Qondarma “Dağlıq Qarabağ ordusu”nda hərbi hissələrindən birinin keçmiş komandir müavini olmuş polkovnik Edik Maloyan iki ay müddətinə həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Eduk Maloyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 426-cı maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatlara qanunsuz şəkildə çıxış əldə etmiş şəxs tərəfindən həmin məlumatların açıqlanması), həmçinin 46-427-ci maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatların açıqlanmasına təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb.
Cinayət işi üzrə digər təqsirləndirilən şəxs Roman Cavadyana qarşı isə Cinayət Məcəlləsinin 427-ci maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatların yayılması) ilə cinayət təqibi başlanıb.
Erməni KİV-lərinin məlumatına görə, Edik Maloyan eyni zamanda müxcalif “Güclü Ermənistan” Partiyasının tərəfdarıdır.
Edik Maloyan uzun illər Qarabağda Xocavənd rayonu istiqamətində Azərbaycana qarşı döyüşən hərbi hissədə xidmət edib. 2020-ci ildən sonra qondarma "Dağlıq Qarabağ" rejimində "milli təhlükəsizlik xidməti"ndə xüsusi təyinatlı "idarə" yaradıldıqda, həmin qurumun rəis müavini təyin olunub.
O, 2016-cı ilin aprel döyüşlərində, 44 günlük müharibədə və 2023-cü ildəki antiterror əməliyyatlarında Azərbaycana qarşı döyüşüb.