, əksəriyyəti bir gün İmam Hüseynə ağlayıb, qalan günləri Yezidə işləyənlərdir.

Yeri gəlmişkən, bir epizodu xatırladım. Dəyərli bir dostum var. Azərbaycanda onun qədər səmimiliyinə və dürüstlüyünə inandığım kimsə yox bəlkə də. Ali təhsili yox, amma Quranın bütün ayələrinin mənasını anlaşılan bir şəkildə çatdıra bilir. Namazını Azərbaycan türkcəsində qılır. Əvvəllər irad bildirərdim ki, bu cür doğru deyil. Onun yanaşması bu ki, ilk öncə İnsan Allahdan nə istədiyini öz anladığı dildə bəyan etməlidir. Ancaq sonralar bu iradımda ona görə israr etmədim ki, insan öz həyatı ilə İslamı yaşayır və qəlbi ancaq insana sevgi və xeyirxahlıqla doludur. Ona görə də səmimi dindarların təqdim etdiyi İslamla, saxtakar dinbazların təqdim etdiyi İslam fərqlidir. Ona görə də bu mövzularda müzakirələri başqa istiqamətə çəkməyə çalışanlar anlamalıdırlar ki, tarixdə babaları DNK testi ilə müəyyən etmirlər, bu gün yaşatdığımız əxlaq testi ilə müəyyənləşdirirlər...

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?